Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür
Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.
Canlı reportaj
Azərbaycandə məscid, sinaqoq və kilsələrdə anım mərasimləri keçirilib
Bu gün Bakıda, Heydər məscidində İkinci Qarabağ Müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş Vəhdət namazı qılınıb, Azərtac xəbər agentliyi bildirir.
Agentlik yazır ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə "bu gün sünni və şiə məzhəbində olanların şəhidlərimizin ruhuna birlikdə dua etdiklərini" açıqlayıb.
“Həm Birinci Vətən müharibəsi, həm də İkinci Vətən müharibəsi dövründə şəhidlərimiz oldu, Allah onlara rəhmət eləsin!” Şeyxülislam deyib.
Anım mərasimləri paytaxtdan başqa, Sumqayıt, Quba, Gəncə, Şamaxı, Lənkəran, Şəki məscidləri, Bakıda və Gəncədə kilsələrdə və Bakıda Avropa yəhudilərinin (Aşkenazi) sinaqoqunda keçirilib.
Bundan başqa, əhali Bakıda Şəhidlər Xiyabanını ziyarət edib.
Şəklin mənbəyi, APA
Türkiyənin Azərbaycandakı Səfirliyi İkinci Qarabağ Müharibəsində həlak olanlara görə başsağlığı verib.
Səfirlik bu barədə, Facebook sosial şəbəkə hesabında yazıb.
“Azərbaycan ərazisinin bütövlüyü uğrunda həyatını fəda etmiş 2783 qardaşımızı rəhmətlə yad edir, yaralı qardaşlarımıza tezliklə sağalmalarını arzulayırıq. “Bir millət, iki dövlət” anlayışı ilə hər zaman Azərbaycanın yanında olacağımızı bir daha bildiririk”, - qurum bildirib.
İkinci Qarabağ Müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb
Cümə günü Azərbaycanda 44 günlük İkinci Qarabağ Müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Bir dəqiqəlik sükutla əlaqədar olaraq ölkədə Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən, Bakı buxtasındakı gəmilərdən səs siqnalları verilib.
Sükut dəqiqəsi Prezident İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında 3 dekabr Sərəncamı ilə baş tutub.
Azərtac xəbər agentliyi "bu gün Azərbaycanın bütün şəhər və rayonlarındakı məscidlərdə, kilsə və sinaqoqlarda Vətən müharibəsi şəhidlərinin anma mərasimləri keçiriləcəyini" xəbər verib.
Prezident İlham Əliyev BMT BA-nın xüsusi sessiyasında çıxış edib
Şəklin mənbəyi, president.az
"Azərbaycanda koronavirusla mübarizə heç bir xarici maliyyə
dəstəyi olmadan, yalnız daxili mənbələr hesabına maliyyələşdirilib”.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 3-də
Nyu-Yorkda BMT Baş Assambleyasının (BA) COVID-19 pandemiyası ilə mübarizəyə
həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində keçirilən xüsusi
sessiyasında çıxış edib, Azərbaycan Prezidentinin rəsmi saytı xəbər verir.
Cənab Əliyev “Azərbaycanın
virusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata
keçirdiyini” bəyan edib.
“COVID-19 ilə bağlı yaranmış vəziyyətə müvafiq olaraq
tərəfimizdən adekvat addımlar atılıb. Bu gün ölkə üzrə koronaviruslu xəstələr
46 dövlət xəstəxanasında müalicə olunur. Pandemiya başladığı zaman bizim 6
funksional laboratoriyamız var idi. Hazırda fəaliyyətdə olan
laboratoriyalarımızın sayı 40-dan artıqdır. Pandemiyanın mənfi təsirinin
qarşısının alınması məqsədilə hökumət tərəfindən 2.5 milyard ABŞ dolları
həcmində iqtisadi-sosial yardım və maliyyə dəstəyi paketi təqdim edilib. Sosial
yardım tədbirləri 5 milyon insanı əhatə edir ki, bu da ölkə əhalisinin yarısı
deməkdir”, Azərbaycan Prezidenti deyib.
İlham Əliyev “pandemiya başlayandan bəri Azərbaycanın
Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasda olduğunu” vurğulayıb.
