Avtomobiliniz niyə şəxsi məlumatlarınızı toplayıb satır?

Şəklin mənbəyi, Serenity Strull/ Getty Images
- Müəllif, BBC Future
- Çap edildi
- Oxuma vaxtı: 7 dəq
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Əvvəllər maşınlar azadlıq demək idi.
Ailəmizə məxsus Toyota-nın açarlarını ilk dəfə alanda, bu, bir növ yetkinlik ritualları kimi idi.
Valideynlərimin nəzarətindən uzaqlaşıb, qərarlarımın tamamilə mənə aid olduğu bir dünyaya addım atacaq qədər böyümüşdüm artıq.
Amma indi işlər dəyişir.
Bu gün müasir maşınlar, əslində, təkərlər üzərində hərəkət edən mobil kompüterlərdir.
Nəhəng şirkətlər də bu nəqliyyat vasitələrindən artıq həyatınızın məhrəm detallarını toplamaq və daha çox pul qazanmaq üçün istifadə edir.
Maşın sürməyin təklik və müstəqillik üçün bir fürsət olduğunu düşünürsünüzsə, bir daha düşünün. Vəziyyət daha da pisləşəcək kimi görünür.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Avtomobil şirkətlərinin məxfilik siyasətlərini yaxından araşdırsanız, əslində, sizə bu barədə əvvəlcədən xəbərdarlıq etdiklərini görəcəksiniz.
Topladıqları məlumatlara getdiyiniz hər yerin dəqiq yerləşmə (koordinat) datası, maşında sizinlə birlikdə kimin olduğu, radioda nəyin səsləndiyi, təhlükəsizlik kəmərini taxıb-taxmadığınız, çox sürətlə sürüb-sürmədiyiniz və ya əyləcə çox sərt basıb-basmadığınız daxil ola bilər.
Bəziləri isə çəkiniz, yaşınız, irqiniz və üz ifadələriniz kimi heç gözləmədiyiniz detalları belə toplaya bilir.
Maşınınızda burnunuzu təmizləməyə çalışırsınız?
Bəzi maşınların içində sürücü oturacağına tərəf yönəldilmiş kameralar belə var. Əksər nəqliyyat vasitələrində də siz maşın sürərkən bu məlumatları göndərə bilən internet bağlantısı mövcuddur.
Bu, sizə pul itirə biləcəyiniz bir məxfilik problemidir.
Avtomobil məlumatlarının ən böyük müştəriləri arasında sığorta şirkətləri yer alır və onlar bu məlumatlardan bəzi sürücülərin avtomobil sığortası haqlarını qaldırmaq üçün istifadə edirlər.
Fəqət məlumatlarınızın hara getdiyini bilməyinizə də imkan yoxdur.
Bəzi avtomobil şirkətləri məlumatlarınızı satdıqlarını qəbul edirlər, amma onu kimin satın aldığını demək məcburiyyətləri də yoxdur.
Bunu bir az qorxulu hesab etməyiniz normaldır.
Ekspertlər deyirlər ki, istehlakçıların əksəriyyəti məlumatlarının toplanıb satılmasından belə xəbərsizdir.
Vaşinqtondakı Brukinqs İnstitutunun Texnoloji İnnovasiya Mərkəzinin baş elmi işçisi Darel Vest : "İnsanlar, maşınlarının topladığı və istehsalçıya yaxud üçüncü tərəf tətbiqlərinə ötürdüyü məlumat nöqtələrinin sayını öyrənəndə şoka düşə bilərlər", — deyir.
Vəziyyəti bu cür xülasə edir: "Bu, əslində, həyatınızın demək olar ki, saniyə-saniyə yenidən canlandırıla biləcəyi mənasına gəlir".
Hələ də narahatlıq hiss etmirsiniz?
Üstəlik, ABŞ-da federal səviyyədə tətbiq olunması planlaşdırılan bir qanun idarə etdiyiniz maşının sizin haqqınızda toplaya biləcəyi məlumatın miqdarının artmasına şərait yaradır.
Yaxın gələcəkdə Amerika avtomobil şirkətlərindən bədən dilinizi skan etmək, gözlərinizi və ya davranışlarınızı izləmək, həmçinin maşın sürə bilməyəcək qədər sərxoş və ya yorğun olub-olmadığınızı müəyyən etmək üçün infraqırmızı biometrik kameralar və digər sistemlər quraşdırmaları tələb olunacaq.
Ancaq bu, eyni zamanda sağlamlığınız və vərdişləriniz haqqında tamamilə yeni bir məlumat xəzinəsinin də qapısını açacaq.
Avtomobil şirkətlərinin bu məlumatlarla nə edə biləcəyinə dair isə heç bir qayda yoxdur.
