Türkiyə PUA və təyyarələrindən Ermənistana qarşı istifadə edilmədiyini deyir
“Ermənistan ona qarşı Türkiyə təyyarələri və PUA-larından istifadə olunmasına dair heç bir dəlilə söykənməyən yalan iddialarla çıxış edir”.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.
“Bu, Ermənistanın qarşısında Türkiyənin olduğu faktını yaratmaqla arxasındakı dəstəyi artırmaq məqsədi güdür və "qara piar"dan başqa bir şey deyil. Həmçinin bu iddialar onları dəstəkləyənlərdən başqa, heç kim tərəfindən ciddiyə alınmayıb. Digər tərəfdən, Azərbaycan Silahlı Qüvvələri tək başına qələbə qazanacaq imkan və qabiliyyətə, işğal altındakı torpaqlarını azad edəcək əzm və qətiyyətə sahib olduğunu ötən bir neçə gün ərzində bütün dünyaya göstərib”, - deyə qeyd olunub.
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan Azərbaycan Hava Qüvvələrinin Türkiyə istehsalı PUA-lardan istifadə etdiyini deyib.
O, Facebook səhifəsində yazıb ki, Azərbaycan Hava Qüvvələri bu silahlardan istifadə etməklə "Artsax Müdafiə Ordusu"nun şimal istiqamətində havadan bombardman aparmaqla qarışıq tipli döyüş aparır".
"Düşmən hava qüvvələri yardım müdafiəsi nişan bölgəsindən uzaq məsafədə fəaliyyət göstərir. Hava-yerüstü uzun mənzilli raketlərdən istifadə olunur", - Şuşan Stepanyan yazıb.
"Çərşənbə günü Azərbaycan hərbçiləri tərəfindən yayımlanmış videoda erməni tanklarına və canlı ehtiyat qüvvəsinə Türkiyə istehsalı olan Bayraktar TB2 PUA-nin endirdiyi zərbələr göstərilib", London Kral kollecinin hərbi tədqiqatlar fakültəsinin aspirantı, amerikalı ekspert Rob Lee yazır.
"Erməni qüvvələri əvvəllər də pilotsuz uçan aparatların təhdidlərinə məruz qalırdı, lakin TB2-lər oturuşmuş mənzərəni dəyişir – o mənada ki, onları eşitmək /görmək daha çətindir və [onlar] cəbhə xəttindən daha uzaq məsafədə yerləşən hədəfləri vura bilir, " - ekspert yazıb.
Azərbaycan döyüşlərdə Türkiyənin hər hansı hərbi iştirakını təkzib edib.










