Azərbaycan və Ermənistan xarici işlər nazirləri Cenevrədə
görüşəcəklər. Bu barədə Prezident İlham Əliyev bazar ertəsi günü xalqa
müraciətində deyib.
O, 28 ildə keçirilən belə görüşləri “mənasız” adlandırıb və amma
əlavə edib ki, bu görüşün də faydasız olacağını nəzərdə tutmur.
“Bizdə dəqiq məlumat var ki, Ermənistan atəşkəsdən isitfadə edib
öz qüvvələrini cəmləşdirmək və yenidən işğalçılıq etmək istəyir. Atəşkəs
istəyən niyə Ermənistana silah göndərir?
Bir tərəfdən atəşkəs deyirsiniz, o biri tərəfdən onlara silah
göndərirsiniz,” – İlham Əliyev deyib.
Prezident bildirib ki, Ermənistana
silah göndərən ölkələr ona silah verməsələr, "bu işlər qurtarar".
O bildirib ki, bu barədə nəyi
bacarırsa, xalqa deyir.
İlham Əliyev Minsk qrupunun həmsədri
olan ölkələri ABŞ, Rusiya və Fransanı Ermənistana təzyiq etməyə səsləyib. Onu
da əlavə edib ki, Azərbaycana hər tərəfdən təzyiq var.
“Bütün imkanları bizə qarşı səfərbər
ediblər. Vasitəçi neytral deyilsə, o, vasitəçi
ola bilməz. Vasitəçi özünə yeni bir funksiya seçsin,”- İlham Əliyev bildirib.
“Bir ay ərzində, demək olar ki, hər gün
müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin F-16-sı nə gəzir sizdə? Mən
cavab verməkdən yorulmuşam, gedin açın da, peykiniz var da, görmürsünüz nə
qayırır?" - Prezident çıxışında bildirib.
“Gedin baxın da, F-16 nə edir: havadadır
ya yerdədir. Hər kəs bilir ki, yerdədir və təlimlər üçün gəlib. Müharibə
başlayandan qalıb. Türkiyə, qardaşlarımız onu mənəvi dəstək üçün saxlayıblar.
Bir də ki, əgər bizə qarşı kənardan aqressiya olarsa, o F-16-ları görəcəklər
onlar,” - İlham Əliyev deyib.
Prezident vurğulayıb ki, Azərbaycan
beynəlxalq hüquqa uyğun hərəkət edir.
O, BMT Təhlükəsizlik Şurasının üzvləri
və Minsk qrupunun həmsədri olan dövlətlərin ayrı-ayrı sahələrdə maraqlarının
fərqləndiyindən, amma Dağlıq Qarabağ məsələsində Ermənistan üçün birləşdiklərindən
danışıb və əlavə edib ki, Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının
qətnamələrini icra edir.
İlham Əliyev bildirib ki, hazırda
atəşkəs rejimində Azərbaycan ordusuna “təmkilnli olmaq” tapşırığı verib və
qarşı tərəfin atəşkəsi pozması qeydə alınaraq ATƏT nümayəndəsinə və başqa
ölkələrin nümayəndələrinə göndərilir.
Prezidentin sözlərinə görə, o, Dağlıq Qarabağın "erməni əhalisini ordakı rejimdən" xilas edəcək.
“Oraya 200 il əvvəl köçürülmüş ermənilər bizim
vətəndaşlarımızdır. O insanların günahı yoxdur. Günahkarlar cəzasını alır.
Mövqeyim odur ki, biz bu torpaqlara qayıdacağıq. Biz bir yerdə yaşamağa
öyrənməliyik, həm onlar, həm biz,”- İlham Əliyev deyib.