You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.

Take me to the main website

Qarabağ müharibəsi: Humanitar atəşkəs və Gəncəyə hücumlar – baş verənlərin xronogiyası

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər. Azərbaycan Müdafiə Nazirliyi bu gün səhər sübhdən Ermənistan tərəfinin atəşkəsə əməl etməməsilə ilə bağlı məlumat yayıb.

Canlı reportaj

  1. Sergey Lavrov: "Atəşkəs rejiminə baxmayaraq, hərbi əməliyyatlar davam edir"

    Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, cümə günü Moskvada Dağlıq Qarabağda atəşkəs haqqında əldə edilmiş razılaşmaya tam əməl olunmur.

    "Biz görürük ki, hələlik bu razılaşmaya tam şəkildə əməl olunmur və hərbi əməliyyatlar davam edir. Biz ümid edirik ki, həm sizinlə, həm azərbaycanlı həmkarlarımızla, o cümlədən müdafiə nazirlikləri xətti ilə keçirdiyimiz təmaslar üçtərəfli formatda razılaşdırılmış anlaşmaların tam yerinə yetirilməsini təmin etməyə imkan verəcək," - Lavrov bildirib.

    Rusiyalı nazir bu sözlərlə Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanla görüşə başlayıb.

    Həftə sonu və bazar ertəsi səhər hər iki tərəf hərbi əməliyyatların davam etdiyini bildirib, baxmayaraq ki, atəşkəs rejimi oktyabrın 10-nu günortadan qüvvəyə minib.

    Ermənistan və Azərbaycan müdafiə nazirlikləri bir-birini atəşkəs rejimini pozmaqda ittiham ediblər.

    Oktyabrın 11-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin raket zərbəsi nəticəsində sentyabrın 27-nə qədər mövcud təmas xəttindən təxminən 60 kilometr uzaqlıqda yerləşən Gəncə şəhərində çoxmənzilli bina dağılıb, nəticədə 9 dinc sakin həlak olub, onlarla şəxs yaralanıb.

  2. Gəncə icra hakimiyyəti başçısı: “Evi dağılan sakinlərə mənzil veriləcək”

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov BBC News Azərbaycancanın müxbirinə deyib ki, raket zərbəsi nəticəsində dağılan binanın sakinləri hələlik kirayə evlərə yerləşdirilib.

    "Onların adları siyahıya alınıb. Daha sonra onlara ev tikilib veriləcək," - cənab Bayramov söyləyib

    Ermənistan silahlı qüvvələrinin bazar günü atdığı raket nəticəsində dağılan çoxmənzilli yaşayış binasında 205 nəfər yaşayıb. Raket zərbəsi nəticəsində 9 nəfər həlak olub, onlarla yaralı var.

  3. Azərbaycandakı diplomatlar Gəncədədirlər

    Oktyabrın 12-də Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri Gəncədədirlər.

    BBC News Azərbaycancanın Gəncədə olan müxbiri xəbər verir ki, diplomatları Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov müşayiət ediblər.

    Ermənistan silahlı qüvvələrinin bazar günü atdığı raket nəticəsində dağılan çoxmənzilli yaşayış binasında 205 nəfər yaşayıb. Raket zərbəsi nəticəsində 9 nəfər həlak olub, onlarla yaralı var.

    Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi binaya "Skad" raketinin atıldığını bildirib.

  4. Tərəflər bir-birinin "PUA-larını vurduğunu" deyir

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, oktyabrın 12-ə keçən gecə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin 2 PUA-sı, bazar ertəsi saat 10:00 radələrində isə Ağdam rayonu istiqamətində 1 PUA-sı hava hücumundan müdafiə bölmələri tərəfindən vurulub.

    Tanınmamış "DQR-in Müdafiə Ordusu" Facebook səhifəsində Azərbaycana aid PUA-nın vurulduğunu deyib:

    “Qarabağ Müdafiə Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri oktyabrın 12-də cəbhənin şərq istiqamətində Azərbaycanın AN-2 pilotsuz uçan aparatını vurub”.

    Azərbaycan Müdafiə Nazirliyi BBC News Azərbaycancaya öz PUA-sının vurulmasını təkzib edib, bu barədə əlavə məlumat verəcəklərini bildirib.

  5. Kreml atəşkəsə əməl edilməməsi barədə

    Cümə günü Moskvada Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında on saatlıq danışıqların yekununda əldə edilmiş atəşkəs razılaşmasının pozulması ilə bağlı xəbərləri Kremldə görürlər, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

  6. Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan Moskvaya gedib

    Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanın Moskvaya səfəri başlanıb, öz Facebook və Twitter səhifəsində XİN mətbuat katibi Anna Nağdalyan yazıb.

    Səfər planına görə, Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən başqa, Mnatsakanyan ATƏT-in Minsk Qrupu həmsədrləri ilə də görüşəcək.

