Qarabağ müharibəsi: Humanitar atəşkəs və Gəncəyə hücumlar – baş verənlərin xronogiyası
Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər. Azərbaycan Müdafiə Nazirliyi bu gün səhər sübhdən Ermənistan tərəfinin atəşkəsə əməl etməməsilə ilə bağlı məlumat yayıb.
Canlı reportaj
Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri danışıb
Şəklin mənbəyi, AA
Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri arasında telefon danışığı olub.
TRT Haberin məlumatına görə, Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu Moskvada əldə olunan atəşkəs razılığını müzakirə ediblər.
Xəbərdə deyilir ki, Mevlüt Çavuşoğlu cənab Bayramova "Türkiyənin ancaq Azərbaycanın qəbul etdiyi qərarları dəstəkləyəcəyini" bildirib.
Azərbaycan MN: "Ermənistan ərazisində heç bir obyektə atəş açılmayıb"
Ermənistan Müdafiə Nazirliyi oktyabrın 10-da Azərbaycanın Ermənistanın Qafan əyalətinin Yeritsvank və Artsvanik yaşayış məntəqələrini atəşə tutduğunu, itkilərin olmadığını iddia edib.
Azərbaycan Müdafiə Nazirliyi bunu təkzib edib və iddiaları "Ermənistanın məqsədyönlü təxribatı" adlandırıb.
"Azərbaycan Ordusu tərəfindən Ermənistan ərazisində yerləşən heç bir obyektə atəş açılmayıb və açılmır", - Azərbaycan MN bildirib.
Xankəndində sakit gecə
Azərbaycan və Ermənistanın atəşkəs razılığının fonunda Xankəndində gecə sakit keçib, RİA Novosti Agentliyi yazır.
Agentlik bildirir ki, son bir neçə gündə ilk dəfə idi ki, hava həyəcan sirenaları çalmırdı və mərmi düşməsinin səsləri eşidilmirdi.
Təcili xəbər, Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli "intensiv atəşə tutulur"
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının yaşayış məntəqələrini "intensiv atəşə" tutur.
Təcili xəbər, Hadrut "intensiv atəşə tutulur"
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Emənistan silahlı qüvvələri Xocalı istiqamətindən Hadrutu yaylım atəşki reaktiv sistemlərdən intensiv atəşə tutur.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da Hadrut qəsəbəsinin azad edildiyini açıqlamışdı.
Azərbaycan MN: Gecə ərzində gərgin döyüşlər davam edib
Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi
Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, oktyabrın 9-da günün ikinci yarısından oktyabrın 10-u səhər saatlarınadək bütün cəbhə boyu hərbi əməliyyatlar müxtəlif intensivliklə davam edib.
Nazirlik açıqlayıb ki, Azərbaycan Ordusunun davam etdirdiyi hücum əməliyyatı nəticəsində bu müddətdə Ermənistan silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsi, 13 ədəd tankı, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-20 və D-30 topu, 3 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 “Zastava” zenit qurğusu, 2 radiolokasiya stansiyaları və radioelektron mübarizə vasitələri vurulub və sıradan çıxarılıb.
Cəbhəboyu ərazilərdə top mərmisi və partladıcılar aşkarlanıb
Şəklin mənbəyi, ANAMA
Oktyabrın 9-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə 35 müraciət daxil olub.
ANAMA-nın apardığı əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 152 mm-lik top mərmisi (OF-22), 1 ədəd 152 mm-lik top mərmisi partladıcısı, 1 ədəd dron (yerində zərərsizləşdirilib), 1 ədəd dronun partladıcısı, 265 ədəd bombacıq, 1 147 ədəd patron (1 133 ədəd 5.45 mm-lik və 14 ədəd 7.62 mm-lik) və 16 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Şəklin mənbəyi, ANAMA
Təcili xəbər, Azərbaycan və Ermənistan atəşkəs barədə razılığa gəliblər
Bu gün Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri Moskvada görüş keçiriblər, görüşün nəticəsində tərəflər arasında atəşkəs barədə razılığa gəlinib.
