İlham Əliyev: "Əgər milli mövqeyinizdən çıxış etmək istəyirsinizsə, onda siz Minsk qrupunun həmsədrliyindən çıxmalısınız"

Şəklin mənbəyi, Getty Images
İlham Əliyev Al-Jazeera kanalına müsahibəsində deyib ki, əslində danışıqlar dayanıb.
"Çünki onun [Nikol Paşinyanın - red.] “Qarabağ Ermənistandır” ifadəsindən sonra mən danışıqlar üçün heç bir imkanın olmadığını dedim. Lakin Minsk qrupunun həmsədrləri Ermənistan hakimiyyətinin yeni olduğunu, ola bilsin emosiyalarına və sözlərinə tam hakim ola bilmədiyi üçün məndən xahiş edərək deyirdilər ki, Azərbaycan daha çox anlayış göstərsin. Mən dedim ki, yaxşı, gəlin cəhd edək".
Onun sözlərinə görə, bəyanatdan sonra Ermənistan lideri ilə baş tutmuş görüşü "rəsmi xarakter" daşıyıb, amma "görüşlər tamamilə mənasız idi".
"O, mənə əraziləri geri qaytarmayacaqlarını deyirdi. Əgər onlar bunu etmək istəmirlərsə ... bundan sonra nədən danışmaq olar ki? Danışıqlar birtərəfli qaydada aparıla bilməz. Bizim tərəfdaşımız olmalıdır. Lakin Ermənistanın simasında bizim hələ danışıqlarda tərəfdaşımız yoxdur", - o deyib.
Prezident Əliyev deyib ki, Azərbaycan həmişə danışıqlara hazırdır və uzun illər boyunca danışıqlar prosesində çox böyük irəliləyişə nail olunmuşdu, amma “Paşinyan hakimiyyətə gəldikdən sonra ondan əvvəl olanları məhv etdi".
"Lakin indi onlar danışıqların aparılması üçün yalvardıqda, Paşinyan dünya liderlərinə dəfələrlə zəng etdikdə və Azərbaycandan şikayət etdikdə, hesab edirəm, bu liderlər ona deməlidirlər ki, sən danışıqlar prosesini pozdun, sən Azərbaycanı təhrik etdin, sən azərbaycanlıların hisslərini təhqir etdin. Ona görə sən bunun üçün məsuliyyət daşımalısan".
İlham Əliyev bildirib ki, Azərbaycanda minlərlə erməni yaşayır və Dağlıq Qarabağda yaşayanları da öz vətəndaşlarımız hesab edirik. Biz onları Azərbaycanda bir çox digər millətlərin və etnik azlıqların nümayəndələri kimi bizimlə birlikdə yaşamağa dəvət edirik.
Münaqişədə Rusiyanın vasitəçiliyi ilə bağlı isə Azərbaycan Prezidenti deyib ki, Rusiya Amerika Birləşmiş Ştatları və Fransa prosesdə illərdir ki, eyni dərəcədə iştirak edib.
"Ona görə də düşünürük ki, üç ölkə birlikdə işləməyə davam etməlidir, əgər onların hamısı neytrallığı qorusa. Bu, mühümdür. Son günlərdə əks-təsir göstərən, neytrallıq mövqeyində müəyyən dəyişikliyi nümayiş etdirən bəzi bəyanatları görməyimiz bizi narahat edir. Hər bir ölkənin öz mövqeyi ola bilər, bu, normaldır. Lakin əgər siz belə həssas məsələdə vasitəçisinizsə, bu mövqedən çıxış etməlisiniz. Əgər milli mövqeyinizdən çıxış etmək istəyirsinizsə, onda siz Minsk qrupunun həmsədrliyindən çıxmalısınız, istədiyinizi deyin, kimi istəyirsinizsə onu günahlandırın, baş verənlərlə bağlı sübutu olmayan xəbərlər verin və sözsüz ki, heç kim etiraz etməyəcək. Lakin əgər siz vasitəçisinizsə, neytral olmalısınız, vasitəçi olmalısınız. Əks halda, vasitəçilik bizim tərəfimizdən qəbul edilməyəcək".
Müsahibənin digər hissələrini canlı reportajımızda oxuya bilərsiniz.








