"Xankəndi istiqamətində artilleriya atəşi davam edir"
Yerli mənbələr Azərbaycanın Xankəndi (Stepanakert) istiqamətində artilleriya atəşinin davam etdiyini deyir, ciddi itkilər olduğu bildirilir, təhlükəsizlik üzrə təhlilçi Fuad Şahbazov paylaşıb.
You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycan və Ermənistan arasında sentyabrın 27-də başlamış döyüşlər bu gün də davam edir. Hər iki tərəf hərbi və mülki itkilərin olduğunu deyir. Azərbaycan Müdafiə Nazirliyi çərşənbə axşamı gününün ilk saatlarında "hazırda bütün cəbhə boyu əməliyyat və hərbi üstünlük ordumuzun tərəfində" olduğunu açıqlayıb.
Yerli mənbələr Azərbaycanın Xankəndi (Stepanakert) istiqamətində artilleriya atəşinin davam etdiyini deyir, ciddi itkilər olduğu bildirilir, təhlükəsizlik üzrə təhlilçi Fuad Şahbazov paylaşıb.
Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib ki, "İllərdir Azərbaycanın Dağlıq Qarabağdakı haqlı mübarizəsinə həll yolu təklif etməyənlərin atəşkəs çağırışları səmimi olmadığı qədər inandırıcı da deyil".
Anadolu Agentliyi yazır ki, Hulusi Akar "Can qardaşlarımızın haqlı mübarizəsində, öz torpaqlarını geri qazanmaq mübarizəsində sonuna qədər yanında olmağa davam edəcəyik" söyləyib.
“Macronun açıqlamaları Fransanın həmsədr kimi fəaliyyətini mümkünsüz edir”, Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin sədri Səməd Seyidov BBC News Azərbaycancaya deyib.
“Hesab edirəm ki, Fransa Prezidentinin verdiyi açıqlamalar həmsədr kimi bu ölkənin fəaliyyətini mümkünsüz edir. Fransanın Minsk qrupundan çəkilməsi məsələsi vacibdir. Prezident Macronun bəyanatı qəbuledilməzdir. O, qeyri-obyektiv münasibət göstərib, tərəf tutub. Halbuki həmsədr kimi onun tərəf tutmağa ixtiyarı yoxdur. Vasitəçilik missiyasında tərəf tutan ölkə missiyasını yerinə yetirə bilməz”.
Səməd Seyidov həmçinin vurğulayıb ki, “Minsk qrupunun özünün formatına yenidən baxılması vacibdir”.
Yerli media yazır ki, bu gün parlamentin iclasında deputatlar “Fransa səfirinin Azərbaycan Xarici İşlər nazirliyinə çağırılmasını”, “Fransa hökumətindən izahat tələb edilməsini” istəyiblər.
Fransa Prezidenti Emmanuel Macron ötən gün jurnalistlərə müsahibəsində Türkiyəni Qarabağa "suriyalı döyüşçülər göndərməkdə" ittiham edib və bu barədə "məlumata sahib olduqlarını" bildirib, Reuters agentliyi yazır.
Türkiyə daha əvvəl "suriyalı muzdluların göndərilməsi" barədə ittihamları rədd edib.
Azərbaycan da belə ittihamları rədd edib.
BBC News Azərbaycancanın Bərdədə olan müxbiri deyir ki, səhər saatlarında Ağdam, Goranboy istiqamətdən intensiv atəş səslərini eşidilib.
Müxbir atışmanın səngimədiyini deyir.
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunun Əmirli, Tovuz rayonun Ağdam və Ağdam rayonunun Quzanlı yaşayış məntəqələrini "artilleriya atəşinə" tutduğunu açıqlayıb.
Nazirlik bundan əvvəl bildirib ki, Şəmkirin Sabirkənd yaşayış məntəqəsi Ermənistan ərazisindən, Ağdamın Quzanlı yaşayış məntəqəsi isə işğal olunmuş ərazilərdən "raket atəşinə" tutulur.
Nazirliyin məlumatında deyilir ki, Azərbaycanın cəbhəyanı bölgələrində yaşayan şəxslərin stasionar telefonlarına müxtəlif ölkə kodlu nömrələrdən zənglər edilir və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin adından "həqiqətə uyğun olmayan məlumatlar" çatdırılır.