Görüşdən sonra Rusiya XİN sözçüsü Mariya Zaxarova Facebook səhifəsində tərəflərin razılaşdığı addımlara dair sənədin - nazirlərin bəyanatının nüsxəsini paylaşıb.
Rusiya Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq və Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında əldə olunmuş razılığa əsasən aşağıdakı addımların atılması razılaşdırılıb, sənəddə bildirilir.
1. 2020-ci il oktyabrın 10-u saat 12.00-dan etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyarlarına uyğun və vasitəçiliyi ilə əsirlərin və digər saxlanılan şəxslərin və həlak olanların cəsədlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur.
2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
4. Tərəflər danışıqlar prosesinin formatının dəyişməz olduğunu təsdiq edirlər.
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın görüşü Rusiya Prezidenti Vladimir Putinin cümə axşamı günü Moskvaya dəvəti nəticəsində baş tutub.
Təxminən 11 saat davam edən görüşdən sonra Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov danışıqların nəticələrinə əsasən, birgə bəyanatı elan edib.
Şəklin mənbəyi, Mariya Zaxarova
Şəklin alt yazısı, Nazirlərin birgə bəyanatı
Rossiya 24 kanalının danışıqları izləyən müxbiri təxminən 2 saat əvvəl bildirib
ki, nazirlərin görüşü 8 saatdır ki, davam edir.
Rusiya Prezidenti Azərbaycan və Ermənistan XİN başçılarını bir sutka əvvəl Moskvaya dəvət edib.
Müxbir bildirib ki, son 4 ildə belə uzun davam edən görüş olmayıb.
“Danışıqlar işğal olunmuş ərazilərin boşaldılmasına gətirib çıxarmalıdır” - İlham Əliyev
Şəklin mənbəyi, Azertag
Prezident İlham Əliyev “Sky News” televiziya kanalında müsahibəsində
atəşkəsin razılaşdırılması və danışıqların bərpa edilməsi ilə bağlı deyib ki,
“bu, Ermənistanın mövqeyindən asılıdır”.
“…Onlar
həmişə status-kvonu möhkəmləndirmək, status-kvonu dəyişməz olaraq saxlamaq və
BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və danışıqlar masasında olan və
ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərə əsasən
qaytarmalı olduqları torpaqları qaytarmamağı istəyirdilər.”
İlham
Əliyev əlavə edib ki, “danışıqlar münaqişənin siyasi həllinə və işğal olunmuş ərazilərin
boşaldılmasına gətirib çıxarmalıdır.”
Onun
sözlərinə görə, "Ermənistanın dəstəkləməkdən imtina etdiyi əsas prinsiplərdə
torpaqların açıq
şəkildə necə geri qaytarılacağı göstərilir":
“Birinci
mərhələdə Dağlıq Qarabağın cənub-şərq tərəfində yerləşən beş Azərbaycan rayonu,
sonra Dağlıq Qarabağ və Ermənistan arasında yerləşən iki Azərbaycan rayonu
qaytarılmalıdır. Sonra azərbaycanlılar Dağlıq Qarabağa qayıdırlar. Dağlıq
Qarabağda 25 faiz azərbaycanlı əhali olub, onların da hüquqları təmin edilməlidir.
Onlar yaşadıqları yerə - qədim Şuşa şəhərinə və digər yerlərə qayıdırlar və biz
normal kommunikasiyaları bərpa edirik. Biz xalqlar arasında təmasları bərpa
edirik. Mən əminəm ki, insanlar yavaş-yavaş barışacaqlar. Bu, vasitəçilərin
planıdır və biz bunu dəstəkləyirik.”
