Müdafiə Nazirliyi: "Bərdə şəhəri atəşə tutulur"
Ermənistan silahlı qüvvələri Bərdə şəhərini atəşə tutur, Müdafiə Nazirliyi xəbər yayıb.
Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər. Azərbaycan Müdafiə Nazirliyi bu gün səhər sübhdən Ermənistan tərəfinin atəşkəsə əməl etməməsilə ilə bağlı məlumat yayıb.
Ermənistan silahlı qüvvələri Bərdə şəhərini atəşə tutur, Müdafiə Nazirliyi xəbər yayıb.

Şəklin mənbəyi, Azərbaycan Xarici İşlər Nazirliyi
"Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov almaniyalı həmkarı Heiko Maasla bölgədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparıb", bu barədə Azərbaycan XİN cümə axşamı günü səhər saatlarında məlumat yayıb.
Qurum bildirib ki, "Almaniya Xarici İşlər naziri bölgədə baş verən gərginliyin alovlanmasından ciddi narahatlığını ifadə edib və məsələnin həlli üzrə siyasi dialoqun zəruriliyini vurğulayıb".
"Nazir Ceyhun Bayramov bölgədəki son gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxslərini və obyektlərini qəsdən atəşə tutması barədə qarşı tərəfə məlumat verib. Təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərinin hədəfə çevrilməsinin mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələndiyini, habelə Ermənistanın Bakı-Tibilisi-Ceyhan boru kəmərini hədəfə almaq cəhdi Alman nazirin diqqətinə çatdırılıb", - Azərbaycan XİN-in açıqlamasında bildirilir.
Qurum həmçinin "Ceyhun Bayramovun həmsöhbətinə bu günə qədər Ermənistanın açdığı atəş nəticəsində 29 azərbaycanlı mülki şəxsin həlak olduğu və 144 nəfərin isə yaralandığı barədə məlumat verdiyini" bəyan edib. "Ceyhun Bayramov, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinin bölgədə sülhün təmin edilməsi üçün mühüm şərt olduğunu qeyd edib", - məlumatda bildirilir.

Şəklin mənbəyi, Azərbaycan MN
"Ermənistan silahlı qüvvələrinin Goranboy rayonun Şahməmmədli kəndini ağır artileriyadan atəşə tutması nəticəsində həmin kənd sakini 1957-ci il təvəllüdlü Quliyeva Türyan Tofiq qızı yaşadığı evdə həlak olmuş, yaşadığı evə isə maddi ziyan dəyib", Azərbaycanın Baş Prokurorluğu bildirib.
Qurum bildirir ki, "Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələri və silahsızlaşdırılmış zonaları, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə alır".
Baş Prokurorluq həmçinin "Ermənistan silahlı qüvvələri tərəfindən cümə axşamı günü səhər saat 04:00 radələrində Gəncə şəhərinə raket zərbələri endirilməsi nəticəsində bir neçə mülki obyektə, 1 avtomobilə və bir neçə yaşayış binasına maddi ziyan dəydiyinin" açıqlayıb.
Baş Prokurorluq hazırda prokurorluq əməkdaşları tərəfindən hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirildiyinin bildirir.
"Ermənistan silahlı qüvvələri Bərdə və Ağcəbədi rayonlarının kəndlərini atəşə tutur", Azərbaycanın Müdafiə Nazirliyi cümə axşamı günü səhər məlumat yayıb.Qurum bildirib ki, "Azərbaycan Ordusu adekvat tədbirlər görür".
Azərbaycanın Müdafiə Nazirliyi bu axşam "saat 10 radələrində Ermənistana məxsus pilotsuz uçuş aparatının (PUA) Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd göstərdiyini" açıqlayıb.
Nazirlik PUA-nın vurulduğunu bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Pervıy kanal” televiziyasına müsahibəsində hərbi itkilər barədə suala belə cavab verib:
"Bu günə qədər hərbi itkilərlə bağlı olan məlumat məxfidir. Bu barədə Azərbaycan ictimaiyyəti hərbi əməliyyatların aktiv fazası başa çatdıqdan sonra məlumatlandırılacaq".
Ermənistan tərəfi rəsmi olaraq indiyədək 280 hərbçinin ölməsi barədə məlumat paylaşıb.

