Ceyhun Bayramov ABŞ Dövlət katibinin müavini ilə Bərdə barədə danışıb
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini Stephen Biegun telefonla danışıblar.
Azərbaycan XİN bildirib ki, telefon danışığı zamanı Ceyhun Bayramov Ermənistan tərəfinin beynəlxalq humanitar hüquq qarşısındakı öhdəliklərini kobud şəkildə pozaraq, humanitar atəşkəs rejiminə üçüncü dəfə riayət etmədiyini və Bərdə şəhərində dinc Azərbaycan əhalisini qəsdən hədəfə aldığını vurğulayıb.
XİN rəhbəri münaqişə zonasından çox uzaqda yerləşən şəhərlərin uşaqlar və qadınlar da daxil olmaqla, günahsız mülki əhalinin Vaşinqton görüşündən sonra və nəzərdə tutulan Cenevrə danışıqları ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə hücumlara məruz qaldığını qeyd edib, qurum bildirib.
“Nazir Ceyhun Bayramov, həmçinin həmkarına Ermənistan tərəfindən xaincəsinə edilən raket hücumu nəticəsində mülki şəxslər arasında olan itkilər barədə məlumat verdi,” – qurumun məlumatında deyilir.
Azərbaycan XİN bildirib ki, ABŞ dövlət katibinin müavini Stephen Biegun mülki itkilərdən ciddi narahatlığını dilə gətirib və mülki şəxslərə qarşı hücumların yolverilməz olduğunu bildirib.
“O, gərginliyin azaldılmasının və münaqişənin siyasi həllinə nail olmaq üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini vurğuladı,” – qurumun məlumatında deyilir.