Jurnalistin
“25 faiz azərbaycanlı əhalinin Dağlıq Qarabağa qayıtmasına icazə verilsə, siz
Dağlıq Qarabağın müstəqilliyini tanıyarsınız?” sualına cavabında Azərbaycan
Prezidenti “Xeyr. Heç vaxt. Bu məsələ heç vaxt danışıqlar masasında olmayıb”,
deyə cavab verib.
Əraziyə
sülhməramlıların gətirilməsi ilə bağlı Prezident Əliyev qeyd edib ki, bu,
ATƏT-in Minsk qrupu tərəfindən münaqişənin həlli üçün işlənib hazırlanmış əsas
prinsiplərdə təmin edilən ünsürlərdən biridir və sülhməramlılarla bağlı bənd
var:
“…
biz ilk olaraq əsas məsələni - işğalı, ərazilərin boşaldılmasını həll etməliyik
və azərbaycanlılar oraya qayıdandan sonra əlbəttə ki, sülhməramlılar gəlməlidirlər.
Bu, razılaşma çərçivəsindədir. Əgər bu, hər iki tərəfdən imzalansa, onda hər
iki tərəf bu sülhməramlıların kim olacağını seçəcək. Beləliklə, biz buna qarşı
deyilik. Lakin biz faktiki olaraq bu bəndlə bağlı danışıqların aktiv fazasında
deyilik."
O,
Azərbaycan və Ermənistan XİN başçılarının Moskvada hazırda davam edən görüşü
barədə deyib ki, "biz sülh yolu ilə həll istəyirik, amma həll. Biz həll
istəyirik, imitasiya yox, daha 30 il ərzində boş sözləri yox, praktiki
addımları, vaxt cədvəlini, insanlarımızın evlərinə nə vaxt qayıdacağını, onlar
üçün təhlükəsizlik zəmanətinin nədən ibarət olacağını və bizim necə
barışacağımızı bilmək istəyirik."
Onun
sözlərinə görə, iki millət barışmalıdır:
"Biz
qonşuyuq. Biz əbədi olaraq düşmənçilik şəraitində yaşaya bilmərik. Bu,
dayandırılmalıdır. Lakin tarixi həqiqət və beynəlxalq hüquq əsasında
dayandırılmalıdır."
Müsahibənin mətni Azərbaycan Prezidentinin rəsmi saytında çap
olunub.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanı "kəskin qınayıb"
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın dövlət sərhədində "təxribat törətdiyini" bildirir.
”Oktyabrın 9-da saat 20:00 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən sahəsində yerləşən Azərbaycan Ordusunun müdafiə mövqelərindən Ermənistan ərazisində atışma səsləri və partlayış müşahidə olunub. Belə ki, Ermənistanın Vardenis rayonunun Günəşli və Ağyoxuş kəndlərində yerləşən düşmən mövqelərindəki hərbi qulluqçular əvvəlcə müxtəlif atıcı silahlardan bir-birinə doğru atəş açmışlar. Bir az sonra isə Günəşli kəndində partlayış baş verib və yanğın müşahidə olunub."
Nazirlik bildirib ki, bu insidentlə Azərbaycan Ordusu bölmələrinin heç bir aidiyyəti yoxdur.
Qurum bildirib ki, bu hadisə "erməni xalqı və beynəlxalq aləmin diqqətinin Ermənistan rəhbərliyinin hərbi və siyasi meydanda uğradığı iflasdan yayındırmaq məqsədi daşıyır."
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın "bu təxribatını kəskin qınayır və bildiririk ki, bu əmələ görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür", məlumatda bildirilir.
Cəbhə bölgəsində döyüşlər - ilk on gündə nə baş verib?
"Bu, bizim Ermənistanla ikitərəfli məsələmizdir" - İlham Əliyev
Prezident İlham Əliyev CNN kanalına müsahibəsində münaqişənin daha genişmiqyaslı regional müharibəyə çevriləcəyi ilə bağlı narahatlıqlar olması barədə suala cavab olaraq deyib ki, o, daha da gərginləşməməlidir.
