Malayziya Hava Yolları: Oğurlanmış passportların "terrorla əlaqəsi" yoxdur

Şəklin mənbəyi, BBC World Service
Malayziya polisinin bildirdiyinə görə, şənbə günü Vyetnam üzərində radarlardan yoxa çıxmış Boeing-777 təyyarəsinə oğurlanmış pasportla minmiş keçmiş sərnişinin "terrorla əlaqəsi" yoxdur.
Malayziya təyyarəsində oğurlanmış pasportla uçan sərnişinin terrorçuluqla əlaqəsi olmayan gənc İran vətəndaşı olduğu müəyyən edilib.
19 yaşlı Pouria Nour Mohammad Mehrdad güman edildiyinə görə özgə pasportla Almaniyaya köçmək niyyətində olub.
Digər oğurlanmış pasportdan istifadə etmiş daha bir sərnişinin şəxsiyyətinin müyyənləşdirilməsi işi davam etməkdədir.
Kuala Lumpurun bir gənc iranlı sakini BBC-ə bildirib ki, təyyarəyə özgə pasportla bilet alan sərnişinlərdən biri onun məktəb yoldaşıdır.
Onun sözlərinə görə, özgə pasportlardan istifadə edərək həmin iki nəfər Avropaya getməyi qarşılarına məqsəd qoyublar və Malayziya Hava Yolları şirkətinə məxsus Boeing-777 təyyarəsinə minməkdən əvvəl onun evində qalıblar.
Göyərtəsində 239 nəfər olan və Kuala Lumpurdan Pekinə yollanan Malaysia Airlines şirkətinə məxsus Boeing-777 sərnişin təyyarəsi radarlardan şənbə günü yoxa çıxıb.
Ekspertlər təyyarəyə iki nəfərin özgə pasportu ilə keçməsini təhlükəsizlik qaydalarının pozuntusu kimi qiymətləndirir, lakin qeyri-qanuni miqrasiya qovşağı sayılan regionda belə halların nadir olmadığı da qeyd edilir.
Malayziya polis inspektoru general Khalid Abu Bakar deyib ki, gənc İranlının "terrorçu dəstənin üzvü olması güman edilmir".
O, əlavə edib ki, rəsmilər onun Almaniyada yaşayan və oğlunun Frankfurta gələcəyini gözləyən anası ilə əlaqə saxlamaqdadır.
Malayziya Nəqliyyat Nazirliyi rəsmilərinə görə, axtarış əməliyyatının aparıldığı ərazinin sahəsini xeyli genişləndirilib.
Malayziya aviasiya rəsmiləri təyyarənin qalıqlarının güya aşkar edilməsi barədə indiyədək bütün xəbərlərin təsdiqlənmədiyini qeyd ediblər.
Yoxa çıxmış təyyarənin axtarışına ABŞ Federal Təhlükəsizlik Bürosunun (FBİ) əməkdaşları da cəlb olunub.























