Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycanın
suveren ərazilərində fəaliyyət göstərək Azərbaycanın müdafiəsini təşkil edirlər, Prezident köməkçisi Hikmət Hacıyev deyib.
“Bu, müdafiə xarakterli olan əməliyyatlardır
və məqsəd mülki əhalinin təhlükəsizliyini təmin etmək, Ermənistanın təxribatlarının
qarşısnı almaq üçün əks həmlə tədbirləri həyata keçirməkdir. Bu əməliyyatları
sülhə məcburetmə əməliyyatı da adlandırmaq olar ki, bu yolla Ermənistan nəhayət
ki, sülhə məcbur edilsin və danışıqlar prosesində də konstruktiv şəkildə
iştirak etsin,” - cənab Hacıyev deyib.
“Bu müharibə Azərbaycan
xalqının seçimi deyil. Bu müharibə Azərbaycan xalqına qarşı 30 ildən artıqdır aparılır. Belə çətin dönəmdə Azərbaycan xalqı, dövləti səfərbərdir. Biz özümüzü müdafiə
etmək hüququna malikik,” -Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.
Bazar ertəsi Azərbaycandakı
diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev bazar günü Azərbaycan və Ermənistan arasında başlayan
döyüşləri “vətən müharibəsi” adlandırıb.
“Azərbaycan xalqının
tarixində bu böyük bir vətən müharibəsidir”, o çıxışında deyib.
Hikmət Hacıyev deyib ki, Azərbaycanın məqsədi sülhdür.
“Bizim məqsədimiz sülhdür. Öz
vətəndaşlarımızı qorumaqdır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri
Azərbaycanın suveren ərazilərində fəaliyyət göstərir,” - o deyib.