Dağlıq Qarabağ: "Azərbaycan vətəndaşlarının işləri üzrə istintaq başa çatıb"

Şahbaz Quliyev

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Şahbaz Quliyev. 11 iyul 2014-cü il
Çap edildi

Azərbaycan Xarici İşlər Nazirliyi Kəlbəcər ərazisində ermənilər tərəfindən girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərov üzərində "qondarma Dağlıq Qarabağ rejiminin məhkəmə işi təşkil etməyə heç bir hüquqi əsası" olmadığını bildirib.

"Bu saxta məhkəmə tərəfindən qəbul ediləcək qərar heç bir hüquqi gücə malik ola bilməz", - Azərbaycan XİN mətbuat xidmətinin yaydığı bəyanatında deyilir.

İyulun 10-da Kəlbəcər istiqamətində təmas xəttinin Qarabağdakı erməni silahlı qüvvələrinin nəzarəti altında olan ərazidə tutulub saxlanan Şahbaz Quliyev və Dilqəm Əsgərov barəsində cinayət işi üzrə istintaq başa çatıb, ittihamnamə məhkəməyə təqdim edilib.

İttiham

Şahbaz Quliyev və Dilqəm Əsgərov "casusluq, DQR dövlət sərhədini qeyri-qanuni keçmək", "qeyri-qanuni odlu silah və hərbi sursat daşımaq", "insan oğurlamaq", "insan həyatı üçün təhlükəli zorakılıq tətbiq edərək və silahdan istifadə edərək yeniyetməni qətlə yetirmək" və "milli ədavət zəminində insan həyatına sui-qəsd cəhdləri" kimi cinayətlərdə ittiham olunurlar.

Daha əvvəl erməni mənbələri Şahbaz Quliyevlə Dilqəm Əsgərovun Kəlbəcər ərazisində 17 yaşlı Smbat Sakanyanı oğurlayıb öldürməkdə şübhəli bilindikləri haqqında məlumat yaymışdılar. Bundan başqa sözügedən Azərbaycan vətəndaşları tərəfindən 42 yaşlı mayor Sarkis Abrahamyanın öldürüldüyü və 37 yaşlı qadın – Karine Davtyanın yaralandığı iddia olunurdu.

Erməni mənbələri Şahbaz Quliyevi, Dilqəm Əsgərovu və "onların ələ keçirilməsi əməliyyatı əsnasında silahlı müqavimət göstərərkən öldürülmüş üçüncü Azərbaycan vətəndaşını" diversant kimi təqdim edir.

Üçüncü Azərbaycan vətəndaşı kimi təqdim edilən Həsən Həsənovun meyiti ötən həftə Azərbaycan tərəfinə <link type="page"><caption> qaytarılıb</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2014/10/141002_hostage_return_kelbejer" platform="highweb"/></link>.

Məhkəmə prosesinin Dağlıq Qarabağda bu ayın sonunda başlanacağı bildirilir.

Məhkəmədə Şahbaz Quliyevlə Dilqəm Əsgərovun hüquqlarını müdafiə etmək üçün onlara vəkillər təqdim olunub.

Azərbaycan tərəfi Şahbaz Quliyev və Dilqəm Əsgərovun "öz doğmalarının qəbirlərini ziyarət etməyə getmiş" və girov götürüldüklərini, Həsən Həsənovun isə, "uydurma istintaq prosesi çərçivəsində işgəncələrə məruz qoyulub" öldürüldüyünü bildirir.

"Ermənistanın bu kimi əməlləri beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarının müddəaları ilə bilavasitə ziddiyyət təşkil edir. Azərbaycan Respublikasının ərazisində Azərbaycan vətəndaşlarının sərbəst hərəkətinə Azərbaycan qanunlarında nəzərdə tutulmuş xüsusi hallar istisna olmaqla, heç kim tərəfindən məhdudiyyət və ya qadağa qoyula bilməz", - bəyanatda deyilir.

Azərbaycan Respublikası tərəfindən Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi üçün beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupunun həmsədrləri və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə iş davam etdirilir.