"Mən bütün ölkələri bu vəziyyətdən kənar qalmağa çağırmışam. Bu, bizim Ermənistanla ikitərəfli məsələmizdir."
Cənab Əliyev qeyd edib ki, vasitəçilər və onların mandatı var və onların mandatı yerdə müdaxilə etmək deyil.
"Onların mandatı həll yolunu tapmaq üçün şərait yaratmaqdır. Əminəm ki, onlar mandatları çərçivəsində davam edəcəklər."
Müsahibənin mətni Azərbaycan Prezidentinin rəsmi saytında çap olunub.
İlham Əliyev: F-16 qırıcı təyyarələr yerdədir, döyüşdə iştirak etmirlər
Şəklin mənbəyi, president.az
"Türk avadanlığı var. Türk qüvvələri yoxdur", Prezident İlham Əliyev CNN International” televiziya kanalının “Connect the World” verilişinə müsahibəsində deyib.
"Türkiyə bizə dəstək göstərir, lakin bu, siyasi dəstəkdir, bu,
diplomatik dəstəkdir. Bu dəstək olmasaydı, Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır” ifadəsi ilə
bu çox açıq mövqe olmasaydı, çox güman ki, bu gün Ermənistan öz məqsədinə nail olmuş
olardı."
O, Azərbaycanda "hansı türk avadanlığı olması" barədə bildirib ki, "Silahlar,
türk silahları. Təkcə türk silahları yox, rus, İsrail, Belarus, Ukrayna silahları
və sair. Çünki bu gün bizdə hərbi texnikanın satınalma coğrafiyası daha da
genişlənir və biz bunlara görə pul ödəyirik".
Onun sözlərinə görə, qarşı tərəf "öz müttəfiqlərindən silahları
pulsuz əldə edir".
Jurnalistin "Biz ən azından sizin bazalarınızın birində türk
F-16 qırıcı təyyarəsinin olmasına dair peyk təsvirlərini görmüşük. Siz F-16
qırıcı təyyarələr almamısınız. Beləliklə, Azərbaycan üçün güclü dəstəyi nəzərdə
tutan F-16 qırıcı təyyarələrin yerdə olması doğrudurmu?" sualına Prezident Əliyev belə cavab
verib:
"Siz yerdə dedikdə mən sizinlə razıyam. F-16 qırıcı təyyarələr
Azərbaycanda hərbi təlimlərdə iştirak etmək üçün gəlmişdi."
Onun sözlərinə görə, təlimlərdən biri Ermənistanın Azərbaycana hücum etməsindən əvvəl baş tutub.
"Beləliklə, F-16 qırıcı
təyyarələr yerdədir, onlar uçuş etmirlər, onlar heç bir şəkildə hər hansı bir
döyüşdə iştirak etmirlər. ..."
"Mən
bunu birmənalı şəkildə deyirəm", deyə o, F-16 qırıcı təyyarələrin istifadə
olunmamasına dair fikirlərini təsdiqləyib.
O, Ermənistanın Su-25 təyyarəsinin türk F16 qırıcısı ilə
vurulması xəbərini feyk xəbər adlandırıb.
"...bizi bunda günahlandıranlar indi bizdən üzr istəməlidirlər,
çünki hər kəs bunun feyk xəbər olduğunu bilir. F-16 qırıcı təyyarələr
buradadır, lakin onlar sizin də düzgün qeyd etdiyiniz kimi, yerdədir."
Müsahibənin mətni Azərbaycan Prezidentinin rəsmi saytında çap olunub.
Müsahibədən bəzi hissələri canlı səhifəmizdə oxuya bilərsiniz.
Hadrut niyə önəmlidir?
Hadrut bu müharibədə Azərbaycan Qarabağda - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti - ərazisində azad etdiyi ilk qəsəbədir.
