Kəlbəcərdə girov götürülənlərin qohumları məktublara inanmır

İyulun əvvəlində Kəlbəcərdə girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərov Beynəlxalq Qırmızı Xaç Komitəsi(BQX) vasitəsilə ailələrinə məktub göndərib.
Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov BBC Azərbaycancaya deyib ki, məktubda girovun harda saxlanılması və ona qarşı ittiham irəli sürülməsi haqda "heç bir şey yazılmayıb".
"Məktubda hamıya salam göndərib və salamat olduğunu yazıb. Yalnız hal-əhval tutub".
Şahbaz Quliyevin əmisi oğlu Natiq Quliyev BBC Azərbaycancaya oxşar məktub aldıqlarını bildirib.
"Yazıb ki, yaxşıyam, qızımdan mugayət olun. Başqa heç nə. Saxlanılması barədə heç nə məlumat yoxdur. Heç bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsi də məlumat vermədi".
Quliyev məktubun əl yazısının Şahbaz Quliyevinkinə oxşadığını desə də, onun iki-üç sətr yaza biləcəyinə "inanmır".
"O boyda adamdan üç sətir məktub gətiriblər. Bunun şəkli yoxdumu, səsi yoxdumu? Mən şəxsən inanmadım. Özüm də etirazımı komitəyə bildirdim".
BQX tənqid olunur
Girov düşmüş şəxslərin hüquqlarının Müdafiəsi Komitəsinin sədri jurnalist Elxan Salahov hesab edir ki, hər iki şəxslə bağlı məsələ "ciddi dövlət nəzarətində" olsa da, BQX onların azad edilməsi üçün "ciddi işlər görmür".
Onun sözlərinə görə, girovlara qarşı açılan cinayət işinin beynəlxalq hüquq normalarına uyğun olub-olmaması haqda araşdırma aparır və yaxın günlərdə bununla bağlı bəyanat veriləcək.
BQX-nın mətbuat katibi İlahə Hüseynova BBC Azərbaycancaya deyib ki, komitə öz mandatı ilə bağlı fəaliyyətləri həyata keçirmək üçün "əlindən gələni edir".
"Yəni hər addım barədə ictimaiyyətə məlumat verilmirsə, bu o demək deyil ki, komitə aktiv deyil. Sadəcə olaraq müəyyən məsələləri biz konfedensial şəkildə tərəflərlə müzakirə edirik. Məktub da sırf ailə üçün yazılıb, komitə məktuba heç nə əlavə edə bilməz".
İyulun 10-da Ermənistan mediası Tərtər rayon Qapanlı kənd sakini Şahbaz Quliyevin Kəlbəcər rayonu istiqamətində "təxribata cəhd edərkən" tutulduğu haqda məlumat yayıb.
Şahbaz Quliyevin əmisi oğlu Natiq Quliyev BBC Azərbaycancaya bildirib ki, qohumunun Kəlbəcərə getməsi barədə ailəsinin xəbəri olmayıb.
İyulun 14-də Ermənistan mediasında yayılan videoda isə Azərbaycan vətəndaşı Dilqəm Əsgərovun girov götürüldüyü göstərilir. Əslən Kəlbəcərdən olan Dilqəm Əsgərovun isə uşaqlıq illərini keçirdiyi yerləri ziyarət etmək üçün Kəlbəcərə getdiyi bildirilir.
Müdafiə Nazirliyi hər üç şəxsin onlara "heç bir aiddiyatı olmadığını" bildirib və şəxslərin Kəlbəcər rayonu ərazisinə keçməsini "hər bir Azərbaycanlılın şəxsi seçimi" adlandırıb.
Ermənistanın müdafiə naziri Seyran Ohanyan iyulun 18-də Azadlıq radiosuun erməni xidmətinə deyib ki, iyulun 14-də 17 yaşlı Smbat Sakanyanın meyiti tapılıb və ilkin ehtimallara görə, bu hadisəni "təxribat qrupunun sonuncu tutulan 54 yaşlı üzvü Dilqəm Əsgərov törədib".
Qeyd: Daha öncə yazının başlığında texniki səhv gedib. Hazırda "Ermənistanda girov götürülənlərin qohumları məktublara inanmır" başlığı "Kəlbəcərdə girov götürülənlərin qohumları məktublara inanmır" cümləsilə əvəz olunub.
