Şəklin mənbəyi, Azərtac
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov sabah Cenevrəyə səfər edəcək.
Azərbaycan XİN bildirib ki, səfərin məqsədi ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmək və münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırmaqdır.

Şəklin mənbəyi, AZERTAG
Azərbaycanın Qarabağa döyüşçülər köçürməsi yalan məlumatlardır, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
O əlavə edib ki, bu cür məlumatları “dəfələrlə rədd ediblər”.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin çərşənbə axşamı günü TASS Rusiya İnformasiya Agentliyinə açıqlamasında "Qarabağa döyüşçülərin gətirildiyini" deyib, lakin ad çəkməyib.
"Orta Şərqdə döyüşən beynəlxalq terror təşkilatlarının muzdluları, xüsusən Cebhat ən-Nusra [Rusiyada qadağan edilib], Firkat əl-Həmzə, Sultan Murad və sair, eləcə də ekstremist kürd qrupları "aktiv şəkildə münaqişə zonasına köçürülür,”- Sergey Narışkin deyib.
O vurğulayıb ki, söhbət “yüzlərlə və hətta minlərlə radikal qruplaşma üzvündən gedir".
BBC News Azərbaycancaya açıqlamasında Leyla Abdullayeva “digər tərəfin terrorçulardan istifadə etməsilə bağlı Azərbaycan hökumətinin dəfələrlə xəbərdarlıq etdiyini” xatırladıb.
“Azərbaycan tərəfində olan məlumatlara, o cümlədən açıq informasiya mənbələrində yer alan xəbərlərə görə Suriya, Livan, Rusiya, Gürcüstan, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin vətəndaşları olan minlərlə erməni mənşəli şəxsin döyüşlərdə iştirak üçün işğal olunmuş ərazilərimizə gəldiyi və ya gəlməyə hazırlaşdığı bildirilir”.
Leyla Abdullayeva “Qarabağa gətirilmiş döyüşçülərlə bağlı əllərində faktların olduğunu və bu faktların şahidlərlə birgə toplandığını” bildirib.
“Bilirsiniz, onlar müdafiə haqqında qanun hazırlayarkən könüllü silahlı döyüşçülər silahlı dəstələr yaratmaq haqqında qərar qəbul ediblər. Sonradan bu könüllü döyüşçülərin Ermənistan Ordusuna inkorporasiya edilməsi və Azərbaycana qarşı həyata keçirdikləri yeni təcavüz aktında bu qüvvələrdən istifadə olunması ilə bağlı kifayət qədər məlumatlar var”.
Leyla Abdullayeva həm yerli, həm də xarici ekspertlər və xarici jurnalistlərin iştirakı ilə toplanmış məlumatların aidiyyatı üzrə müvafiq təşkilatlara təqdim olunacağını vurğulayır.
Ermənistan da qarşı tərəfi "Qarabağa muzdlu döyüşçülər gətirməkdə" ittiham edir.

Şəklin mənbəyi, President.az
Oktyabrın 7-də Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində olub.
President.az saytı yazır ki, Müdafiə naziri Zakir Həsənov İlham Əliyevə raport verib.
Məlumatda deyilir ki, İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində nazirliyin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.
Ermənistan tərəfi Xankəndidən (Stepanakert) şəkillər paylaşıb.
Şəkillərin dəqiq nə vaxt çəkildiyi bilinməsə də, görünür, son günlərə aiddir, BBC News Rusca yazır.
Şəkillərin çəkildiyi yer isə müəyyən edilib və şəkillərdə həqiqətən Xankəndidir.

