Cəbhə bölgəsində döyüşlər - ilk on gündə nə baş verib?

Azərbaycan və Ermənistan arasında sentyabrın 27-də başlamış döyüşlər bu gün də davam edir. Hər iki tərəf hərbi və mülki itkilərin olduğunu deyir. Azərbaycan Müdafiə Nazirliyi çərşənbə axşamı gününün ilk saatlarında "hazırda bütün cəbhə boyu əməliyyat və hərbi üstünlük ordumuzun tərəfində" olduğunu açıqlayıb.

Canlı reportaj

  1. Ermənistanda "Azərbaycanın xeyrinə casusluqda" ittiham olunan sabiq hərbçinin saxlanıldığı bildirilir.

    Əks-kəşfiyyat xidmətlərinə istinadən yayılan məlumata görə, şübhəli şəxs Ermənistan vətəndaşıdır, əvvəllər Müdafiə Nazirliyində “yüksək vəzifələrdə” işləyib.

    Xəbər verilir ki, axtarış vaxtı şübhəlinin evində döyüş sursatları, casus avadanlığı və hərbi məlumatları əks etdirən sənədlərin əsli tapılıb.

    İstintaqa əsasən, şübhəli vaxtaşırı sirr təşkil edən məlumatları qarşı tərəfə ötürüb.

    Onun Gürcüstan üzərindən əlaqə saxladığı qeyd olunub.

  2. Azərbaycan və Ermənistan mülki ölümlər barədə:

    Azərbaycanın Baş Prokurorluğu Ermənistan Silahlı Qüvvələri tərəfindən öldürülən mülki əhalinin sayının 19-a, yaralananların isə 55-ə çatdığını açıqlayıb.

    Qurum bildirib ki, mülki infrastruktur obyektlərinin atəşə tutulması nəticəsində 169 yaşayış evinə, 40 mülki obyektə külli miqdarda ziyan dəyib, sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşüb. Bundan başqa, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.

    Ermənistan Qarabağda mülki şəxslərdən 31 nəfərin öldüyünü və yaralandığını yazıb.

    Bu məlumatı tanınmamış "Dağlıq Qarabağ Respublikasının Ombudsmanı" Artak Beqlaryan Twitter hesabından yayıb.

  3. "Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan əraziləri yenidən raket atəşinə tutulub", Azərbaycanın Müdafiə Nazirliyi açıqlayıb

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, oktyabrın 1-də axşam saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan əraziləri yenidən atəşə tutulub.

    Nazirliyin açıqlamasında deyilir ki, Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.

  4. Vladimir Putin, Donald Trump və Emmanuel Macron "şərt irəli sürmədən danışıqları bərpa etməyə" səsləyirlər

    ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini təmsil edən dövlət başçıları Dağlıq Qarabağ münaqişəsi tərəflərini hərbi əməliyyatları dayandırmağa çağırıblar.

    Vladimir Putin, Donald Trump və Emmanuel Macron-un bəyanatı Rusiya Prezidentinin rəsmi saytında yerləşdirilib.

    Prezidentlər münaqişə tərəflərini öncədən şərt irəli sürmədən “nizamlanmanın mahiyyəti ilə bağlı” danışıqları bərpa etməyə səsləyirlər.

    Sənəddə həmçinin həlak olanların ailələrinə başsağlığı verilir.

    Donald Trump, Vladimir Putin, Emmanuel Macron

    Şəklin mənbəyi, Getty Images

  5. Azərbaycan XİN: “Ermənistan xarici jurnalistlərin həyatını təhlükəyə atır"

    “Ermənistan xarici jurnalistlərin həyatını təhlükə altına ataraq və beynəlxalq humanitar hüququ kobudcasına pozaraq jurnalistlərin hərbi əməliyyatların getdiyi əraziyə səfərini təşkil edir”, Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib.