Cəbhə xəttindən şimalda iki kənd istisna olmaqla, indiyədək Azərbaycan ordusunun öz ərazisində yerləşən, lakin erməni silahlılarının 1992-1994 illərdə işğal etdiyi rayonlarda irəliləməsi barədə məlumat verilib.
Bundan başqa, cənubda azad edilmiş yerlərə nisbətdə bura “diri” qəsəbədir. Verilən rəqəmlərə görə, orada təxminən 4000 nəfər yaşayıb. Orada yerləşən digər azad edilmiş yaşayış məntəqələri isə ya 27 il bundan əvvəl dağıdılıb, ya da az qala tamamilə boşalıb.
Talış kəndinin görüntüləri, Azərbaycanın Müdafiə Nazirliyi Tərtər rayonunun işğaldan azad olunan Talış kəndinin görüntülərini paylaşıb.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.
Paylaşımın sonu YouTube
Tərtər və Goranboyun atəşə tutulması nəticəsində iki nəfər yaralanıb
Azərbaycan Baş prokurorluğu
bu gün Goranboy və Tərtərin Ermənistan tərəfindən atəşə tutulması nəticəsində iki nəfərin
yaralandığını bəyan edib.
Məlumata görə, cümə günü axşam saat altı radələrində
mülki yaşayış məntəqələri atəşə tutulub.
Prokurorluq bildirib ki, atəş nəticəsində Goranboyun Tapqaraqoyunlu
kəndinə 22 top mərmisinin atılıb və kənd sakini 40 yaşlı Sənan Mehracov
yaralanıb.
Qurum onu da bildirib ki, Tərtər şəhərinin artileriya atəşinə
tutulması nəticəsində ora sakini 52 yaşlı Müşfiq Fərəcov xəsarət alıb.
Prokurorluq hər iki yaralının xəstəxanaya yerləşdirildiyini
və bu sahədə istintaq aparıldığını bildirib.
Moskvada nə danışılır?
Moskvada Rusiya, Azərbaycan və Ermənistan arasında başlayan danışıqların mətbuata açıq hissəsi cəmi bir neçə saniyə davam edəndən sonra görüş qapalı formatda davam edir. Bu barədə Ria Novosti xəbər yayıb.
Məlumata əsasən, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Rusiya vasitəçiliyi ilə qısa "humanitar" barışıq imkanlarını müzakirə etməlidirlər.
Görüşdən vəd edilən canlı yayım hələ ki, başlamayıb.
Rusiya agentlikləri və Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti danışıqlardan foto və qısa videogörüntülər yayımlayır.
Şəkillərin birində dəyirmi masa arxasında XİN rəhbərlərini görmək olar: ortada, Sergey Lavrov oturur və onun hər iki tərəfində Ceyhun Bayramov və Zohrab Mnatsakanyan əyləşib.
Zalda nümayəndə heyətlərinin üzvlərini də görmək olar.
Baş Prokurorluq: Ermənistanın atəşindən Ağdamda 4 nəfər yaralanıb
Şəklin mənbəyi, Ağdam İcra Hakimiyyəti
Şəklin alt yazısı, Ağdam rayonu Quzanlı qəsəbəsinin girişi
Azərbaycan Baş Prokurorluğu Ağdamın Quzanlı qəsəbəsinin
Ermənistan tərəfindən atəşə tutulması və dörd nəfərin yaralanması haqqında
mlumat yayıb.
Prokurorluğun məlumatına görə, cümə günü gunorta saat iki
radələrində raket və artilleriya atəşi nəticəsində 41 yaşlı Əlizamin Hüseynov, 42 yaşlı Elçin Zeynalov, 36
yaşlı Lalə Məmmədova və 28 yaşlı Elçin Rzayevin olduqları yerə mərmi düşməsi nəticəsində
yaralanıblar.
Qurum xəsarət alanların xəstəxanaya yerləşdirildiyini və istintaq-əməliyyat
tədbirlərinin aparıldığını bildirib.