You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.

Take me to the main website

Cəbhə bölgəsində döyüşlər - ilk on gündə nə baş verib?

Azərbaycan və Ermənistan arasında sentyabrın 27-də başlamış döyüşlər bu gün də davam edir. Hər iki tərəf hərbi və mülki itkilərin olduğunu deyir. Azərbaycan Müdafiə Nazirliyi çərşənbə axşamı gününün ilk saatlarında "hazırda bütün cəbhə boyu əməliyyat və hərbi üstünlük ordumuzun tərəfində" olduğunu açıqlayıb.

Canlı reportaj

  1. Ermənistan "F-16 ilə vurulduğu" iddia edilən pilotun adını açıqlayıb

    Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə qırıcısı tərəfindən vurulduğunu iddia etdiyi təyyarənin pilotunun adını açıqlayıb.

    "29 sentyabrda Azərbaycan tərəfdən edilən hücumları dəf etmək üçün döyüş tapşırıqlarını yerinə yetirən Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 Azərbaycanın Gəncə hava limanından havaya qalxan Türk Hava Qüvvələrinə məxsus F-16 qırıcısı tərəfindən vurulub. Ermənistan Silahlı Qüvvələrinin pilotu, mayor Valeriy Danelin öldürülüb", Ermənistan bildirib.

    Həmin gün Azərbaycan tərəfi bu xəbəri təkzib edib.

    Azərbaycan Müdafiə Nazirliyi deyib ki,“əgər Ermənistan Su-25 təyyarəsini itiribsə, o zaman onun pilotunu və pilotun ad-familyasını göstərsinlər. Kimdir bu pilot?”, deyə sual edib.

    Prezidenti İlham Əliyev Türkiyənin F-16 təyyarələrinin döyüşlərdə heç bir tərzdə iştirak etmədiyini və təyyarənin vurulması xəbərinin heç nə ilə təsdiqlənmədiyini deyib.

  2. Azərbaycan Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyən könüllülərə müraciət edib

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, könüllü döyüşlərə qatılmaq arzusunda olan döyüş və müharibə təcrübəsinə malik vətəndaşlar hərbi hissələrə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etsinlər.

    Nazirlik Azərbaycan Ordusunun uğurlarının "döyüş ruhunu yüksəltdiyini, on minlərlə şəxsin Müdafiə Nazirliyinə müraciət edərək könüllü olaraq döyüşlərə qatılmaq istədiyini bildirdiyini" açıqlayıb.

  3. Ermənistan Azərbaycanın "silah, hərbi texnika və canlı qüvvə itirdiyini" deyir

    Ermənistan Birləşmiş İnformasiya Mərkəzinin məlumatına görə, gecə cəbhənin bütün istiqamətlərində döyüşlər davam edib. Daha intensiv döyüşlər şimal və şimal-şərq istiqamətində olub.

    “Düşmənin taktiki təşəbbüsü öz xeyrinə dəyişmək cəhdləri puça çıxıb. Düşmən silah, hərbi texnika və canlı qüvvə itirib”, - məlumatda deyilir.

    Dinc əhalinin raket-artilleriya və PUA atəşinə tutulduğu, erməni hava hücumundan müdafiə qüvvələrinin Stepanakert (Xankəndi) üzərində Azərbaycanın iki pilotsuz uçan aparatını vurduğu bildirilir.

    Səhər saat 8:30-a olan məlumata görə, bütün cəbhə boyunca artilleriya atışması davam edir.

  4. "Goranboy artilleriya atəşinə tutulur"

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, erməni silahlı qüvvələri Goranboy rayonunu artilleriya atəşinə tutur.

    Saat 11 radələrində verilən məlumatda deyilir ki, "bir neçə dəqiqə əvvəl Ermənistan silahlı qüvvələrinin artilleriya bölmələri Goranboy rayonunun Aşağı Ağcakənd kəndini atəşə tutmağa başlayıb".

  5. Azərbaycan Müdafiə Nazirliyi: “Erməni qruplaşması mühasirəyə alınıb”

    Çərşənbə günü Azərbaycan Müdafiə Nazirliyi erməni qruplaşmasının "mühasirəyə alınması" ilə bağlı məlumat yayıb.

