"Moskva görüşü nəticəsində oktyabrın 10-u, saat 12:00-dan etibarən humanitar atəşkəsə riayət etməklə bağlı razılığın əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılığı kobud şəkildə pozmağa davam edir", Azərbaycan Xarici İşlər Nazirliyi bazar günü bəyanat yayıb.
Bəyanatda bildirilir ki, "humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan dərhal sonra Azərbaycanın Ağdam və Tərtər rayonları Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub".
"Bir neçə saat sonra isə Ermənistan silahlı qüvvələri cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücum cəhdi göstərib", məlumatda vurğulanır.
Azərbaycan XİN-in bəyanatında "Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılığından sonra Gəncəni atəşə tutması" da əksini tapıb:
"Oktyabrın 11-i gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalıb. Bu hücum nəticəsində 7 mülki şəxs həlak olub, aralarında azyaşlı uşaqlar olmaqla, 34 nəfər yaralanıb".
Azərbaycan Xarici İşlər Nazirliyi həmçinin "Suqovuşan ərazisində erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində bir tibbi xidmət qulluqçusunun ağır yaralandığını" da bildirib.
"Dinc insanların və şəhərlərin atəşə tutulmasının barbarlığın növbəti bariz nümunəsi olduğunu" bəyan edən Azərbaycan XİN "Ermənistan rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığını göstərdiyini" vurğulayıb.
Qurum "Ermənistanın bu təcavüzkar əməllərini qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyəti işğalçı Ermənistanı beynəlxalq hüquqa və beynəlxalq öhdəliklərinə riayət etməyə məcbur etmək üçün qətiyyətli addımlar atmağa çağırıb".
"Bölgədə yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərindədir", bəyanatda deyilir.