Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən
Azərbaycanın Gəncə şəhərinə Ermənistan ərazisindən raketlər atılıb.
O deyib ki, Ermənistan silahlı qüvvələri "qəsdən və
hədəflənmiş şəkildə Tərtər şəhərini, Füzuli rayonunun Horadiz şəhərini ağır
artilleriyadan və raketlərdən istifadə etməklə atəşə tutub".
Cənab Hacıyev Ermənistan ərazisindən Azərbaycanın
Füzuli və Cəbrayıl rayonları istiqamətindəki yaşayış məntəqələrinə də raket
atıldığını söyləyib.
Onun sözlərinə görə, bu hücumlar nəticəsində
mülki insanlar arasında həlak olan və yaralananlar var.
Prezidentin köməkçisi deyib ki, son günlər ərzində Ermənistan tərəfindən
insanların sıx şəkildə yaşadığı Azərbaycanın yaşayış məntəqələrinə "10.000-dən
artıq müxtəlif növ mərmi və raket atılıb, 500-dən çox fərdi yaşayış evi tam
dağılıb və ya ciddi ziyan dəyib"
"Hərbi əməliyyatların gedişində
kombatantlar və mülki şəxslər, hərbi obyektlər və mülki obyektlər aydın şəkildə
fərqləndirilməlidir. Hər hansı hərbi zərurət olmadan Ermənistan
tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin kütləvi şəkildə bombarduman
edilməsi təsadüfi xarakter daşımayaraq, məqsədyönlü şəkildə həyata keçirilir. Yaşayış məntəqələrinin Ermənistan tərəfindən
sistematik şəkildə bombarduman edilməsi bu planın əvvəlcədən hazılandığını və
Ermənistan silahlı qüvvələrinin döyüş və atəş hazırlığı proqramına daxil edilməsindən
xəbər verir", - Hikmət Hacıyev söyləyib.
Cənab Hacıyev artilleriya və raket hücumlarının əksəriyyətinin "Xankəndi şəhəri yaxınlığındakı artilleriya bazalarından həyata keçirildiyini", eləcə də Ermənistan silahlı qüvvələrinin "beynəlxalq konvensiyalarla qadağan edilmiş kasetli bombalardan istifadə etdiyini" bildirib.
Ermənistanın Müdafiə Nazirliyi Ermənistan ərazisindən Azərbaycan istiqamətinə "hər hansı növ atəşin açılmadığını" açıqlayıb.
Bu barədə Ermənistan MN-in sözçüsüŞuşan Stepanyan Facebook hesabından yazıb.