BQX nümayəndələri azərbaycanlı əsirlərlə görüşüb

Beynəlxalq Qızıl Xaç Komitəsinin(BQX) nümayəndələri iyulun əvvəlində Kəlbəcərdə girov götürülmüş iki azərbaycanlı ilə görüşüb.
"İş prinsipimizə uyğun olaraq saxlanılan şəxslərin vəziyyəti və yeri barədə məlumat açıqlaya bilmərik. Görüş barədə bizim əlimizdə olan məlumat budur", komitənin Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova BBC Azərbaycancaya deyib.
İyulun 10-da Ermənistan mediası Tərtər rayon Qapanlı kənd sakini Şahbaz Quliyevin Kəlbəcər rayonu istiqamətində "təxribata cəhd edərkən" tutulduğu haqda məlumat yayıb.
Şahbaz Quliyevin əmisi oğlu Natiq Quliyev BBC Azərbaycancaya bildirib ki, qohumunun Kəlbəcərə getməsi barədə ailəsinin xəbəri olmayıb.
İyulun 14-də Ermənistan mediasında yayılan videoda isə Azərbaycan vətəndaşı Dilqəm Əsgərovun girov götürüldüyü göstərilir. Əslən Kəlbəcərdən olan Dilqəm Əsgərovun isə uşaqlıq illərini keçirdiyi yerləri ziyarət etmək üçün Kəlbəcərə getdiyi bildirilir.
Müdafiə Nazirliyi hər üç şəxsin onlara "heç bir aiddiyatı olmadığını" bildirib və şəxslərin Kəlbəcər rayonu ərazisinə keçməsini "hər bir Azərbaycanlılın şəxsi seçimi" adlandırıb.
Ermənistanın müdafiə naziri Seyran Ohanyan iyulun 18-də Azadlıq radiosuun erməni xidmətinə deyib ki, iyulun 14-də 17 yaşlı Smbat Sakanyanın meyiti tapılıb və ilkin ehtimallara görə, bu hadisəni "təxribat qrupunun sonuncu tutulan 54 yaşlı üzvü Dilqəm Əsgərov törədib".




