"Məqsəd, həmişəki kimi, dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır", - qurum bildirib.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinə aid canlı qüvvə və texnikanın vurulduğunu bildirib.
Nazirlik bununla bağlı görüntü yayıb.
Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycana məxsus vertolyotun "vurulduğunu" deyib.
Nazirliyin sözçüsü Şuşan Stepanyan Facebook hesabından görüntü paylaşıb.
Azərbaycan Müdafiə Nazirliyi hələ ki, bu barədə şərh verməyib.
Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 2-də saat 9:50-də yaydığı məlumatda deyilir ki, Ermənistan Silahlı Qüvvələri "bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndlərini intensiv artilleriya atəşinə tutur".
Nazirlik mülki əhali arasında "ölən və yaralananların olduğunu" deyir.
"Məlumata əsasən, Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var", - Azərbaycan MN bildirib.
Ermənistan Müdafiə Nazirliyi oktyabrın 2-də saat 7:55-də erməni hava hücumundan müdafiə qüvvələrinin bölmələri tərəfindən Dağlıq Qarabağın şimal-şərq istiqamətində “düşmənin 1 təyyarəsi və 1 pilotsuz uçuş aparatını“ vurduğunu bildirir.
“Sərhəd boyunca döyüşlər davam edir, düşmənin ayrı-ayrı sahələrdə erməni qoşunlarının müdafiəsini yarmaq cəhdləri baş tutmayıb”, - nazirliyin mətbuat katibi Şuşan Stepanyan Facebook səhifəsində yazıb.
Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb ki, Azərbaycan qoşunları Ağdərə istiqamətində Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayır.
"Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub", - Azərbaycan MN bildirib.
Qurum Murov dağı istiqamətində əməliyyat şəraitinin Azərbaycan qoşunlarının nəzarəti altında olduğunu qeyd edib.
Azərbaycan MN oktyabrın 2-də saat 00:00-dan 07:00-dək erməni silahlı qüvvələrinin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edildiyini bildirib.
Azərbaycanın "Qarabağ" Futbol Klubu Polşanın "Legiya" komandası ilə qarşılaşmada 3:0 hesabı ilə qalib gəlib.
Cümə axşamı günü Avropa Liqasının play-off mərhələsi çərçivəsində keçirilən oyun pandemiyaya görə azarkeşlərin üzünə bağlı olub.
Bu qələbə ilə "Qarabağ" ardıcıl 7-ci dəfə avrokubokların qrup mərhələsində iştirak etməyə haqq qazanıb.
“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında "Futbolçularımı yox, əsgərlərimi təbrik edirəm. Bu qələbəni cəbhədə döyüşən əsgərlərimizə və bütün Azərbaycan xalqına həsr edirəm" deyib.
BBC News Azərbaycancanın müxbirləri cəbhə xəttindən bir qədər uzaqda yerləşən Bərdə rayonunun Xanərəb kəndində mərmi düşən həyətdə olub. Mərmi canlı itiklərə səbəb olmasa da ev heyvanlarına ziyan dəyib.
"Ermənistan silahlı qüvvələrinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yaşayış evlərini intensiv atəşə tutması nəticəsində çoxsaylı evlərə külli miqdarda ziyan dəyib", Baş Prokurorluq bildirib.
Qurum bildirir ki, qarşı tərəf "mülki obyektləri hədəf almaqda davam edib".
Azərbaycan Müdafiə Nazirliyi bu səhər Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Goranboy, Tərtər və Ağdam rayonlarının cəbhəboyu kəndlərinin Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşinə tutulduğunu bildirib.
Ermənistan İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırır, Yerevanda brifinq zamanı Ermənistan XİN mətbuat katibi Anna Nağdalyan deyib.
"Əlbəttə, İsrailin Azərbaycana silah təchiz etməsi faktı bizim üçün qəbuledilməzdir", Nağdalyan əlavə edib.
O, bu barədə dəfələrlə israilli həmkarlarına diplomatik kanallarla bildirildiyini qeyd edib.
Reuters agentliyi yazır ki, İsrail Xarici İşlər Nazirliyi bu barədə hələ açıqlama verməyib və ölkənin Müdafiə Nazirliyi isə şərh verməkdən imtina edib.