O, bildirib ki, Azərbaycan “pandemiyanın ilk vaxtlarında dəyərli
tövsiyələrinə və öz mütəxəssislərini ölkəmizə ezam etdiyinə görə təşkilata
minnətdardır”,
“Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə
mübarizədə nümunəvi ölkə adlandırıb. Biz Ümumdünya Səhiyyə Təşkilatına toplam
10 milyon ABŞ dolları həcmində iki dəfə könüllü maliyyə töhfəsi etmişik.
Bununla yanaşı, bu günədək Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə
yardımı göstərib”, Prezident deyib.
Azərbaycanın pandemiya dövründə qlobal atəşkəslə bağlı BMT Baş
katibinin təşəbbüsünü dəstəklədiyini vurğulayan İlham Əliyev "Ermənistanın bu
çağırışa məhəl qoymadığını" deyib.
“Son iki il ərzində Ermənistan danışıqlar prosesini məqsədyönlü
şəkildə məhv edib. Ermənistanın Baş naziri “Qarabağ Ermənistandır” kimi bir
sıra təxribatçı bəyanatları ilə danışıqlara son qoydu və Ermənistanın müdafiə
naziri “yeni ərazilər uğrunda yeni müharibə”yə çağırış etdi”, o əlavə edib.
İlham Əliyev deyib ki, “cari ilin iyul ayında Ermənistan
regionda yeni gərginlik mənbəyi yaratmaq, yeni əraziləri işğal etmək və
Azərbaycanın strateji enerji infrastruktur layihələrinə zərbə vurmaq məqsədilə
dövlət sərhədində hərbi təxribat törədib”.
“Daha sonra, avqust ayında Ermənistanın diversiya qrupu təmas
xəttini keçməyə cəhd etdi. Sentyabrın 24-də BMT Baş Assambleyasının ümumi
müzakirələri çərçivəsində çıxışım zamanı mən Ermənistanın yeni müharibəyə
hazırlaşması ilə bağlı xəbərdarlıq etmişdim. Sentyabrın 27-də Ermənistan
Azərbaycana qarşı irimiqyaslı hərbi təxribata başladı. Azərbaycanın döyüş
bölgəsinə yaxın ərazilərdə yerləşən Tərtər və digər şəhərləri 44 gün ərzində
Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşinə məruz qaldı”,
Azərbaycan Prezidenti 44cgünlük müharibənin başlaması ilə bağlı bir daha açıqlama
verib.
O, Ermənistan döyüş bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə,
Mingəçevir, Qəbələ, Siyəzən və digər şəhərlərə qarşı ballistik raketlərdən
istifadə etdiyini BMT BA-nın iclasının iştirakçılarının nəzərinə çatdırıb.
Azərbaycanın bu müharibədə verdiyi mülki itkilərdən bəhs edən
İlham Əliyev deyib ki, “nəticədə 11 nəfəri uşaq olmaqla, 94 mülki şəxs qətlə
yetirilmiş, 400-dən artıq insan yaralanıb”.
“Azərbaycan Ordusu bunun layiqli cavabını verib, ölkə
vətəndaşlarını və ərazisini müdafiə edərək uğurlu əks-hücum əməliyyatı başlamış
və işğal olunmuş ərazilərin böyük bir hissəsini azad edib. Hərbi əməliyyatlar
zamanı qazanılmış Qələbə işğalçını təslim olmağa məcbur etdi. Azərbaycan və
Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən noyabrın 10-da
üçtərəfli Bəyanatın imzalanması nəticəsində Azərbaycanın işğal altında olan
digər əraziləri də azad edildi”.
İlham Əliyev deyib ki, o vaxtdan etibarən, “təqribən bir aydır
ki, atəşkəsə əməl olunur”.
“Atəşkəsə Nəzarət üzrə Birgə Monitorinq Mərkəzi vasitəsilə
Türkiyə və Rusiya atəşkəsin təmin edilməsi işində vacib rol oynayır. Beləliklə,
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib.
Beynəlxalq hüquqa məhəl qoyulmadığı üçün
BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi.
Nəticədə təcavüzkar dövlət sülhə məcbur edilib”, Azərbaycan Prezidenti deyib.
Azərbaycan XİN Fransa Milli Assambleyası tərəfindən qəbul edilmiş qətnamə ilə bağlı şərh verib
Şəklin mənbəyi, Azərbaycan Xarici İşlər Nazirliyi
Fransa Milli
Assambleyasının “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının
qorunması” adlı qətnaməni qəbul etməsi Fransa Parlamentinin növbəti tamamilə
əsassız, qeyri-dost və təxribatçı fəaliyyətidir, Senatın ardınca Aşağı
Palatanın qərəzli qətnamə qəbul etməsi Azərbaycana qarşı aparılan davamlı
kampaniyadan xəbər verir, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumat
yayıb.