Əlbəttə, faydaları da var. İnternet bağlantılı maşınlar daha rahat ola bilər. Üzlərindəki sensorlar sürüşü daha təhlükəsiz və komfortlu edə bilər.
Sığorta şirkətləri yaxşı sürücü olduğunuz üçün sizdən daha az ödəniş tələb edə bilər.
Ancaq avtomobil istehsalçılarının məlumat imperiyalarını genişləndirməyə hazırlaşdığı bu dövrdə, kapotun altında nələrin baş verdiyini və bunun sizə necə təsir etdiyini anlamaq kritik əhəmiyyət kəsb edir.
Məlumat magistralı
Nisbətən yeni bir maşına sahib olsanız belə, çox güman ki, internet bağlantısı olan bir nəqliyyat vasitəsindəsiniz.
Konsaltinq şirkəti "McKinsey" 2021-ci ildə yollardakı maşınların 50%-nin internet bağlantısına sahib olduğunu və bu rəqəmin 2030-cu ilə qədər 95%-ə yüksələcəyini proqnozlaşdırır.
Əgər maşınınız internetə bağlıdırsa, şəxsi məlumatlar və məxfilik mütləq əhəmiyyət verməli olduğunuz bir mövzudur.
Avtomobil şirkətləri telefonunuzu məlumat-əyləncə (info-entertainment) sisteminə qoşduğunuzda və ya sürmək üçün nəzərdə tutulmuş müəyyən tətbiqlərdən istifadə etdiyinizdə də sizi izləyə bilir.
Bəzi sürücülər isə potensial endirimlər qarşılığında sığorta şirkətlərinin təqibə imkan verən telemetriya sistemindən istifadə edirlər.
"Firefox" internet brauzerinin istehsalçısı "Mozilla"nın 2023-cü ildə apardığı bir analiz çərçivəsində 25 avtomobil markasının məxfilik siyasəti araşdırılıb.
Onlardan heç biri "Mozilla"nın markaları müqayisə etmək üçün istifadə etdiyi məxfilik və təhlükəsizlik standartlarına cavab verə bilməyib.
"Mozilla" avtomobillərin "məxfilik baxımından indiyə qədər araşdırdıqları ən bərbad məhsul kateqoriyası" olduğunu bəyan edib.
Hesabata görə, avtomobil şirkətləri adınız, yaşınız, irqiniz, çəkiniz, maliyyə məlumatlarınız, üz ifadələriniz, psixoloji meyilləriniz və daha bir çox detal daxil olmaqla, məlumatları toplamaq hüququnu özündə saxlayır.
Məsələn, "Kia"nın məxfilik siyasətində şirkətin hətta sizin "cinsi həyatınız" və ümumi sağlamlığınız barədə də məlumat toplaya biləcəyi qeyd olunub.
"Kia"nın mətbuat katibi Ceyms Bell şirkətin, əslində, sürücülərin cinsi həyatı və ya sağlamlığı haqqında heç vaxt məlumat toplamadığını deyir.
Bell qeyd edir ki, bu məlumatların Kia-nın məxfilik siyasətinə daxil edilməsinin səbəbi Kaliforniya ştatında onların "həssas məlumatlar" anlayışına aid edilməsidir.
Bell vurğulayır ki, "Kia"nın məxfilik təcrübələri şəffafdır və şirkət məlumatları sığorta şirkətləri ilə yalnız sürücülər icazə verdiyi təqdirdə paylaşır.
Lakin şirkət hansı növ "həssas məlumatları" topladığını açıqlamayıb.

Şəklin mənbəyi, Serenity Strull/ Getty Images
Maşınlar ağlınıza belə gəlməyəcək yerlər də daxil olmaqla, sensorlarla doludur. Oturacaqlarda, cihazlar panelində, mühərrikdə, sükanda — ağlınıza gələ biləcək hər yerdə.
Məsələn, bir çox maşının həm içində, həm də çölündə kameralar var.
Əgər yeni model bir maşında nəsə edirsinizsə, şirkətlərin bundan xəbər tutmasının bir yolunun olması ehtimalı olduqca yüksəkdir.
"Mozilla" 19 avtomobil şirkətinin məlumat satışı edə biləcəklərini qeyd etdiyinə diqqət çəkib və hazırda tam olaraq bu baş verir.
ABŞ-da "General Motors" (GM) şirkətinə qarşı, razılıq olmadan nəqliyyat vasitəsinin yerləşmə məlumatlarını satdığı iddiası ilə məhkəmə iddiası qaldırılıb.
ABŞ senatorları "Honda" və "Hyundai" şirkətlərini də bənzər əməllərə görə ittiham ediblər və üstəlik, bunlar yalnız ictimaiyyətə məlum olan nümunələrdir.