    Daha əvvəl Moskvada Ermənistan, Azərbaycan və Rusiya XİN rəhbərlərinin danışıqları nəticəsində razılaşmaya əsasən, 10 oktyabr saat 12:00-dan Qarabağ münaqişə bölgəsində atəşkəs rejimi elan edilib.

    Lakin tərəflər bir-birini atəşkəs rejiminə əməl etməməkdə ittiham edir.

  7. Azərbaycan Baş Prokurorluğu: "İndiyədək 41 mülki şəxs ölüb, 207 nəfər yaralanıb"

    Azərbaycan Baş Prokurorluğu bildirib ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində indiyədək 41 mülki şəxs ölüb, 207 nəfər isə yaralanıb.

    Məlumatda deyilir ki, bundan başqa, 1185 yaşayış evi, 57 çoxmənzilli yaşayış binası, 148 mülki obyekt yararsız vəziyyətə düşüb.

  8. Tərtər sakinləri:"Atəşə tutsalar da əvvəlki şiddətdə deyil, bir neçəsini atıb dayanırlar"

    Tərtərin sentyabrın 27-dən bəri intensiv atəş altında olan kəndlərinin sakinləri deyiblər ki, bu gecə əvvəlki günlərə “nisbətən sakitlik” olub.

    “Səhər tezdən kəndə dörd-beş mərmi atılıb, amma xoşbəxtlikdən boş ərazilərə düşüb, kənddə dağıntı törətməyib," - Tərtərin Hüsənli kənd sakini BBC News Azərbaycancaya bildirib.

    Başqa bir Tərtər sakini deyib ki, artilleriya atəşi nisbətən səngiyib, əvvəlki günlərdəki kimi “ardıcıl, şiddətli mərmi yağışı" yoxdur.

    “Bu səhər bir neçə mərmi atıb dayandılar. Bizim tərəfdən cavablarını verdilər, deyəsən, ondan sonra susdular," - Tərtər sakini deyib.

  9. Ağdam sakini: "Sonuncu dəfə yarım saat əvvəl atıblar"

    Ağdamın Xındırıstan kəndinin sakini Sərdar İmanov deyir ki, həm onların kəndi, həm də Ağdamın digər kəndləri mütəmadi atəşə tutulur.

    "Səhər hava işıqlananda, təxminən saat 5-də atmağa başlayırlar. Sonra bir az ara verib 9-10 da yenə atmağa başlayırlar. Əvvəlki kimi şiddətli yox, tək-tək atırlar. Sonuncu dəfə yarım saat əvvəl atıblar. Mülki evlərə ziyan dəyir. Ailəlikcə hamımız evdəyik, heç hara gedəsi deyilik. Niyə yerimizi-yurdumuzu qoyub vətənimizdən qaçaq ki?!"

    Azərbaycan-Ermənistan oktyabrın 10-u saat 12.00-dan atəşi dayandırmaq barədə razılığa gəliblər, amma bundan sonra da atışma davam edib və nəticədə azı 10 dinc sakin həlak olub, onlarla yaralı var.

  10. Gəncədə bazar günü raket zərbəsindən ölənlər yad edilir

    Gəncə sakinləri bazar günü Ermənistan silahlı qüvvələrinin atdığı raket atəşləri nəticəsində həlak olmuş insanların anım mərasimini keçirirlər.

    Onlar dağılmış yaşayış binasının qalıqları yanına toplaşıblar, - BBC News Azərbaycancanın Gəncədə olan müxbiri xəbər verir.

    “Bazar günü raket atəşi nəticəsində həlak olanlar artıq dəfn edilib, sakinlər onların xatirəsini anmaq üçün bura gəlirlər, gül qoyurlar, nitq söyləyirlər,” - müxbirimiz bildirib.

  11. Azərbaycan MN: “Humanitar atəşkəs rejiminə ciddi riayət edilir”

    Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan ordusunun Hadruta daxil olmaq məqsədilə bu istiqamətdə xeyli sayda qüvvə cəmləşdirməsi və gərgin döyüşlərin getməsi barədə erməni tərəfinin yaydığı məlumatı “dezinformasiya” adlandırıb.

    Tanınmamış “DQR prezidentinin mətbuat katibi” Vahram Poğosyan bildirib ki, Hadrut istiqamətində “ağır döyüşlər gedir”.

    Azərbaycan Müdafiə Nazirliyi bazar ertəsi yaydığı məlumatda vurğulayıb ki, Hadrut artıq bir neçə gün bundan əvvəl işğaldan azad olunub.

    Vahram Poğosyan Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində “Qarabağ müdafiə ordusunun zərbələr altında geri çəkilməsi haqqında” Azərbaycan Müdafiə Nazirliyinin məlumatını təkzib edib.

    Azərbaycan Müdafiə Nazirliyinin bazar ertəsi səhər yaydığı məlumatda deyilir ki, "Qırmızı Bazar məntəqəsi istiqamətinə artilleriya zərbəsi endirilib və qarşı tərəf canli və texniki itki verib.

    Azərbaycan MN hazırda ordunun humanitar atəşkəs rejiminə ciddi riayət etdiyini və heç bir aktiv döyüş fəaliyyəti həyata keçirmədiyini bildirib.

