Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 17-də Füzuli şəhəri
və ətraf bir neçə kəndin erməni hərbi birləşmələrindən azad edilməsini bəyan edib.
Füzuli şəhərinin azad edilməsi müharibənin gedişinə hansı təsiri
göstərəcək?
Azərbaycan Müdafiə Nazirinin keçmiş müavini (1993-95), polkovnik
İsa Sadiqov BBC News Azərbaycancaya deyib ki, döyüşlərin getdiyi bəzi əraziləri
yaxşı tanıyır və Azərbaycan ordusunun ələ keçirdiyi strateji yüksəkliklər böyük
ərazilərə nəzarət etmək imkanı verir:
“Bu o deməkdir ki, düşmən o ərazilərdə hərəkət edə bilmir, orada
möhkəmlənə bilmir. Həmin yüksəkliklərdən biz daha sürətlə hücumlara keçə
bilərik,” - İsa Sadıqov Azərbaycan ordusunun hazırkı mövqeyi ilə bağlı bunları
deyib.
O əlavə edib ki, strateji baxımdan təkcə Füzuli deyil, bütün
“azad olunan ərazilər əhəmiyyətlidir”.
İsa Sadıqov, eyni zamanda vurğulayıb ki, Azərbaycan ordusu üçün
Füzulidən daha əhəmiyyətli Hadrut qəsəbəsi idi.
“Mən iki-üç gün öncə çıxışımda dedim ki, Hadrutun itirilməsiylə savaşda
köklü dəyişikliklər baş verəcək və növbəti əməliyyatlarda çoxlu kənd azad
edəcəyik,” – sabiq nazir müavini deyib.
Füzuli rayonu 1993-cü ilin avqustunda işğal edilsə də, 1994-cü
ilin yanvarında 22 yaşayış məntəqəsi azad olunmuş, bir şəhər və 61 kənd işğal altında qalmışdı.
Oktyabrın 17-də Füzuli şəhərinin və rayonun bir neçə kəndinin azad olunduğu bildirilib.
Cəbhədə döyüşlər bazar günü, sentyabrın 27-dən bəri davam edir.