Məlumatda bildirilir ki,
“qətnamənin adından da göründüyü kimi, reallıqla heç bir əlaqəsi olmayan,
məsələyə dini çalarlar qatmaq istəyən Milli Assambleya üzvləri ermənipərəst
mövqelərini süni əsaslandırma ilə təqdim etməyə çalışır”.
“Azərbaycan müxtəlif
dini etiqad və etnik mənsubiyyətə malik insanların harmoniya və sülh şəraitində
bir ailə kimi yaşadığı çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Biz
Ermənistan-Azərbaycan münaqişəsini dinlərarası və sivilizasiyalarası toqquşma
kimi qələmə vermək cəhdlərini rədd edir, sülh və təhlükəsizlik üçün ciddi
təhdid olan bu cür yanaşmanı qətiyyətlə pisləyirik”, Azərbaycan XİN bildirir.
Qurum bəyan edir ki, “bu
qətnamənin hüquqi qüvvəsi yoxdur”.
“Lakin,
Senatın halında olduğu kimi, Milli Assambleyanın sənədinin siyasi mənasını
nəzərə alaraq, bu kökündən yalnış qətnamələrin beynəlxalq hüququnun norma və
prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik
Şurasının 1993-cü il tarixli qətnamələri, eləcə də Azərbaycan ilə Fransa
arasında mövcud olan ikitərəfli sənədlər ilə ziddiyyət təşkil etdiyini
vurğulamaq istərdik. Fransa qanunverici orqanının bu addımı ölkənin vasitəçi
mandatına ciddi zərbə vurur, eləcə də ikitərəfli münasibətlərə kölgə salır”,
nazirliyin şərhində deyilir.
Azərbaycan XİN vurğulayır
ki, “Fransa Milli Assambleyası bu günədək etnik təmizləməyə məruz qalan və
fundamental insan hüquqları pozulan bir milyon azərbaycanlı haqqında bir dəfə
də olsun dinləmə keçirməyib və hər hansı qətnamə qəbul etməyib”: “Bu isə Fransa
qanunverici orqanının tam qərəzli mövqe tutduğunu açıq şəkildə nümayiş etdirir”.
Qurum həmçinin “Milli
Assambleya tərəfindən Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr
2020-ci il tarixli bəyanatının müddəaları ilə tam ziddiyyət təşkil edən
yanaşmanın sərgilənməsi həm bölgədə həm də qlobal səviyyədə sülh və təhlükəsizliyin
təmin edilməsi səylərinə ciddi xələl gətirdiyin” bildirir.
“Qeyd etmək istətdik ki,
Milli Assambleyanın əsassız və qərəzli qətnamə qəbul etməsi ilə bağlı Fransanın
Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq və Azərbaycan
tərəfinin qəti etirazı qarşı tərəfin diqqətinə çatdırılacaq”, Azərbaycan XİN
bəyan edib.
Türkiyə Prezident Recep Tayyip Erdoğan iranlı həmkarı ilə telefonla danışıb
Şəklin mənbəyi, Getty Images
Türkiyə Prezident Recep Tayyip Erdoğan İran Prezidenti Həsən Ruhani ilə telefonla danışıb, Türkiyə Prezidentinin rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Türkiyə ilə İran arasındakı əlaqələri gücləndirmək üçün atılan addımların müzakirə olunduğu söhbətdə regional inkişaf da qiymətləndirilib.
"Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsində yeni bir dövrün başladığını söyləyən Prezident Erdoğan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə kölgə sala biləcək hərəkətlərdən ehtiyatla çəkinməyin son dərəcə vacib olduğunu bildirib. Davamlı sülh və sabitliyin bərqərar olmasının yeni fürsətlər açacağını və bunun Ermənistan da daxil olmaqla bölgədəki bütün ölkələrə fayda gətirəcəyini deyib", Prezidentin saytında yazılıb.
"Türkiyə Prezidenti iranlı alim Muhsin Fəhrizadənin sui-qəsd nəticəsində həyatını itirməsindən "dərin təəssüfünü ifadə edib və qardaş İran xalqına və mərhumun ailəsinə başsağlığı verib, qurum bildirir.