    Məlumatda deyilir ki, "cəbhənin Ağdərə-Tərtər istiqamətində mühasirəyə alınan erməni qüvvələrinin artilleriya vasitələri ilə məhv edilməsi və ərazinin təmizlənməsi əməliyyatı keçirilir".

  6. Tərtərdə daha 7 mülki şəxs yaralanıb, Azərbaycanın Baş Prokurorluğu bu barədə məlumat yayıb.

    Sentyabrın 30-da Ermənistan hərbi birləşmələrinin Tərtər şəhərini ağır artilleriyadan intensiv atəşə tutması nəticəsində dövlət qurumlarının inzibati binalarının yaxınlığına top mərmisinin düşüb və nəticədə 7 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, Azərbaycanın Baş Prokurorluğu bildirib.

    Prokurorluq mülki infrastruktur obyektlərinə də külli miqdarda ziyan vurulduğunu bildirib.

  7. Tərəflər itkilər barədə:, Bu barədə Azərbaycan Müdafiə Nazirliyi açıqlama verib.

    Azərbaycan Müdafiə Nazirliyi erməni silahlı qüvvələrinin itkiləri barədə məlumat yayıb.

    Nazirlik bildirib ki, sentyabrın 27-dən bu gün səhər saatlarınadək erməni silahlı qüvvələrinin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

    Azərbaycan MN sentyabrın 29-da gedən döyüşlərdə Xocalı rayonunun Şuşakənd ərazisində qarşı tərəfin 1 S-300 zenit-raket qurğusunun sıradan çıxarıldığını açıqlayıb.

    İtirilmiş mövqeləri geri qaytarmaq üçün Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən erməni silahlı qüvvələri sentyabrın 30-u səhər saatlarından başlayaraq hücuma cəhd göstərib, Azərbaycan MN bildirib.

    Çərşənbə axşamı günü Ermənistan Müdafiə Nazirliyindən Artsrun Hovannisyan bazar günü başlayan döyüşlərdən bu yana "790 azərbaycanlı hərbçinin öldüyünü və 1900 nəfərin yaralandığını" iddia edib.

    O deyib ki, "137 Azərbaycan tankı və zirehli texnikası, 72 PUA və 8 təyyarəsi vurulub".

    Azərbaycan Müdafiə Nazirliyinin rəsmisi Vaqif Dərgahlı bu gün BBC News Azərbaycancaya hərbi itkilərlər bağlı “heç bir şərh vermirik” deyib.

  8. "Tərtər şəhəri artilleriya atəşinə tutulur, yaralılar var", Bunu Azərbaycan Müdafiə Nazirliyi bildirir.

    Sentyabrın 30-da səhər saat 08.00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutur, Azərbaycan Müdafiə Nazirliyi bildirib.

    Nazirlik ilkin məlumata görə mülki infrastruktura ziyan dəydiyini, yaralıların olduğunu açıqlayıb.

  9. Azərbaycan Müdafiə Nazirliyi: "Erməni silahlı qüvvələrinin döyüş texnikaları məhv edilib"

    Cəbrayıl rayonu istiqamətində erməni silahlı qüvvələrinin texnikaları məhv edilib. Bu barədə çərşənbə günü Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.

  10. Galata qülləsində Azərbaycan və Türkiyə bayraqları işıqlandırılıb.

    İstanbulda Galata qülləsində Azərbaycan və Türkiyə bayraqları işıqlandırılıb.

    Türkiyənin Mədəniyyət və Türizm Nazirliyinin rəsmi Facebook səhifəsində "Nazirliyimiz tərəfindən Azərbaycan ilə birlik və bərabərliyimizin əlaməti olaraq Türkiyə və Azərbaycan bayraqları İstanbulun Galata qülləsində əks etdirildi" sözlərini paylaşılıb.

  11. Bakıda komendant saatından fotolar, Komendant saatı səhər saat 6-dək davam edəcək.

  12. "Türkiyə amili Rusiyanın Ermənistanın hərbi müttəfiqi rolunu neytrallaşdırıb", Keçmiş prezident köməkçisi Eldar Namazov BBC News Azərbaycancaya müsahibəsində deyir.