    Qurum bunu Ermənistan mediasının “işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Fransanın “Le Monde” qəzetinin iki jurnalistinin yaralanması ilə bağlı” yaydığı məlumata əsasən açıqlayıb.

    “Xarici jurnalistlərin məqsədyönlü şəkildə təhlükəli əraziyə aparılması Ermənistan hökumətinin jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar öhdəliklərinə məhəl qoymadığını və xarici jurnalistlərdən özünün qanunsuz təbliğat məqsədləri üçün istifadə etdiyini açıq şəkildə göstərir”.

    Azərbaycan Xarici İşlər Nazirliyi xarici jurnalistlərə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrinə səfər ilə əlaqədar, ilk növbədə Azərbaycan tərəfinin razılığının əldə etmələrini ciddi tövsiyə edir”.

  6. Müdafiə Nazirliyi: "Döyüş təyyarəsi və helikopterləri bugünkü döyüşlərdə tətbiq olunmayıb"

    Azərbaycan HHQ-nin döyüş təyyarəsi və helikopterləri bugünkü döyüşlərdə tətbiq olunmayıb”, Müdafiə Nazirliyi açıqlayıb.

    “Ermənistan tərəfinin guya bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus 3 təyyarə, 2 helikopter və 6 PUA-nın vurulması ilə bağlı məlumatı dezinformasiyadır, MN sözçüsü, polkovnik Vaqif Dərgahlı deyib.

    "Bildiririk ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir aviasiya vasitəsi ümumiyyətlə havaya qalxmayıb. HHQ-nin bütün döyüş aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir”, Azərbaycan MN bəyan edib.

    Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan bu barədə bu gün Facebook səhifəsində yazmışdı. O həmçinin iddia etmişdi ki, Ermənistan tərəfi "Azərbaycanın 3 döyüş təyyarəsini vurub".

  7. İşğaldan azad olunmuş Azərbaycan əraziləri - media, Bu görüntüləri yerli APA agentlyii paylaşıb.

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  8. Fransalı jurnalistlərin "yaralandığı" bildirilir, Döyüşləri işıqlandıran Azərbaycan jurnalistləri "atəşə tutulduqlarını" deyiblər

    Fransanın Le Monde nəşrinin bu gün yaralanan iki jurnalistindən birinin vəziyyətinin “ciddi ola bilər”, Ermənistan hökumətinin sözçüsü Hovhannes Movsisyan BBC-yə deyib.

    İlkin məlumatlara görə, yaralanan jurnalistlər Fransa vətəndaşlarıdır və hazırda Xocavənd (Martuni) xəstəxanasındadırlar.

    Onlarla eyni qrupda işləyən Rusiyanın “Dojd” televiziya kanalının müxbiri Dmitri Yelovski də atəş altına düşüb, lakin onun xəsarət almadığı bildirilir.

    Həmçinin deyilir ki, Ermənistan ”Armenia” televiziya kanalının operatoru atəş altına düşüb, lakin o, yüngül xəsarət alıb.

    Ermənistan bundan başqa, iki yerli jurnalistinin də Qarabağ ərazisində yaralandığını açıqlayıb.

    Çərşənbə axşamı günü Azərbaycanın İctimai TV kanalı Tərtərin Qapanlı kəndində şirkətin avtomobilinin "hücuma məruz qaldığını" bildirib.

    Həmin gün Xəzər Xəbər televiziyası da Qapanlı kəndində jurnalistlərin "atəşə tutulduğu" barədə məlumat yayıb.

    Kanalın yaydığı görüntülərdə 10-a yaxın mətbuat nümayəndələrinin atılan mərmilərdən qorunmağa çalışdığı görünür. Hadisələrin heç birində yaralanan və ölənlərin olmadığı deyilir.

    Bazar günü Türkiyənin TRT kanalının Azərbaycandakı nümayəndəliyi bildirib ki, erməni hərbi bölmələri "TRT Haber" və "Anadolu Agentliyi"-nin əməkdaşlarının cəbhə bölgəsində olduğu əraziyə minaatandan atəş açıb.

