Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Rai-1 televiziyasına müsahibəsində deyib ki, nə Rusiya, nə də Fransa rəsmiləri iddia etdikləri "suriyalı döyüşçülər" barədə sübutlar təqdim etməyiblər.
İlham Əliyev bildirib ki, əsasız ittihamları Fransa və Rusiyadan eşidib.
"Fransa Prezidentin şəxsində, Rusiya isə Xarici Kəşfiyyat İdarəsinin rəhbərinin şəxsində. Hərbi əməliyyatlar başlanandan dərhal sonra bizə bu cür ittihamlar təqdim edilib. Lakin artıq bir aya yaxın vaxt keçib, bizə heç bir dəlil, heç bir sübut təqdim edilməyib",- İlham Əliyev bildirib.
Prezident bəyan edib ki, o, Fransa tərəfinə müraciət edib ki, onların və Azərbaycanın nümayəndələri görüşsünlər və sübutlar təqdim olunsun, amma heç bir sübut təqdim olunmayıb.
İlham Əliyev bildirib ki, bu addımlar Azərbaycana qara yaxmaq cəhdidir və bu cür əsassız ittihamların həmsədr ölkələrdən səsləndirilməsinə təəssüflənir.
"Onlar obyektiv olmalıdırlar. Axı, biz Rusiyadan Ermənistana nə qədər silah göndərilməsi barədə hər gün danışmırıq. Axı, biz demirik ki, bu gün kənardan kömək olmasa Ermənistan işğal edilmiş ərazilərdə bircə gün də dayana bilməzdi. Həm siyasi dəstək, həm hərbi, həm də mənəvi dəstək, özü də bunlar bitərəfliyə riayət etməli olan ölkələr tərəfindən gəlir. Buna görə biz bu insunasiyaları (uydurmaları-red.) qətiyyətlə rədd edirik, buna ehtiyac yoxdur," - İlham Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın nizami ordusunun 100 min döyüşçüsü var və zərurət yaranarsa, səfərbərlik elan edə bilər.
İlham Əliyev döyüşlərdə Türkiyə qoşunlarının iştirakı iddialarını da yalan adlandırıb.
Prezident bildirib ki, bu barədə heç bir sübut yoxdur və Türkiyənin F-16 təyyarəsi Azərbaycanda birgə təlimlər vaxtından qalıb.
"Axı, biz demirik ki, Ermənistan ərazisində Rusiyanın neçə MiQ-29, Su-30 təyyarəsi var. Axı, biz demirik ki, Ermənistanda, Gümrüdəki bazada Rusiyanın 5 minlik qoşunu var və bizdə olan məlumata görə, oradan vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir və bizim barəmizdə deyilənlərdən fərqli olaraq, bunlar faktdır. Ona görə də bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, yalan informasiyaya əsaslanan bu cür tez-tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxsınlar," - İlham Əliyev İtaliyanın Rai-1 televiziyasının sualını cavablandırarkən deyib.
Prezident bildirib ki, münaqişənin sülh yolu ilə həlli üçün bir neçə beynəlxalq model öyrənilib, amma təklif olunan özünüidarə forması Ermənistan tərəfindən "rədd edilib".
"Onlar hesab edirdilər ki, dünyanın aparıcı ölkələrinin hərbi, siyasi, iqtisadi dəstəyinə güvənərək bizim əraziləri əbədi işğal edə biləcəklər, lakin onlar kobud səhv edirdilər. Bu gün biz özümüzün haqlı olmağımızı döyüş meydanında sübut edirik. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçiririk və beynəlxalq hüququ bərpa edirik," - İlham Əliyev deyib.
Azərbaycan Prezidenti onu da bildirib ki, o, gələcəkdə Qarabağı dağlıq və aran hissələrində azərbaycanlıların və ermənilərin birgə dinc yaşadığı firavanlaşan ərazi kimi görür.
O deyib ki, Ermənistan rəhbərliyi işğalçı siyasətdən imtina etsə, Azərbaycan öz investisiyası və ölkənin yenidən qurulması üzrə təcrübəsi ilə regionu dünyanın ən firavan regionlarından birinə çevirə bilər.
Cənab Əliyev barışığın mümkün olduğunu bildirib və deyib ki, azərbaycanlılar o torpaqlara qayıtmalı və ermənilərlə qonşuluqda, razılıq şəraitində yaşamalıdırlar.
"Avropa ölkələrinin vuruşduğu İkinci Dünya müharibəsindən sonra ölkələrin necə barışdığını bilirik - bugünkü qonşular o vaxt çox insanı qətlə yetiriblər. Lakin bu, daim yaddaşda yer tutmamalı, nifrət doğurmamalıdır. Erməni ideoloqları bu gün bununla məşğuldurlar. Xoş məram göstərilməlidir. Əgər belə olsa, mənim dediyim olacaq"- İlham Əliyev deyib.
Prezident əlavə edib ki, Qarabağı ya dinc, ya da müharibə yolu ilə qaytaracaqlar.