  12. "Gedib atamın məzarını qucaqlayacağam": azərbaycanlılar Qarabağa qayıtmaq ümidləri haqqında

  13. Təcili xəbər, Tərtərə atılan top mərmisindən bir mülki şəxs yaralanıb

    Azərbaycanın Baş Prokurorluğu bildirib ki, Ermənistan silahlı qüvvələri oktyabrın 12-də səhər saatlarından başlayaraq Azərbaycanın Tərtər, Ağdam və Goranboy rayonunu müxtəlif istiqamətlərdən "intensiv raket və ağır artilleriyadan atəşə tutub".

    Qurum açıqlayıb ki, Tərtər rayonunun Kəngərli kəndində top mərmilərinin partlaması nəticəsində 1970-ci il təvəllüdlü Bəylərov Firudin Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

  14. Təcili xəbər, Goranboy, Tərtər və Ağdam rayonları "atəşə tutulur"

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycanın Goranboy, Tərtər və Ağdam rayonları Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur.

  15. Azərbaycandakı diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlar Gəncə və Mingəçevirə səfər edəcək

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Azərbaycandakı diplomatik korpusların rəhbərləri, səfirlər, nümayəndə heyətlərinin rəhbərləri, hərbi attaşelər, beynəlxalq təşkilatların rəhbərləri Gəncə və Mingəçevirə səfər edəcək.

    O, "Twitter" hesabında yazıb ki, məqsəd "Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayətləri" göstərməkdir.

  16. Tanınmamış "DQR": "Azərbaycan silahlı qüvvələri xüsusilə şimal, şimal-şərq və cənub istiqamətlərində aktivləşib"

    Tanınmamış "Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirliyi" gecə ərzində cəbhənin bütün istiqamətlərində "nisbi sabit gərginliyin" qorunub saxlanıldığını bildirib.

    Tanınmamış "DQR" Azərbaycan silahlı qüvvələrinin "xüsusilə şimal, şimal-şərq və cənub istiqamətlərində aktivləşdiyini" açıqlayıb.

    Məlumatda deyilir ki, Azərbaycan silahlı qüvvələrinin "operativ-taktiki vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdləri Müdafiə Ordusu bölmələri tərəfindən dayandırılıb".

  17. Azərbaycan MN Ermənistan silahlı qüvvələrinin "polkovnik-leytenantının öldürüldüyünü" bildirir

    Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 12-də bildirib ki, döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 9-cu alayının artilleriya rəisi tabeliyində olan bölmə ilə "Hadrut yaşayış məntəqəsi istiqamətindən geri çəkilməsi, alayın 5-ci taborunun şəxsi heyəti isə təhkim olunmuş texnikanı döyüş mövqelərində qoyub qaçdığı" barədə məlumat əldə olunub.

    Nazirlik bundan başqa, Ermənistan silahlı qüvvələrinin 5-ci və 522-ci alayının şəxsi heyətinin avtomobil və zirehli texnikalarını da "mövqelərdə ataraq geri çəkildiyini" qeyd edib.

    "Qırmızı Bazar məntəqəsi istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində 1-ci alayın daimi dislokasiya məntəqəsində yeraltı sığınacaq və Ermənistan silahlı qüvvələrinin geri çəkilən bölməsinin 2 texnikası məhv edilib. Məlumata əsasən canlı qüvvə sarıdan xeyli itki verən qarşı tərəfin ordusunda ölənlər arasında 246-cı alayın tabor komandiri polkovnik-leytenant Artur Qriqoryan da var," - Azərbaycan MN bildirib.

  18. Azərbaycan MN: "Ermənistan silahlı qüvvələri itirdikləri mövqeləri geri qaytarmağa cəhd göstərib"

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, oktyabrın 11-dən 12-ə keçən gecə bütün cəbhə boyu vəziyyət "gərgin sabit" qalıb.

    Azərbaycan MN Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejiminə əməl etmədiyini qeyd edib.

    "Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində bir neçə dəfə kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib", - qurumun məlumatında deyilir.

    Nazirlik bildirib ki, həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində "Ermənistan silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd T-72 tankı, bir neçə avtomobil texnikası vurulub və sıradan çıxarılıb".

  19. Ağdam rayonu "atəşə tutulub"

    Azərbaycanın Müdafiə Nazirliyi oktyabrın 12-də Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğunu açıqlayıb.

  20. Hikmət Hacıyev: "Rəsmi Bakı humanitar atəşkəsə bağlı qalmağa çalışır"

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, Rəsmi Bakı humanitar atəşkəsə bağlı qalmağa çalışsa da, "Ermənistan Azərbaycanın mülki vətəndaşlarına qarşı hücumlar edir".

    Cənab Hacıyev Facebook hesabından yazıb ki, "Belə olduğu təqdirdə Azərbaycan, erməni hərbi güclərinə qarşı adekvat cavablar verəcəkdir!".