“Ermənistan Yaxın Şərqdən
terrorçu və muzdluları cəlb edib”, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya
XİN-in münaqişə zonasına muzdluların gətirilməsilə əlaqədar açıqlamasına
münasibət bildirib.
“Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və
ətraf bölgələrinin işğalı zamanı, eləcə də ölkəmizə qarşı törətdiyi növbəti
təcavüz aktlarında xarici ölkələrdən, xüsusilə də Yaxın Şərq bölgəsindən
terrorçu və muzdluları cəlb edib", qurumun bəyanatında deyilir.
Azərbaycan XİN-in açıqlamasında vurğulanır ki, “Ermənistanın bu kimi vasitələrdən geniş istifadə etməsi ilə bağlı narahatlığımız tərəfimizdən dəfələrlə ifadə olunub”.
"Ermənistanın son aylar ərzində
ölkəmizin işğal olunmuş ərazilərində həyata keçirdiyi qanunsuz məskunlaşdırma
siyasəti çərçivəsində xarici muzdluları bu əraziyə gətirməsi və “könüllü
döyüşçü dəstələri” adı altında öz ordusuna cəlb edərək Azərbaycana qarşı hücum
əməliyyatlarında istifadə etməsi terrorçuluğun Ermənistanın dövlət siyasətinin
tərkib hissəsi olduğunu növbəti dəfə nümayiş etdirir”, - Xarici İşlər Nazirliyi bildirib.
Bu məsələ ilə bağlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bəyan edib ki, "beynəlxalq ictimaiyyət Ermənistanın terrorçu qüvvələri Azərbaycana qarşı istifadə etməsinə adekvat reaksiya verməlidir", Azərtac yazır.
Cənab Hacıyev "uzun müddət ərzində Ermənistan tərəfindən bu siyasət həyata keçirdiyini bildirib":
"1990-cı illərdə Ermənistan-Azərbaycan münaqişəsinin aktiv fazasında da muzdlulardan, terrorçulardan geniş şəkildə istifadə edilib. Burada ASALA terror təşkilatını, ARABO, ARAMO kimi terror qruplaşmalarını qeyd etmək lazımdır", agentlik Hikmət Hacıyevdən sitat gətirib.
“Həmçinin bu terrorçular Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə ailələri ilə birlikdə gətirilərək onların məskunlaşdırılması həyata keçirilir. Həmin şəxslər Azərbaycana qarşı hərbi əməliyyatlarda da iştirak edirlər. Bu da Azərbaycanın ciddi narahatlığına səbəb olan məsələdir, Cənab Hacıyev deyib.