Mozillanın avtomobil araşdırmasını idarə edən şəxsi məlumatlar üzrə ekspert Cen Kaltrider : "Sizin haqqınızda topladıqları bütün məlumatları götürür və kim olduğunuz, nə qədər ağıllı olduğunuz, psixoloji profilinizin necə olduğu, siyasi əqidənizin nədən ibarət olduğu barədə təxminlər etmək üçün istifadə edirlər", - deyir.
Kaltriderə görə, bu məlumatları kimin satın ala biləcəyi və ya nə üçün istifadə ediləcəyi barədə heç bir qayda yoxdur:
- Bu məlumatlar sizə məhsul reklam etmək üçün istifadə oluna bilər.
- Şirkətlər işə qəbul qərarlarında bu məlumatlardan istifadə edə bilər.
- Hüquq-mühafizə orqanları məhkəmə qərarı ala bilmədikləri təqdirdə avtomobil məlumatlarını satın ala bilərlər.
Məlumatlar cihazlar panelinizdən çıxdıqdan sonra, onun hara getdiyi barədə heç bir nəzarətiniz qalmır.
Vəziyyət daha da pisləşə bilər
Bu vəziyyət şirkətlərin şəxsi həyatınıza burunlarını soxmasından daha ciddi fəsadlara yol açır.
Məsələn, "General Motors" sürücü məlumatlarını istehlakçılar haqqında məlumat alıb-satan "LexisNexis" adlı məlumat vasitəçisi şirkətinə satıb.
Məlumatlarının surətini əldə edən bir sürücü iddia edib ki, "LexisNexis"in əlində onun və həyat yoldaşının altı ay ərzində etdiyi hər bir səfərin detallarını ehtiva edən 130 səhifəlik məlumat var.
Həmin sürücü "New York Times" qəzetinə verdiyi açıqlamada, sığorta haqlarının 21% artmasından sonra danışdığı sığorta agentinin bu artımda sözügedən məlumatların təsirli olduğunu dediyini bildirib.
"LexisNexis" şərh tələbinə cavab verməyib.
ABŞ Federal Ticarət Komissiyası (FTC) hərəkətə keçib və GM şirkətinə beş il müddətinə avtomobil məlumatlarını satmaq qadağan edilib.
Amma sürücülərdən açıq razılıq alınması kimi bəzi şərtləri yerinə yetirməsi təqdirdə daha sonra bu təcrübəyə davam edə biləcək.
Bu arada, "LexisNexis" kimi şirkətlər avtomobil istehsalçılarından və insanların sürüş zamanı istifadə etdiyi tətbiqlərdən əldə etdikləri məlumatları satmağa davam edirlər.
GM və "LexisNexis" şərh tələblərinə cavab verməyib.
Sığorta şirkətləri, avtomobil istehsalçıları və məlumat vasitəçiləri arasındakı müqavilələr geniş yayılıb və bu proseslər qəbul etdiyiniz məxfilik siyasətlərində açıq şəkildə qeyd olunduğu müddətcə, hər şey tamamilə qanunidir.
ABŞ-da fəaliyyət göstərən və mənfəət məqsədi güdməyən "Amerikan İstehlakçı Federasiyası"nda avtomobil sığortası sahəsində araşdırma aparan Maykl Delonq : "Sığorta şirkətləri xüsusilə istehlakçıların sürüş məlumatları olmaqla, çox böyük həcmdə müştəri datası toplayır və bundan insanlardan daha yüksək sığorta haqqı tələb etmək, təminatdan imtina etmək və ya istehlakçıları müxtəlif kateqoriyalara ayırmaq üçün istifadə edirlər", - deyir.
Avtomobil şirkətləri sizi təqib etməzdən əvvəl icazə aldıqlarını bildirirlər.
Təcrübədə bu, adətən maşınınızın məlumat-əyləncə sistemini və ya tətbiqlərini quraşdırarkən formaları və məxfilik siyasətlərini qəbul etməyiniz mənasına gəlir. Bəzi maşınlarda mühərriki hər dəfə işə saldıqda bunlar qarşınıza çıxır. Bəs bunları oxumusunuzmu? Əlbəttə ki, xeyr.
ABŞ-da milli səviyyədə bir məxfilik qanunu yoxdur. Müxtəlif ştatlarda şəxsi məlumatların qorunması pərakəndə formadadır və bəzi ekspertlərə görə, kifayət qədər deyil.
Avropada, xüsusən də Böyük Britaniyada vəziyyət bir az daha yaxşıdır.