    Cənab Namazov bildirib ki, Türkiyə və Azərbaycan arasında son dövrlərdə hərbi sahədə olan əməkdaşlıq və Türkiyənin siyasi və ordu rəhbərliyinin ortaya qoyduğu mövqe proseslərə ciddi təsir göstərib.

    Onun sözlərinə görə, Türkiyə amili Rusiyanın Ermənistanın hərbi müttəfiqi kimi rolunu neytrallaşdırıb.

    “Buna görə, Rusiya Ermənistanın tərəfində açıq çıxış edə, açıq dəstək verə bilmir", o deyir.

    Şərhçiyə görə, beynəlxalq hüquq normalarına və Azərbaycanın müstəqil dövlət kimi Türkiyə ilə təhlükəsizlik və müdafiə sahəsində imzaladığı müqavilələrə əsasən, Azərbaycan Türkiyədən belə yardım istəyə bilər.

    "Necə ki, vaxtilə Rusiya Suriyada hərbi əməliyyatlara qatılanda bunu Suriyanın qanuni hakimiyyətinin onlara müraciət etməsi və iki dövlət arasında imzalanan müqaviləyə əsasən oradakı döyüşlərə müdaxilə etməsi ilə əsaslandırdı. Azərbaycan və Türkiyə də bu yolla gedə bilər. Bu da Rusiyanın müəyyən mənada əl-qolunu bağlayır və onu ermənilərə açıq dəstək verməkdən çəkindirir”, Eldar Namazov qeyd edir.

    Keçmiş prezident köməkçisi Eldar Namazovun sözlərinə görə, erməni tərəfi “resurslarının azlığına görə uzun müddət müqavimət göstərə bilməyəcək”.

    O deyir ki, 30 ilə yaxındır ki, sülh danışıqlarında iştirak edən Azərbaycan danışıqlar bu qədər uzun çəkəndən və heç bir nəticə verməyəndən sonra BMT-nin Nizamnaməsinə uyğun olaraq “özünü müdafiə etmək, öz ərazi bütövlüyünü və sərhədlərini qorumaq” hüququndan istifadə edir.

  13. Azərbaycan və Ermənistan döyüşlərin necə getməsi barədə:

    Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb ki, Azərbaycan Ordusunun artilleriya zərbələri nəticəsində Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqeləri dağıdılıb.

    Nazirlik qarşı tərəfin "ağır itkilərə məruz qaldığını" deyib.

    Ermənistan tərəfi "cəbhə xəttinin şərqində Azərbaycana məxsus hərbi təchizat maşınının vurulduğunu" deyib.

    Azərbaycan tərəfdən bu məlumata hələ ki şərh yoxdur.

  14. Əliyev və Paşinyan Rusiya televiziyasının efirində Türkiyənin rolu barədə suala cavab veriblər

    Azərbaycan və Ermənistan lideriləri "Rusiya 24" dövlət televiziya kanalının "60 saniyə" verilişində çıxış ediblər.

    Prezidenti İlham Əliyev deyib ki, Türkiyə Azərbaycana "mənəvi dəstək" göstərir və onun bölgədəki rolu "sabitləşdirici xarakter daşıyır".

    İlham Əliyev Türkiyənin münaqişədə hərbi iştirakı barədə məlumatları "feyk nyus” (saxta xəbər) adlandırıb.

    Cənab Əliyev Ermənistan təyyarəsinin Türkiyənin F-16 qırıcısı ilə vurulması iddiaları barədə suala cavab olaraq deyib ki, "bizdə bu məlumat yoxdur" və bu "məlumat heç nə ilə təsdiqlənməyib".

    "Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüşlərdə heç bir tərzdə iştirak etmir", o bildirib.

    İlham Əliyev qeyd edib ki, erməni tərəfi "münaqişənin böyüməsi, üçüncü ölkələrin bu işə qarışması təəssüratını yaratmaq istəyir".

    "Buna görə də sizə məsuliyyətlə bəyan edirəm: Türkiyə münaqişə tərəfi deyil, heç bir şəkildə bu məsələdə iştirak etmir və buna heç bir ehtiyac yoxdur."

    Prezident Əliyev Suriyadan muzdluların gətirilməsi iddiaları barədə suala cavab verərkən deyib ki, "Suriyadan heç bir silahlı yoxdur" və bu barədə "heç bir dəlil- sübut yoxdur".