    Məlumatda deyilir ki, "mərmilər jurnalistlərin olduğu yerdən 100 metr məsafəyə düşüb".

  9. Türkiyə Prezidenti: "Sülhə yol ermənilərin işğal etdiyi hər qarış Azərbaycan torpaqlarını tərk etməsindən keçir"

    Recep Tayyip Erdoğan

    Şəklin mənbəyi, AA

    "Regionda sülhə gedən yol Ermənilərin işğal etdikləri hər qarış Azərbaycan torpaqlarını tərk etməsindən keçir", Türkiyə Prezidenti Recep Tayyip Erdoğan deyib.

    Hazırda cənab Erdoğan Türkiyə Böyük Millət Məclisində çıxış edir.

  10. Azərbaycan MN: "Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir"

    Müdafiə Azərbaycan Ermənistan Türkiyə

    Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

    "Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir", Azərbaycan Müdafiə Nazirliyi bəyan edib.

    "Ermənistan tərəfi Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumat yayıb", qurum bildirir. "Ermənistandan ordusundan fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirir", açıqlamada deyilib. Müdafiə Nazirliyi "Azərbaycan bölmələri tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələrinin endirildiyini" bildirib.

  11. Macron Putinlə Qarabağ məsələsini müzakirə ediblər

    Putin Macron Rusiya Fransa

    Şəklin mənbəyi, Getty Images

    Rusiya və Fransa prezidentləri cəbhədəki vəziyyəti və Belarus hadisələrini müzakirə ediblər, bu barədə Kremlin mətbuat xidməti bildirir.

    "Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskin gərginləşməsi ətraflı müzakirə olunub. Davam edən genişmiqyaslı hərbi hərəkətlərlə bağlı ciddi narahatlıq ifadə edilib. Vladimir Putin və Emmanuel Macron qarşı tərəfləri çevik və tam şəkildə atəşkəsə, gərginliyin azaldılması və maksimum təmkinlik göstərməyə çağırıblar,” məlumatda deyilir.

  12. Hikmət Hacıyev, Azərbaycan, Ermənistan, qarabağ, döyüş

    Şəklin mənbəyi, APA

    Prezidentin köməkçisi Hikmət Hacıyev "Ermənistan ərazisindən Azərbaycana qarşı ikinci hücum aktının həyata keçirildiyini" bildirib.

    "Ölkəmizə qarşı növbəti təcavüz aktı kimi bu gün Ermənistanın Goris rayonu istiqamətindən Azərbaycan ərazisi raket atəşinə məruz qalıb", o deyib.

    Onun sözlərinə görə, "birinci hücum Ermənistanın Vardenis rayonu ərazisindən həyata keçirilib" və raket zərbəsi nəticəsində məcburi köçkünlər üçün yeni salınmış Cocuq Mərcanlı kəndində 20-yə yaxın evə zərər dəyib.

    "Ermənistan tərəfinə xəbərdarlıq edirik ki, Ermənistan ərazisindən Azərbaycana qarşı hücumlar dayandırılmadığı halda, atəşi həyata keçirən legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görüləcəkdir".

    Azərbaycan indiyədək ikisi uşaq olmaq, 17 nəfər mülki şəxsin həlak olduğunu, 51 nəfərin yaralandığını bildirib.

  13. Azərbaycan: "Yaşayış məntəqələrimiz yenidən artilleriya atəşinə tutulur"

    Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Goranboy, Tərtər və Ağdam rayonlarının cəbhəboyu kəndlərinin Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşinə tutulduğunu açıqlayıb.

  14. Azərbaycanın Baş Prokurorluğu: "Mülki evə atılan mərmidən ata və oğlu həlak olub"

    Azərbaycanın Baş Prokurorluğu bildirib ki, oktyabrın 1-də Ermənistan Silahlı Qüvvələrinin ağır artilleriyadan atəş açması nəticəsində Ağdam rayonu Hacıməmmədli kəndindəki mülki evə top mərmisi düşüb.