Məlumatda həmçinin deyilir ki, "sui-qəsdin vaxtına diqqət çəkən Prezident Erdoğan hücumun bölgənin dincliyini və əmin-amanlığı hədəf aldığını ifadə edərək, bölgədə sabitliyə xələl gətirmək istəyənlərin ümidlərinin bir daha puça çıxacağına inandığını" bildirib.
Bu gün saat 12:00-da İkinci Qarabağ Müharibəsində həlak olanların xatirəsi anılacaq
Şəklin mənbəyi, Azərtac
"Bu gün Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilmiş xüsusi anım günüdür", bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, "canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bu gün saat 12:00-da bir dəqiqəlik sükutla yad ediləcək".
Azərbaycan hökuməti bildirib ki, 44 günlük İkinci Qarabağ Müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2783 nəfər hərbi qulluqçusu həlak olub.
Həlak olanların "sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən çox hərbi qulluqçu isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçunun tibb müəssisələrində müalicəsi davam edir", Azərtac xəbər Agentliyinin məlumatında bildirilir.
Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə telefonla danışıb
Şəklin mənbəyi, MFA.GOV.AZ
Dekabrın 3-də Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub.
Azərbaycan XİN Mətbuat xidmətinin məlumatına əsasən, telefon danışığı zamanı nazirlər ATƏT-in Nazirlər Şurasının 27-ci iclası
ilə bağlı, eləcə də "qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında
fikir mübadiləsi aparıblar".
Ermənistan: Baş nazir vəzifəsinə müxalifətin namizədi Vazgen Manukyandır
Şəklin mənbəyi, Getty Images
Ermənistanda müxalifət partiyaları Baş nazir vəzifəsinə keçmiş Baş nazir və keçmiş müdafiə naziri Vazgen Manukyanın namizədliyini
irəli sürüblər.
Ermənistan müxalifəti hazırkı Baş
nazir Nikol Paşinyanın istefasını tələb edir.
Nikol Paşinyanın Dağlıq Qarabağda müharibənin bitməsinə dair və
Ermənistan müxalifəti tərəfindən kapitulyasiya aktı kimi qiymətləndirilən sənədi
imzalamasından sonra Yerevanda fasiləsiz etiraz aksiyaları keçirilir.
Etirazçılar Paşinyanın istefasını tələb edirlər.
Yerevanda bir neçə gündür ki, etiraz nümayişləri
keçirilir.
Bu
arada müxalif Çiçəklənən Ermənistan partiyası 5 dekabrda "ümumxalq
mitinqi" keçirməyə çağırış edib.
Erdoğan Bakıda keçiriləcək hərbi paradda iştirak edəcək - Ria Novosti yazır
Azərbaycanda Vətən Müharibəsində qələbə paradının dekabrın 10-da keçiriləcəyi barədə məlumatlar yayılıb.
Ancaq Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı BBC-ə deyib ki, paradın keçiriləcəyi dəqiq tarixi bilmir.
Bu arada, Rusiyanın RİA Novosti xəbər agentliyi Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın paradda iştirak edəcəyi barədə məlumat yayıb.
Şəklin mənbəyi, EPA
Azərbaycan 2783 hərbi qulluqçunun həlak olduğunu açıqlayıb
Şəklin mənbəyi, ge
Azərbaycan
Müdafiə Nazirliyi bəyan edib ki, İkinci Qarabağ Müharibəsində Azərbaycan
ordusunun 2783 nəfər hərbçisi həlak olub.
“Vətən müharibəsində Silahlı Qüvvələrimizin
2783 nəfər hərbi qulluqçusu həlak olmuşdur. Onların sırasında 103 nəfər hərbi
qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər
davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab
olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər
görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi
davam edir”, nazirliyin məlumatında deyilir.
“Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü,
rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə
ictimaiyyətinə təqdim olunacaqdır. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından
ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir”, Müdafiə Nazirliyi
bildirib.
Azərbaycan hökuməti döyüşlər nəticəsində və döyüşlər başa çatdıqdan sonra həlak olmuş mülki şəxslərin sayını döyüşlər zamanı açıqlayırdı.
Azərbaycanın Baş Prokurorluğu Ermənistan Silahlı qüvvələrinin hücumu nəticəsində 5 nəfəri döyüşlərdən sonra minaya düşməklə ümumilikdə 98 nəfərin həlak olduğunu bildirib.