Şəklin mənbəyi, Ermənistanın Böyük Britaniyadakı Səfirliyi

Şəklin mənbəyi, Ermənistanın Böyük Britaniyadakı Səfirliyi

Şəklin mənbəyi, Ermənistanın Böyük Britaniyadakı Səfirliyi

Şəklin mənbəyi, Ermənistanın Böyük Britaniyadakı Səfirliyi
Bu müharibədə hava proqnozu cəbhə bölgəsindən hesabatların vacib hissəsinə çevrilib, çünki bu, pilotsuz təyyarələr və artilleriyanın işinə təsir göstərir.
Beləliklə, sabah 8 oktyabrda, havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Dağlıq Qarabağın rayonlarında əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Gəncə, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında (daha əvvəl bu rayonlar Qarabağdan atəşə məruz qalıb) əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman ola bilər.
Cəbhə xəttində hava durumu pilotsuz təyyarələr üçün ümumən əlverişlidir və duman tərəflərin hücum və kəşfiyyat əməliyyatları üçün uyğun şərait yarada bilər.
Azərbaycanın Baş Prokurorluğu açıqlayıb ki, Ermənistan silahlı qüvvələrinin atəş açması nəticəsində 7 oktyabr saat 18:00-a olan məlumata görə, 30 mülki azərbaycanlı ölüb, 143 nəfər yaralanıb.
Qurum bildirib ki, 66 mülki obyekt, 427 ev yararsız vəziyyətə düşüb.

Şəklin mənbəyi, President.az
Azərbaycan Prezidenti İlham Əliyev CNN-Türk kanalına müsahibəsində hava hücumundan müdafiə sistemlərinə dair suala cavab verib.
Jurnalist sual verib ki, Ermənistan tərəfində xüsusən Rusiyadan alınan müasir hava hücumundan müdafiə sistemləri var – S-300-lər kimi. Həmçinin Azərbaycan Ordusunda da müdafiə sistemləri var, ancaq bu silahlar yoxdur. Sizcə bu, ikili standart yaradırmı?
"Xeyr, bizdə S-300 hava hücumuna qarşı qurğular var, biz onları Rusiyadan almışıq", deyə Prezident Əliyev cavab verib.
O bildirib ki, Azərbaycan Rusiyadan bir çox silahlar alıb və burada heç bir məhdudiyyət yoxdur və ona görə ikili standartlardan danışa bilməz:
"Yalnız bir fərq ondadır ki, biz bunu pulla alırıq və bu da çox bahalı sistemlərdir. Ermənistan isə bir çox hallarda pulsuz alır. Yəni, hədiyyə kimi, ya da ki, kredit şəklində alır. Amma o kredit kağız üzərində qalır, qaytarılmır.
Təbii ki, bu bahalı silahlar Ermənistana pulsuz verilməsəydi, Ermənistanın buna sahib olması müzakirə mövzusu ola bilməzdi və bu münaqişə çoxdan çözülərdi.
Çünki Ermənistanın silahlanması və pulsuz silahlanması onlarda bir əminlik yaratdı ki, bu torpaqları işğal altında əbədi saxlaya bilərlər. Yəni, fərq bundadır."
O əlavə edib ki, Azərbaycanın Rusiyadan silah almaq imkanı var və Azərbaycan başqa ölkələrdən də silahlar alır.
"Mən bu yaxınlarda demişəm, bu gün Türkiyənin müdafiə sənayesi o qədər sürətlə inkişaf edir ki, ümid edirəm, gələcəkdə bizim Türkiyə silahları ilə təchizatımız daha da yüksək səviyyəyə qalxacaqdır", o həmçinin qeyd edib.