    Hadisə nəticəsində 1966-cı il təvəllüdlü Məmmədov Mürsəl Rəsul oğlu və onun oğlu, 1996-cı il təvəllüdlü Samir Məmmədov həlak olublar.

  15. Azərbaycan XİN bəzi xarici KİV-də “Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi” ilə bağlı iddiaları rədd edir

    XARICI İŞLƏR NAZIRLIYI

    Şəklin mənbəyi, XARICI İŞLƏR NAZIRLIYI

    Azərbaycan XİN bəzi xarici KİV-də “Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi” ilə bağlı iddiaları qətiyyətlə rədd etdiyini bəyan edib.

    “Son günlərdə bəzi xarici KİV-də guya ki, Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi ilə bağlı tamamilə yalan və iftira dolu qarayaxma kampaniyasının aparıldığını müşahidə edirik.

    Bu qarayaxma kampaniyasının məqsədi Ermənistan tərəfindən son zamanlar nümayişkaranə şəkildə həyata keçirilən və beynəlxalq humanitar hüququn kobud pozulması halı olan Yaxın Şərq ölkələrindən terror təşkilatlarının nümayəndələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinin yaratdığı mənfi beynəlxalq ictimai rəyi kompensasiya etmək cəhdidir”, qurum bildirib.

    Azərbaycan XİN “Azərbaycanın tam komplektləşdirilmiş silahlı qüvvələrinin mövcud olduğunu və …hər hansı bir kənar qüvvəyə, xüsusilə də qeyri-nizami qruplaşmalara ehtiyac duymayacaq qədər peşəkar və güclü olduğunu” vurğulayıb.

    Qurum “həmin uydurma iddiaların sadə məntiqə sığmadığı kimi, hərbi-texniki cəhətdən də tutarsız olduğunu” bəyan edib:

    “Müxtəlif mənbələr guya ki, Azərbaycana bir-neçə yüz civarında muzdluların gətirildiyini iddia edir. O zaman belə bir sual ortaya çıxır; iki nizami ordunun mümkün toqquşması kontekstində azsaylı qeyri-nizami dəstələr qüvvələr balansında nə dəyişiklik edə bilər?”

    “Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının işğalı zamanı hərbi əməliyyatlarda terror qruplaşmalarından və muzdlu döyüşçülərdən istifadə edildiyinə dair çoxsaylı faktlar mövcuddur. Hazırda da Ermənistan rəhbərliyi bu siyasəti davam etdirərək, həyata keçirdiyi yeni təcavüz aktı çərçivəsində Azərbaycana qarşı ekstremist ünsürlərdən geniş istifadə edir. Belə ki, Ermənistanın hərbi məqsədlər üçün istifadə ediləcək “könüllü döyüşçü dəstələrin” yaradılması planı, məhz illər ərzində Yaxın Şərq bölgəsindən Ermənistana köçürülmüş terrorçuların “xidmətlərindən” istifadə etmək məqsədi güdür”, açıqlamada deyilir.

    Azərbaycan Xarici İşlər Nazirliyi "Azərbaycan Ordusunun öz beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyü təmin etmək üçün heç bir kənar qüvvəyə ehtiyacı olmadığını vurğulayıb”.

  16. Azərbaycan MN: "Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub"

    Cümə axşamı günü səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub, Azərbaycan Müdafiə Nazirliyi bildirir.

    Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki,Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb".

    “Ermənistandan tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın və xəbərdar edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək”, qurum bəyan edib.

    Ermənistan Müdafiə Nazirliyi Qarabağ münaqişəsi bölgəsində döyüşlərin “günortadan sonra intensivləşdiyini” bildirir.

    "Şiddətli döyüşlərin getdiyini" deyən Ermənistan qarşı tərəfin "toplardan istifadə etdiyini” bildirib.

