"Biz yenidən Azərbaycan və erməni xalqlarının əvvəlki normal əlaqələrini bərpa etməyə çalışacağıq".
Bu sözləri Prezident İlham Əliyev BƏƏ kanalı Al Arabiya kanalına müsahibəsində deyib.
O həmçinin vurğulayıb ki, “…Bu,
asan olmayacaq, lakin biz çalışarıq qonşu olaq, yanaşı yaşayaq. Bu, necə
deyərlər, mənim erməni xalqına sözümdür. Ermənistan hökumətinə deyəsi sözüm
yoxdur. Mən onların nə etməli olduğunu artıq demişəm”.
İlham
Əliyev qeyd edib ki, qarşı tərəf atəşkəs istəyirsə, onun dediyi kimi, sözlər
deyil, üzr istəməli və torpaqlardan çıxmaqla bağlı Azərbaycana vaxt cədvəli
verməlidir.
Nikol Paşinyanın “Qarabağ
Ermənistandır” cümləsinə toxunan ölkə başçısı “bunu onun sələflərindən heç
birinin demədiyini” vurğulayıb.
“Onların heç biri. Çünki bu, danışıqların sonu
deməkdir. Çünki danışıqların mahiyyəti ərazini sülh yolu ilə, danışıqlar
vasitəsilə Azərbaycana qaytarmaq və sonra Dağlıq Qarabağda azərbaycanlı və
erməni icması arasında normal birgə yaşayışı təmin etməkdir. Çünki müharibədən
əvvəl, Ermənistan bizim ərazilərimizi işğal etməzdən əvvəl, Dağlıq Qarabağ
əhalisinin 25 faizini azərbaycanlılar təşkil edib. Lakin bu gün Dağlıq
Qarabağla yanaşı, erməni əhalinin mövcud olmadığı, 700 mindən çox
azərbaycanlının yaşadığı Dağlıq Qarabağ ətrafındakı yeddi rayon işğal
altındadır”.
İlham Əliyev Azərbaycanın indiki davranışının
“Azərbaycana qarşı hərbi təcavüzə qarşı özünümüdafiə olduğunu” bəyan edərək,
“biz məhz bunu etdik və ərazi bütövlüyümüz bərpa olunanadək biz bunu edəcəyik,”
deyə vurğulayıb.
Müharibənin nə vaxt dayanacağına gəlincə, İlham Əliyev
“Mən vasitəçilərə təklif etdim və Ermənistan xalqına da müraciət etdim ki,
işğala görə öz hökumətini məsuliyyətə cəlb etsinlər və işğalı dayandırsınlar”
deyib.
“Ermənistan buna razı olarsa, demək olar ki, 30 il
ərzində qanunsuz olaraq öz nəzarətində saxladıqları işğal olunmuş əraziləri
boşaltmağa başlasalar müharibə dayanacaq”, cənab Əliyev bildirib.