Müdafiə Nazirliyi: Azərbaycan vətəndaşlarının Kəlbəcərə keçməsi "şəxsi seçimdir"

Azərbaycan Müdafiə Nazirliyi üç Azərbaycan vətəndaşının Ermənistanın işğalı altında olan Kəlbəcər rayonu ərazisinə keçməsini "hər bir Azərbaycanlılın şəxsi seçimi" adlandırır.
"Bu hər bir şəxsin özünün şəxsi seçimidir, hər bir azərbaycanlının şəxsi seçimidir. ...Bu adamların Müdafiə Nazirliyinə heç bir aidiyyatı yoxdur", - nazirliyin mətuat xidmətinin rəhbəri Vaqif Dərgahlı BBC Azərbaycancaya deyib.
İyulun 10-da Ermənistan mediası Tərtər rayon Qapanlı kənd sakini Şahbaz Quliyevin Kəlbəcər rayonu istiqamətində "təxribata cəhd edərkən" tutulduğu haqda məlumat yayıb.
İyulun 14-də Ermənistan mediasında yayılan videoda Azərbaycan vətəndaşı Dilqəm Əsgərovun girov götürüldüyü göstərilir.
Kəlbəcərə səfər
Şahbaz Quliyevin əmisi oğlu Natiq Quliyev BBC Azərbaycancaya deyib ki, onun Kəlbəcərə getməsi barədə ailəsinin xəbəri olmayıb.
"Bizə deməyib ki, Kəlbəcərə gedirəm. Amma oturanda ürəyindən keçirirdi ki, kaş ki gedib o dağların suyundan içərdim. Onun ana- babası oralıdır. Ona görə Azərbaycan oğlu kimi gedib babasının qəbrini ziyarət etməyə. Oralara ancaq bu məqsədlə gedə bilər".
Onun sözlərinə görə, 46 yaşlı Şahbaz Quliyev taksi sürücüsü işləyib və Kəlbəcər işğal olunandan bəri ilk dəfədir ki ora gedib.
"Əvvəl getdiyinə inanmıram. Orda gedib nə edə bilərdi? Mən razıyam düşmənlərimizdən Şahbazı alsınlar, burda nə cəza verirlər versinlər, amma qoymasınlar elə oğul onların əlində qalsın".
İşğaldan əvvəl isə Tərtər rayonunun Qapanlı kəndində yaşayan Şahbaz Quliyev ailəsinə baş çəkmək üçün Kəlbəcərə gedərmiş. Son illər isə o, Sumqayıta köçüb və yük maşını sürücüsü işləyib.
Müdafiə Nazirliyi iyulun 11-də yaydığı rəsmi açıqlamada Şahbaz Quliyevin Azərbaycan silahlı qüvvələrində xidmət etmədiyini açıqlayıb.
Əslən Kəlbəcərli, hazırda isə Şəmkir sakini Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov BBC Azərbaycancaya deyib ki, atası ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib.
"Bizim heç bir xəbərimiz olmayıb, həmişə Rusiyaya gedib gəlirdi. Evdən çıxanda fikirləşirdik ki, Rusiyaya gedib. Sonra şəklini internetdə gördük və şoka düşdük. Yəqin doğulub boya başa çatdığı kəndinə ziyarətə gedib. Məndə olan məlumata görə, bu birinci dəfədir".
Onun sözlərinə görə, 54 yaşlı Dilqəm Əsgərov "təxribatçı" deyil, uşaqlıq illərini keçirdiyi yerləri ziyarət etmək üçün "heç kimə demədən" gedib.
"Diqqət mərkəzində"
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası iyulun 15-də yaydığı rəsmi açıqlamasında Azərbaycan vətəndaşlarının taleyinin aydınlaşdırılması ilə bağlı məsələnin "diqqət mərkəzində" olduğu qeyd olunub.
Çərşənbə günü Müdafiə Nazirliyinin saytında yerləşdirilən rəsmi açıqlamada deyilir ki, Ermənistan müdafiə naziri Seyran Ohanyanın Azərbaycan ordusunun kəşfiyyat-təxribatçı qrupları və cinayətkar elementləri cəlb etməsi, diversiyalar həyata keçirilməsi haqda dedikləri "əsassızdır".
"İşğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır, azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz və bu şəxslər heç bir dövlət sərhəddini də pozmayıblar. Azərbaycan Silahlı Qüvvələri mülki şəxsləri, qeyri-peşəkarları cəlb etmədən istənilən döyüş tapşırığını və əməliyyatı yerinə yetirmək üçün bütün imkanlara malikdir", rəsmi məlumatda deyilir.
Ermənistanın müdafiə naziri Seyran Ohanyan iyulun 12-də, bir gün öncə Kəlbəcər ərazisində azərbaycanlı təxribatçı öldürüldüyünü deyib, amma həmin şəxsin adını çəkməyib.
Ermənistan mediası təsdiqlənməmiş məlumatlara əsasən Şahbaz Quliyevin gözlərinin çıxarılması haqda məlumat yayıb. Beynəlxalq Qırmızı Xaç Komitəsi bu məsələnin də araşdırılacağını bildirib.
Əsir düşmüş şəxslərin yaxınları məsələ ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən heç bir yeni məlumat olmadığını deyirlər.
Müdafiə Komitəsi
İyulun 15-də əsir düşmüş şəxslərin hüquqlarının Müdafiəsi Komitəsi yaradılıb.
Komitə sədri jurnalist Elxan Salahov BBC Azərbaycancaya deyib ki, iyulun 15-də yaradılan komitənin tərkibinə jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri daxildir.
"Məqsədimiz Azərbaycan vətəndaşlarının azad edilıməsi məsələsini həm yerli, həm beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmaq, mediada əsirlərin taleyinə təsir edəcək səhv informasiyaların getməsinin qarşısını almaqdır".
Komitənin toplantı keçirməyə hazırlaşdığını bildirən Salahovun sözlərinə görə, Ermənistan tərəfinin əsirlərlə davranışını psilədiyini qeyd edib.
"Toplantıda Ermənistan hakimiyyətinə mesajlarımızı çatdıracağıq ki, Azərbaycan vətəndaşları ilə belə davranmaq nəinki beynəlxalq hüquq normalarına ziddir. Biz həmvətənlərimizlə bu davranışı pisləyirik və beynəlxalq təşkilatları bu şəxslərin tezliklə geri qaytarılması üçün çox ciddi addımlar atmağa çağırırıq".
1990-cı illərin əvvəllərində Sovet İttifaqı dağılanda Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinə görə müharibəyə başlayıb. Kəlbəcər də daxil olmaqda Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon 1992-93 ildən Ermənistan tərəfindən işğal olunub. Artıq tez-tez pozulan atəşkəs sazişi imzalanmadan öncə 30 min adam həlak olub və 1 milyon insan evindən didərgin düşüb.
Münaqişə 20 ilə yaxındır ki, davam edir və beynəlxalq səylərə baxmayaraq, həllini tapmayıb.
























