Beynəlxalq Qızıl Xaç Komitəsinin sakinlərə humanitar yardım daşıyan könüllüsü Bərdədə həlak olub
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı 39 yaşlı könüllüsü Bərdə sakinlərinə humanitar yardım çatdırarkən atılan raket zərbəsi nəticəsində həlak olub, iki nəfər yaralanıb.
Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi məlumat yayıb.
Qurumun Avrasiya regionu üzrə direktoru Martin Schüepp bildirib ki, sonuncu hadisələr "Dağlıq Qarabağ münaqişəsinin nəzarətdən çıxma riski olduğuna işarə edir”.
Oktyabrın 28-də Dağlıq Qarabağ münaqişəsində mülki şəxslər arasında qurbanların sayının artması ilə bağlı yaydığı bəyanatında o, mülki şəxslərə qarşı zorakılığı "sərt qınayıb”.
"Minlərlə mülki şəxslə yanaşı, BQXK bu gün cəbhə xəttinin hər iki tərəfindəki şəhər ərazilərinin intensiv atəşlə tutulmasının şahidi oldu ki, bu da ölüm, dağıntı, yaralanma və viranəliyə gətirib çıxardı. Bu, qəbuledilməzdir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsü, iki uşaq atası atəş nəticəsində faciəli şəkildə ölüb. Digər iki könüllü isə yaralanıb".
Bəyanatda deyilir ki, tərəflər beynəlxalq hüquqi öhdəliklər çərçivəsində mülki şəxsləri, xəstəxanalar, məktəblər, bazarlar və mədəni mülklər kimi mülki infrastrukturu qorumaq üçün "bütün mümkün tədbirləri görməlidirlər".
"BQXK beynəlxalq humanitar hüquqlar üzərindəki öhdəliklərini xatırlatmaq üçün ikitərəfli, məxfi dialoqda tərəflərlə əlaqə qurur. Gördüyümüz dəhşətli səhnələr davam edə bilməz," - bəyanatda deyilir.