Azərbaycandan üçüncü ölkəyə göndərilən keçmiş erməni əsir Ermənistana qayıdıb

Şəklin mənbəyi, BBC World Service
Bu il sentyabrın 2-də Azərbaycandan üçüncü ölkəyə göndərilmiş erməni əsgəri Hakob İnciğulyan çərşənbə günü Ermənistana qayıdıb.
Dağlıq Qarabağda hərbi xidmətdə olan Hakob İnciğulyan ötən il avqustun 8-də təmas xəttinin Azərbaycan silahlı qüvvələrinin nəzarəti altında olan ərazidə saxlanıb.
Bir ay bundan əvvəl Azərbaycandan Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyilə üçüncü ölkəyə təhvil verilən İnciğulyan anasına zəng edib və Rumıniyada qaçqınlar düşərgəsində olduğunu bildirib.
Hakob “evə” qayıtdığına sevindiyini bildirib və heç vaxt başqa ölkəyə getmək istəmədiyini deyib.
“Mən indi tibbi müayinədən keçib, yenə hərbi xidmətimə qayıdacağam. Əsgərliyimin sonuna 9 ay qalıb”, - Hakob aeroportda onu qarşılayan jurnalistlərə deyib.

Şəklin mənbəyi, BBC World Service
Hələ ötən il, Hakob İnciğulyan əsir düşəndə, Ermənistan hərbi rəhbərliyi onun azıb təmas xəttini keçdiyini və qayıtdıqdan sonra cəzalandırılmayacağını bəyan etmişdi.
Azərbaycanda əsirlikdə olduğu zaman İnciğulyan televiziya kameraları qarşısında Ermənistan ordusunda dözülməz şəraitdən şikayətlənmiş və komandiri tərəfindən döyüldüyünə görə qaçıb Azərbaycan tərəfinə keçdiyini demişdi.
Yerevanda isə o, bu sözləri deməyə "məcbur edildiyini" bildirib.
“Döyüb, söyürdülər, incidirdilər. Müsahibədən qabaq və Qızıl Xaçın əməkdaşları gəlməzdən əvvəl məni öyrədirdilər ki, nə deməliyəm, evə yazdığım məktubları oxuyurdular“, o iddia edib.
İnciğulyan Bakıda “hərbi koloniyada beşmərtəbəli binada qıfıllı otaqda” saxlanıldığını söyləyib.
