Dağlıq Qarabağda Ermənistan tərəfində Azərbaycana qarşı erməni əsilli suriyalı döyüşçülər müharibədə iştirak edir, bunu Suriya İnsan Hüquqları Monitorinq qrupu (SOHR) saytında paylaşıb.
“Həmçinin, erməni əsilli suriyalı döyüşçülərin Ermənistan tərəfində Azərbaycana qarşı müharibədə iştirak etdiyi barədə məlumatlar da təsdiqləndi,”- qurum bildirib.
SOHR bu məlumatı “mötəbər mənbələr”lə təsdiq etdiyini bildirir.
İndiyədək tərəflər bir-birlərini xarici muzdluların cəlb olunmasında ittiham ediblər.
Bu gün Rusiyanın xarici işlər naziri Serger Lavrov türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə Dağlıq Qarabağ ətrafında gərginliyin artmasını "hərtərəfli" müzakirə ediblər.
Rusiya XİN bildirir ki, nazirlər davam edən silahlı qarşıdurmadan "ciddi narahatlıq" ifadə ediblər və "hərbi əməliyyatların dərhal dayandırılmasının tərəfdarı olduqlarını söyləyiblər".
"Digər bölgələrdən olan qanunsuz silahlı birləşmələrin yaraqlılarının münaqişəyə cəlb edilməsinin yolverilməz olduğu vurğulanıb. Bakı və Yerevana siyasi və diplomatik dəstəyin göstərilməsi baxımından son dərəcə ölçülmüş addımların atılmasının zəruriliyi qeyd olunub."
"Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsinin ən qısa müddətdə sülh danışıqları məcrasına qaytarılması məqsədi ilə vəziyyəti sabitləşdirmək üçün Rusiya və Türkiyənin hərəkətlərinin sıx əlaqələndirməyə hazırlıq təsdiqlənib", məlumatda deyilir.
“Döyüşlər başlayandan iki şagird həlak olub, bir müəllim yaralanıb, 11 məktəb dağıntılara məruz qalıb”, Təhsil Nazirliyi bildirib.
“Ermənistan işğalçı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini davamlı atəşə tutması nəticəsində Tərtər rayonu Seyidimli kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Mübariz Əliyev isə ayağından qəlpə yarası alıb. Tərtərin 6, Ağdamın 2, Füzuli, Goranboy və Kəlbəcərin hər birində 1 məktəb müxtəlif dərəcəli dağıntılara məruz qalıb”, Təhsil Nazirliyinin məlumatında deyilir.
Qurum bir neçə gün öncə Naftalan şəhərində bir evə düşən mərmi nəticəsində rayonun Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləri VII sinif şagirdi Şəhriyar Qurbanov və IX sinif şagirdi Fidan Qurbanovanın həlal olmalarını xatırladıb.
Ermənistanın “ötən müddət ərzində 200-dək tank və digər zirehli texnikası, 228 artilleriya qurğusu, 300 ədəd hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb”, Azərbaycan Müdafiə Nazirliyi cümə axşamı günü axşam saatlarından keçirilmiş brifinqdə açıqlayıb.
“6 komanda idarəetmə və komanda müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası və 1 ədəd S-300 zenit-raket kompleksi sıradan çıxarılıb", qurum rəsmisi Anar Eyvazov əlavə edib.
O, “Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarının uğurla davam etdiyini” bildirib, əlavə edib ki, “əməliyyatın 5-ci gününün sonunda Ermənistanın “xeyli itkisi var və düşmən müxtəlif istiqamətlərdə geri çəkilməyə məcbur olub”.
Anar Eyvazov Azərbaycan tərəfinin “Ermənistanın əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirməsini xatırladaraq deyib ki, “döyüş bayrağını qoruya bilməyən ordunun iki yolu var: Ya ərazimizi tərk etməlidir, ya da yerində məhv ediləcək”.
Azərbaycanın Müdafiə Nazirliyi oktyabrın 1-i axşam saatlarında Ermənistan ordusunun bölmələrinin Füzuli rayonunun Horadiz şəhərini artilleriya atəşinə tutduğunu açıqlayıb.
Nazirlik erməni silahlı qüvvələrinin mülki obyektləri hədəf aldığını bildirib.