  17. Azərbaycan MN: “Azərbaycana məxsus təyyarə və helikopterin vurulması yalandır”

    "Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterin vurulması məlumatı yalandır", Azərbaycan Müdafiə Nazirliyi bildirib.

    “Ermənistan mətbuatında guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması və qalıqlarının İran ərazisinə düşməsi barədə yayılan məlumatlar yalandır və əsassızdır. Bildiririk ki, Hərbi Hava Qüvvələrimizə məxsus bütün aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir”, qurum açıqlayıb.

    Bundan əvvəl Ermənistan tərəfi “Dağlıq Qarabağ cəbhəsinin cənub istiqamətində (Lələ Təpə) erməni qüvvələri tərəfindən Azərbaycana məxsus bir döyüş vertolyotunun vurulduğunu bildirib”.

    “Vurulmuş vertolyot İran İslam Respublikası ərazisinə düşüb”, tanınmamış “DQR Müdafiə Nazirliyinə“ istinadən Ermənistan MN mətbuat katibi Şuşan Stepanyan Facebook səhifəsində yazıb.

  18. Baş Prokurorluq: "Tərtərdə bir mülki şəxs həlak olub", Bununla da mülki əhali arasında ölənlərin sayı 16 nəfərə çatıb.

    Errmənistan “silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində bir mülki şəxs həlak olub, yaralanmış mülkilərin sayı 55 nəfərə çatıb”, Baş Prokurorluq bildirir.

    Qurum “1982-ci il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlunun bu səhər saat 9 radələrində Tərtər avtovağzalına düşmüş top mərmisinin qəlpələrindən öldüyünü açıqlayıb.

    "Bununla da mülki əhali arasında ölənlərin sayı 16 nəfərə çatıb".

    Qurumun məlumatında “avtovağzala ciddi ziyan dəydiyi” bildirilir.

    "Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə, təcavüzkar müharibəni aparma və digər maddələri ilə cinayət işi başlanıb", baş prokurorluq bildirib.

  19. Bu gecə cəbhədə baş verənlər barədə tərəflərin açıqlamaları fərqlidir

    Azərbaycan Müdafiə Nazirliyi cümə axşamı günü səhər çərşənbədən cümə axşamına keçən gecə "Ermənistan silahlı qüvvələrinin mövqelərinə sarsıdıcı artilleriya zərbələri endirdiyini" və Ermənistanın "müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonlarının sıradan çıxarıldığını” bildirib.

    Tanınmamış "Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirliyi" isə səhər saatlarında bildirib ki, münaqişə zonasında bütün istiqamətlərdə "sabit gərgin vəziyyət" mövcud olub.

    Azərbaycan Müdafiə Nazirliyi həmçinin çərşənbə günü boyunca Ermənistanın "sıradan çıxarılmış texnikasının" siyahısını açıqlayıb:

    "200-dək tank və digər zirehli texnikasını, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatanlarını, 30 ədəd hava hücumundan müdafiə vasitələrini, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsini, 5 silah-sursat anbarını, 110-dan artıq avtomobil texnikasını, 1 ədəd “S-300” zenit-raket kompleksi sıradan çıxarılıb".

  20. Ermənistan tərəfi çərşənbə günü 103 hərbçinin öldüyünü açıqlayıb

    Çərşənbə günü Ermənistan tərəfinin daha 23 hərbçisi ölüb.

    Ermənistan Müdafiə Nazirliyi Qarabağ döyüşlərində ölən hərbçilərin açıqlanmış yeni siyahısında bildirilir. "Beləliklə 30 sentyabr axşam saat 9:30-a olan Ermənistan MN rəsmi məlumatına görə, həlak olanların sayı 103-ə çatıb", qurum bildirib.

    Azərbaycan Müdafiə Nazirliyi hərbi itkilərin sayını açıqlamır.