Azərbaycanda Zəfər Gününün vaxtı dəyişdirilib
Şəklin mənbəyi, Getty Images
Noyabrın 10-u Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul edib.
Məlumatı Azərtac Agentliyi Azərbaycan Prezidentinin Administrasiyasına istinadən yayıb.
"Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək", məlumatda bildirilir.
Azərbaycan Prezidenti İlham Əliyev 10 noyabrın Azərbaycanda Zəfər Günü kimi təsis olunması haqda Sərəncamı çərşənbə günü imzalamışdı.
Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə 2020-ci ilin sentyabrın 27-də başlayıb, noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan Baş nazirinin imzaladıqları birgə bəyanatla başa çatıb.
Noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib.
İşğaldan azad olunan ərazilərin təbii qaz təchizatı üçün ilkin texniki-iqtisadi əsaslandırma işlərinə başlanıldığı bildirilir
Şəklin mənbəyi, “Azəriqaz” İstehsalat Birliyi
"Azərbaycanın işğaldan azad edilən ərazilərinin təbii qaz təchizatı üçün ilkin texniki-iqtisadi əsaslandırma işlərinə başlanılıb", “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Qurumun məlumatında bildirilir ki, "işğaldan əvvəlki dövrdə Qarabağ və ətraf rayonların ərazisində yerləşən şəhər, qəsəbə və kəndlərin böyük bir hissəsi Azərbaycan Respublikası tərəfindən təbii qazla təmin olunub".
"Bu məqsədlə magistral və paylayıcı qaz şəbəkəsi də çəkilmişdi. Lakin erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində qeyd olunan ərazilərin həmin vaxt qaz təminatı dayandırılmışdı. Sentyabrın 27-dən... Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsi zamanı əldə edilən qələbədən sonra işğaldan azad olunmuş ərazilərin bərpası və müvafiq infrastrukturun yaradılması işləri çərçivəsində, yaşayış ərazilərinin təbii qaz təchizatı üçün SOCAR-ın rəhbərliyinin tapşırığı ilə ilkin texniki-iqtisadi əsaslandırma işlərinə başlanılıb", qurum açıqlayıb.
“Azəriqaz” bildirib ki, "əvvəlcə yeni çəkiləcək magistral qaz xətlərinin istiqamətləri və onların keçəcəyi marşrutlarının araşdırılması işləri aparılıb".
Qurum həmçinin "bu istiqamətlərə Böyük Bəhmənli-Füzuli-Hadrut-Şuşa, Azadqaraqoyunlu-Ağdam, Horadiz-Cəbrayıl-Zəngilan-Qubadlı-Laçın, Goranboy-Kəlbəcər aid edildiyini" açıqlayıb.
"Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə vaxtı ilə çəkilmiş qaz xətlərinin bərpasının mümkünlüyü də araşdırılmaqdadır. Qeyd olunmuş istiqamətlər üzrə çəkilməsi planlaşdırılan magistral qaz xətlərinin imkanları mövcud və yeni salınacaq yaşayış məskənlərinin və sənaye obyektlərinin uzunmüddətli inkişafı nəzərə alınmaqla təbii qazla təmin edilməsinə hesablanacaq", “Azəriqaz”-ın məlumatında bildirilir.
Məlumatda həmçinin bildirilir ki,"hazırda planlaşdırılan magistral qaz şəbəkəsinin marşrutlarının münasib konfiqurasiyası, ilkin texniki-iqtisadi göstəricilərinin müəyyənləşdirildiyi" bildirilir: "Ərazilərin baş planları hazır olduqdan və istiqamətlər təsdiq olunduqdan sonra qazlaşmanın işçi layihələrinin hazırlanması mərhələsinə başlanılacaq".
Azərbaycan Müdafiə Nazirliyi Laçın rayonunun Hüsülü və Malıbəy kəndlərinin videogörüntülərini paylaşıb
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.
Paylaşımın sonu YouTube
Azərbaycanın müdafiə naziri Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb
Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi
"Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradov ilə görüşüb", Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Qurum bildirib ki, "görüşdə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın Baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub".
Üçtərəfli bəyanat Azərbaycanla Ermənistan arasında sentyabrın 27-də başlamış və 44 gün davam etmiş İkinci Qarabağ Müharibəsinin başa çatdırılması üçün noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın Baş naziri tərəfindən imzalanıb.