    Verilişdə iştirak edən Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, "çox vacib bir nüans Türkiyənin bu prosesdə iştirak etməsidir".

    "Mötəbər məlumatlarımıza görə, hərbi təlimatçılar və yüksək rütbəli hərbçilər indi Azərbaycanın komandanlıq məntəqələrindədir və hətta bəzi yerlərdə hərbi əməliyyatlara rəhbərlik edirlər.

    Bunu xalqımız üçün həyati təhlükə kimi qəbul edirik, faktiki olaraq erməni xalqına qarşı elan edilmiş bir müharibə kimi qəbul edirik və xalqımız sadəcə özünümüdafiə hüququndan istifadə etmək məcburiyyətində qalır", Nikol Paşinyan deyib.

    O əlavə edib ki, "daha bir çox vacib nüans - beynəlxalq mətbuatda Türkiyənin Suriya ərazisindəki muzdluları işə cəlb etməsi və Dağlıq Qarabağ və Ermənistan Respublikasına qarşı müharibədə iştirak etmək üçün Azərbaycana çatdırması barədə çox sayda məlumatlar yayılıb".

    Nikol Paşinyan qeyd edib ki, beynəlxalq təşkilatlar Türkiyəni Cənubi Qafqaz regionundan çıxmağa, Azərbaycanı isə hərbi əməliyyatları dayandırmağa "məcbur etməlidir".

  15. Azərbaycan - ANAMA "bölgələrə düşən mərmiləri zərərsizləşdirib"

    Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bildirib ki, son iki gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən atılan və Azərbaycanın bir neçə rayonuna düşən mərmilərin zərərsizləşdirilməsi üzrə işlər aparılıb.

    Agentliyin yaydığı məlumata görə, cəbhə boyu ərazilərdən daxil olmuş çağırış əsasında 34 əməliyyat çıxışı həyata keçirilib. Əməliyyat çıxışlarında Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti də iştirak edib.

    “Aparılmış təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd aviabomba, 6 ədəd raket, 1 ədəd raketin arxa hissəsi və 2 ədəd döyüş başlığı, 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator, 1 ədəd dron, 2 ədəd raketin mikrosxeması və 4 ədəd partlamış raket hissələri aşkar olunub”, ANAMA-nın rəsmi saytında deyilir.

  16. Joe Biden: "Trump administrasiyası Ermənistan və Azərbaycanı atəşkəsə çağırmalıdır"

    ABŞ prezidentliyinə namizəd Joe Biden bildirib ki, Trump administrasiyası Ermənistan və Azərbaycan liderlərini dərhal atəşkəsə çağırmalı və Türkiyə daxil olmaqla, digər tərəflərdən münaqişəyə müdaxilə etməmələrini tələb etməlidir.

  17. Dağlıq Qarabağ: Ermənistan və Azərbaycan necə döyüşür və nəyə nail olmağa çalışırlar

  18. Tərtər sakini: "Günorta saatlarında dalbadal mərmi yağmağa başladı"

    “Bazar günü idi, səhər tezdən qaynım qızını çağırdım ki, aparam özünə nə bilim, dezodoran-mezodorant alsın. 8-ə 20 dəqiqə qalmış - 8-də avtobusa minəcəkdik. Başımızın üstündən atmağa başladılar”.

    Yaxınlarının narahat olacağından adının çəkilməsini istəməyən Tərtərin Qazyan kəndindən olan qadın atışmanın başladığı günü təsvir edir.

    O BBC News Azərbaycancaya deyir ki, iki gün kənd atəşə tutulsa da, heç kim kənddən çıxmayıb.

    “Ancaq bu gün - günorta saatlarında dolma bükərkən dalbadal mərmi yağmağa başladı və kənddə hay-küy qopdu. Mən də elə əlimdə bükdüyüm dolma qazanını qoluma vurdum, kənddən çıxdıq”.

    Qazyan kənd sakinləri söhbət əsnasında müxbirlərimizə deyiblər ki, bu gün kəndə dalbadal mərmi yağdığı üçün artıq kənddən çıxmağa məcbur olublar.

    İndi qazyanlılar (uşaq və qadınlar) atışma gedən ərazidən kənar, daha təhlükəsiz yerdə gedib, atışmanın kəsilməsini və kəndə qayıdacaqları vaxtı gözləyirlər.