Müəyyən həssas məlumat kateqoriyaları üçün xüsusi qorunma mexanizmləri var və istehlakçıların öz məlumatlarına çıxış əldə etmələrinə, həmçinin şirkətlərdən bu məlumatları silmələrini tələb etmələrinə imkan verən bəzi hüquqları mövcuddur.
Lakin bu problem Avropada da tam həllini tapmayıb.
Kaltrider: "Qaydaların izlənildiyinə və tətbiq olunduğuna güvənmək məcburiyyətindəsiniz və bu, xüsusilə avtomobillərdə hər zaman baş vermir", - deyə qeyd edir.
Problem yeni deyil, lakin pisləşdiyini düşünməyə əsas verən səbəblər var.
ABŞ qanunlarına görə, avtomobil istehsalçıları növbəti bir neçə il ərzində yeni minik avtomobillərinə "təkmilləşdirilmiş sərxoş vəziyyətdə sürücülüyün qarşısını alma texnologiyası" quraşdırmalı olacaqlar.
Bu texnologiya infraqırmızı kameralar və ya digər sistemlərdən istifadə edərək sərxoş, yorğun və ya maşın sürməyə uyğun olmayan şəxslərin sükan arxasına keçməsinə mane olmağı hədəfləyir.
Kaltrider və digərlərinin vurğuladığı əsas problem isə qanunda bu sistemlərin yaratdığı məlumatların sonrakı taleyi ilə bağlı heç bir bəndin olmamasıdır.
Qanunu icra etməklə vəzifələndirilən ABŞ Milli Magistral Trafik Təhlükəsizliyi İdarəsinin (NHTSA) mətbuat katibi: "NHTSA əlindəki hər bir imkandan istifadə edərək sərxoş sürücülər səbəbindən baş verən ölümləri azaltmaqda israrlıdır və məxfilik narahatlıqları kimi 'kritik və mürəkkəb məsələləri' araşdırmağa davam edir", - deyib.
Texnologiya hələ tam hazır olmadığı üçün bu qanunun tətbiqinin gecikməsi mümkündür, lakin məxfilik müdafiəçiləri artıq həyəcan təbili çalırlar.
Kaltrider: "Sərxoş sürücüləri yollardan uzaq tutmalıyıq və məlumatların başqa məqsədlər üçün istifadə edilməyəcəyinə dair bir zəmanət olsaydı, əla olardı, lakin hazırda vəziyyət belə deyil", - deyir.
O bu məqama diqqət çəkir: "Avtomobillərdə gördüyümüz məlumat toplama sahəsindəki inkişafın böyük hissəsi təhlükəsizlik bəhanəsi ilə edilir".
Mövcud şəraitdə avtomobil sənayesi heç bir təhlükəsizlik tədbiri olmadan tibbi məlumatlara qədər uzanan bir data xəzinəsi əldə edə bilər.
Bir çox məxfilik problemləri kimi, avtomobil məlumatları problemi də tamamilə həll edilə bilən bir məsələ deyil, lakin ata biləcəyiniz bəzi addımlar var.
Delonq nümunə göstərərək deyir: "Məxfiliklə bağlı narahatlıqlarınız varsa, sığorta telemetriya proqramına qeydiyyatdan keçməyin".
Məxfilik riskləri böyükdür və gəliri zəmanətli deyil.
Merilend ştatında aparılan bir analiz ortaya çıxarıb ki, sürücülərin 31%-nin sığorta haqları düşüb, lakin 24%-nin sığorta haqları artıb, 45%-ində isə heç bir dəyişiklik baş verməyib.
Böyük Britaniya, Aİ və bəzi ABŞ ştatlarında şirkətlərin haqqınızda topladığı məlumatların surətini tələb edə bilər və bu məlumatların satılmasını və ya paylaşılmasını rədd edə bilərsiniz.
Həmçinin şirkətlərdən bu məlumatları silmələrini də tələb etmək hüququnuz var.
Bəzi avtomobil istehsalçıları məlumat paylaşımını və toplanmasını məhdudlaşdıra bilən məxfilik parametrləri təklif edir. Maşınınızın məlumat-əyləncə sistemində və avtomobilinizlə işləyən hər hansı bir tətbiqin tənzimləmələrində bu seçimləri axtarın.
Kaltriderə görə, bu kimi addımlar kömək edə bilər, lakin şirkətlərin məxfiliyinizi pozmasının qarşısını almaq üçün bu qədər iş görmək sizin öhdəliyiniz olmamalıdır.
"Oyunun qaydaları tamamilə dəyişənə qədər, məlumatlarımızın sahibi özümüz olanadək və şirkətlər onlardan istifadə etmək üçün bizdən icazə istəyənə qədər bu problem getdikcə daha da pisləşməyə davam edəcək".


