Bu bəyanata görə, Azərbaycanın Qarabağ bölgəsinə Rusiya sülhməramlıları gəlib.
Sübhi Kazımov: "Xankəndi Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına daxildir"
Şəklin mənbəyi, AZƏRTAC
"Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına Xankəndi şəhəri, Şuşa, Zəngilan, Xocavənd, Xocalı, Qubadlı, Laçın, Ağdam,Cəbrayıl, Füzuli və Kəlbəcər rayonları daxildir”, Ədliyyə Nazirliyinin rəsmisi Sübhi Kazımov deyib.
Ədliyyə Nazirliyinin Facebook səhifəsində canlı yayımda nazirliyin təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov deyib ki, "idarənin bütün strukturlar üzrə fəaliyyətinin təşkili üçün zəruri addımlar atılır".
Nazirlik rəsmisi bildirir ki, hazırda "Qarabağ Regional Ədliyyə İdarəsinin kadrlarla komplektləşdirmə işinin başlanıb:
"İdarənin kadrlarla bağlı bir qismi komplektləşdirilib. İcra və probasiya qurumlarının kadrlarının komplektləşdirilməsi işinə başlamışıq. Çalışılır ki, ədliyyə qurumları daha səriştəli, təcrübəli, bilikli əməkdaşlardan komplektləşdirilsin".
Azərbaycan Müdafiə Nazirliyi Laçın şəhərinin videogörüntülərini paylaşıb
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.
Paylaşımın sonu YouTube
Ceyhun Bayramovun rusiyalı həmkarı ilə telefon danışığı olub
Şəklin mənbəyi, Azərbaycan Xarici İşlər Nazirliyi
"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında dekabrın 2-də telefon danışığı baş tutub", Azərbaycan XİN məlumat yayıb.
Qurumun məlumatında deyilir ki, "nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı fikir mübadiləsi aparıblar".
"Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər", Azərbaycan XİN açıqlayıb.
10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı Azərbaycanla Ermənistan arasında sentyabrın 27-də başlamış və 44 gün davam etmiş İkinci Qarabağ Müharibəsinin başa çatdırılması üçün imzalanıb.
Bu bəyanata görə, Azərbaycanın Qarabağ bölgəsinə Rusiya sülhməramlıları gəlib.
Üçtərəfli bəyanatda həmçinin sonrakı prosesləri izləmək üçün Rus-Türk ortaq müşahidə məntəqəsinin qurulması işləri aparılır.
ANAMA: "Suqovuşana çəkiləcək avtomobil yolunu minalardan təmizləmə əməliyyatı başa çatıb"
"Noyabrın 30-dan dekabrın 2-dək Ağcabədi, Ağdam, Cəbrayıl, Goranboy, Füzuli, Goranboy, Xocavənd və Tərtər rayonları ərazisində 55 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib", Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) bildirir.
Qurumun məlumatında deyilir ki, əməliyyat-axtarış tədbirləri daxil olmuş 34 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları ilə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilib.
"Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 303 ədəd partlamamış hərbi sursat, 17 ədəd 9N235 bombacığı, 79 ədəd tank əleyhinə mina, 12 ədəd piyada əleyhinə mina, 29 ədəd tank əleyhinə minanın partladıcısı, 3 274 ədəd müxtəlif çaplı patronlar, 5400 qr barıt və 112 ədəd partlamış mərmi qalıqları aşkar olunub", ANAMA açıqlayıb.
Qurum həmçinin Tərtər rayonundan Suqovuşan kəndinə çəkiləcək avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan təmizlənilməsi əməliyyatı başa çatdığını bildirib.
"118 ədəd piyada əleyhinə mina, 99 ədəd tank əleyhinə mina, 4 ədəd tank əleyhinə minanın partladıcısı və 7 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib. Agentliyin partlayış qrupu tərəfindən 55 ədəd mina və partlamamış hərbi sursat sıradan çıxarılıb", məlumatda deyilir.
Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 80 mindən çox mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Şəklin mənbəyi, ANAMA
Şəklin mənbəyi, ANAMA
Şəklin mənbəyi, ANAMA
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingenti üçün növbəti maddi-texniki təminat vasitələri gətirilib.
Onlar müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb, Müdafiə Nazirliyi bu barədə video yayıb.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.