    Əslən Ağdamdan olan Xəyalə Xudiyeva da Tərtərdə, məcburi köçkünlər üçün tikilən şəhərcikdəki evini tərk edib.

    O BBC News Azərbaycancaya deyir ki, atışma qəfil başlayıb.

    “Durduğumuz yerdə başladı. Uşaqları çıxardıq, anam şəkər xəstəsidir, onu göndərdik, özümüz qaçmadıq. Qanımızı da, canımızı da verərik ki, onlara heç nə olmasın. Bazar günü biz tərəfə atdılar. Qaçan-qaçdı, Allah var, səngər qazmışdılar. Bizi həmin səngərlərə soxdular. Dedik ki, bizi çıxarın əsgərlərə kömək edək. Bizi bura niyə soxmusunuz? Getdim əsgərlərə qan verdim”.

    Xəyalə Quliyeva deyir ki, camaat bazar günündən bəri evinə qayıda bilmir.

    BBC News Azərbaycanca müxbirləri ilə söhbətində Qarabağ müharibəsində iştirak etmiş 61 yaşlı Məhərrəm Əliyev deyir ki, “əvvəlki döyüşlərdən fərqli olaraq, bu dəfə hərc-mərclik yoxdur”.

    “İndi hamı torpaq uğrunda vuruşur. O vaxt ordu yox idi. Torpaq uğrunda millət indi döyüşə hazırdır. İndi qalxıb ayağa. İndi gedir vuruşmağa”.

    Məhərrəm Əliyev deyir ki, uşaqları və qadınları çıxarsalar da, kişilər Tərtərdən çıxmayıblar.

    “Üç gündür kənddən çıxmışıq, arada bir dəfə gedib, toyuqlara dən verib qayıtmışam. Ona kimi heç nə yox idi. Evimiz də yerində idi. Xalçaçılıq fabrikini vurublar. Məhkəmənin binasını vurublar, ondan əvvəlki gün mərmi Hərbi Komissarlığın arxasına düşüb, Axundov küçəsini vurublar, bir ev dağılıb. İki qardaş ölüb atəş nəticəsində. Belə”.

  19. Polis insanları komendant saatında küçəyə çıxmamağa çağırır

    Bakının mərkəzi küçələrində polis avtomobilləri səsgücləndirici ilə insanları komendant saatında küçəyə çıxmamağa çağırır.

    Onlar vətəndaşlardan saat 21:00-dan ertəsi gün saat 06:00-dək evdə qalmağı, küçəyə çıxmaq ehtiyacı yarananda şəxsiyyətini təsdiq edən sənədi üzərlərində daşımağı xahiş edirlər.

  20. "Rusiya istəyir ki, ərazilərində nizam olsun, millətlərarası qarşıdurma olmasın", Polad Bülbüloğlu bu gün Rusiya XİN-də görüş keçirib

    Azərbaycanın Rusiyadakı Səfiri Polad Bülbüloğlu Rusiya Xarici İşlər Nazirliyində görüş keçirib.

    "Biz nazir müavini [Rusiyanın Xarici İşlər] Andrey Rudenko və Daxili İşlər nazirinin birinci müavini Aleksandr Qorovla görüşdük. Bilirəm ki, onlar bu gün erməni həmkarımla görüşüblər. Məni dəvət etdilər ki, diasporlarımızla və burada yaşayan və əlaqə saxladığımız Azərbaycan vətəndaşları ilə bir daha [iş] görək. İdarəetmə orqanlarından müraciət səsləndi ki, Dağlıq Qarabağda münaqişənin qızışması səbəbilə Rusiya ərazisində iyul hadisələri zamanı Moskvada baş verənlər təkrarlanmasın”, - səfir jurnalistlərə deyib.

    "Rusiya tərəfinin təbii istəyi odur ki, ərazilərində nizam olsun, millətlərarası qarşıdurma olmasın. Biz bu xəbərdarlığa anlayışla yanaşırıq və bunun doğru olduğunu düşünürük. Təbii ki, öz tərəfimizdən Rusiya ərazisində belə münaqişələrin olmaması üçün hər şeyi edəcəyik”, - TASS agentliyi səfir Bülbüloğludan sitat gətirib.