Şəklin mənbəyi, Azərtac
Azərbaycanın Baş naziri Əli Əsədov koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejiminin davam etdiyini vurğulayaraq, vətəndaşları qaydalara riayət etməyə çağırıb.
O deyib ki, insanlar cəbhədən gələn qələbə xəbərlərini çox böyük coşqu və fərəh hissi ilə qarşılayır və sevinclərini bir-biriləri ilə bölüşmək üçün bir yerə toplaşırlar.
O, "hər bir vətəndaşa müraciət edərək karantin rejiminin tələblərinə daha ciddi əməl etməyə" çağırıb.
Tanınmamış "Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirliyi" oktyabrın 7-də açıqladığı məlumatda daha 40 hərbçinin öldüyünü bildirib.
Bu gün səhər saatlarında daha 40 hərbçinin öldüyü açıqlanmışdı.
Azərbaycanın Baş Prokurorluğu Ermənistan silahlı qüvvələrinin "Bakı Tbilisi-Ceyhan" neft kəmərini hədəfə alması ilə bağlı görüntülər paylaşıb.
Məlumatda qeyd olunub ki, qarşı tərəf oktyabrın 6-da hərbi əməliyyatlar aparılan ərazidən ən azı 50 kilometrdən artıq məsafədə yerləşən Yevlax rayonunun Aran qəsəbəsi istiqamətinə içərisində 300 ədəd 9N235 bombacıqları olan reaktiv yaylım atəşli raket atılıb.
Baş Prokurorluq bildirib ki, Azərbaycan silahlı qüvvələri raketləri zərərsizləşdirib və raketin içərisindəki bombacıqlar Cənub Qafqaz Genişlənmiş Boru kəmərinin boru xəttinin üzərinə, bir hissəsi Qərb İxrac Boru kəmərindən 120 metr məsəfəyə, digər hissəsi isə həmin qəsəbədən keçən Bakı-Tibilisi-Ceyhan neft kəmərindən 100 metr məsafəyə səpələnib.
Ermənistan Müdafiə Nazirliyi erməni birləşmələrinin Bakı-Tbilisi-Ceyhan neft kəmərini atəşə tutmasını təkzib edib və bildirib ki, Dağlıq Qarabağ istiqamətində "atəş açan bütün hərbi obyektlər, onların yerləşdiyi yerdən asılı olmayaraq, ləğv ediləcək”.
Azərbaycanın Baş Prokurorluğu hadisə ilə bağlı Azərbaycan Cinayət Məcəlləsinin "təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma", "silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma" və digər oxşar maddələrlə cinayət işi qaldırılıb.

Şəklin mənbəyi, Azərbaycanın Baş Prokurorluğu

Şəklin mənbəyi, Azərbaycanın Baş Prokurorluğu

Şəklin mənbəyi, Azərbaycanın Baş Prokurorluğu

Şəklin mənbəyi, Azərbaycanın Baş Prokurorluğu

Şəklin mənbəyi, Azərbaycanın Baş Prokurorluğu

Şəklin mənbəyi, Azərbaycanın Baş Prokurorluğu

Şəklin mənbəyi, Azərbaycanın Baş Prokurorluğu

Şəklin mənbəyi, Azərbaycan Fövqəladə Hallar Nazirliyi
Azərbaycanın Fövqəladə Hallar Nazirliyi bildirib ki, Ermənistan silahlı qüvvələri sentyabrın 27-dən Azərbaycanın döyüş bölgələrindən kənarda yerləşən şəhər və kəndlərdəki mülki obyektləri, fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir.
FHN açıqlayıb ki, indiyədək 21 fərdi yaşayış evi, 2 mənzil, 20 təsərrüfat, 2 ticarət və 1 infrastruktur obyektində, qəbristanlıq, qamışlıq, açıq sahə və Ağgöl Milli Parkı kimi ərazilərdə baş vermiş 10 yanğın söndürülüb.
Qurumun məlumatında deyilir ki, bir sıra hallarda yanğın baş vermiş ərazi Ermənistan silahlı qüvvələri tərəfindən intensiv atəş altında saxlanıldığından yanğınsöndürmə qüvvələrinin hadisələrə "operativ müdaxiləsi" mümkün olmayıb.
FHN xəsarət almış 9 nəfərin və 2 meyitin qarşı tərəfin raket atəşləri nəticəsində dağılmış evlərin dağıntıları altından çıxarıldığını qeyd edib.

Şəklin mənbəyi, Azərbaycan Fövqəladə Hallar Nazirliyi