Tatarstanda qəzaya uğramış təyyarənin qara qutuları tapılıb

Kazanda qəzaya uğrayan təyyarə
Şəklin alt yazısı, Zədələnmiş halda olduğu qeyd olunan qutuların oxunması üçün Moskvaya göndərilməsi nəzərdə tutulub.
Çap edildi

Tatarstan paytaxtı Kazanda baş vermiş təyyarə qəzasını araşdıran müstəntiqlər aeroportun müşahidə kameralarından götürülmüş video yazıların təhlilinə başlayıblar.

Kazan beynəlxalq aeroportunun fəaliyyəti yerli vaxtla saat 16:00-da bərpa olunub.

Rusiya İstintaq komitəsinin əməkdaşları qəzanın əhatə etdiyi 250 min kvadrat metr sahəsi olan ərazidə axtarış aparıblar.

Axtarış nəticəsində təyyarənin "qara qutuları" tapılıb. Zədələnmiş halda olduğu qeyd olunan qutuların oxunması üçün Moskvaya göndərilməsi nəzərdə tutulub.

Noyabrın 17-də Kazan şəhərində Boeing 737 təyyarəsinin qəzaya uğraması nəticəsində bütün sərnişinlər və ekipaj üzvləri daxil olmaqla 50 nəfər həlak olub.

Təyyarədə uçuşdan əvvəl keçirilmiş texniki baxışda "qüsur aşkar edilməmişdi", media nümayəndələrinə "Tatarstan" hava yolları şirkətinin mətbuat xidmətinin rəhbəri Gülnaz Minnixanova bildirirb.

Onun təbirincə, təyyarənin texniki vəziyyəti "qüsursuz olub".

Gülnaz Minnixanova eləcə də bildirib ki, təyyarə bazar günü bir neçə uçuş, o cümlədən Kazan-Yerevan-Kazan reysini də yerinə yetirmişdi.

Matəm günü

Bazar ertəsi Tatarstanda matəm günü elan olunub.

Tatarstan paytaxtı Kazan şəhərinin aeroportunda bazar günü Boeing 737 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 50 nəfər həlak olub.

Rusiya rəsmiləri yerli media nümayəndələrinə qəzadan heç kimin sağ çıxmadığını bildiriblər.

Tatarstan Airlines hava şirkətinə məxsus təyyarə bazar günü yerli vaxtla axşam saat 7.25-də qəzaya uğrayıb.

Rusiya Fövqaladə Hallar nazirliyinin məlumatına əsasən təyyarədə 44 sərnişin və 6 ekipaj üzvü olub.

Hadisə, təyyarə Moskva-Kazan reysini yerinə yetirərkən baş verib.

Pilotların "xəbərdarlığı"

Həlak olanlar arasında Tatarstan prezidentinin oğlu İrek Minnixanov və Tatarstan üzrə Federal Təhlükəsizlik Bürosu idarəsinin rəisi Aleksandr Antonovun da adları var.

Məlumatlara görə, sərnişinlər arasında Britaniya vətəndaşı olan bir qadın da olub.

Qəzanın səbəbi məlum olmasa da, təyyarənin aeroport zolağına enmək üçün iki cəhd etdiyi xəbər verilir.

Məlumata görə, pilotlar dispetçerlərə təyyarənin enişi zamanı problemin yarandığını bildiriblər. Həmin problemin texniki səciyyəli olduğu güman edilir.

İkinci cəhd zamanı enərkən təyyarənin qanadı yerə dəyib, yanğın başlayıb və ardınca yanacaq bakları partlayıb.

Rosqidromet-in məlumatına görə təyyarə yerə endiyi zaman Kazan şəhərində hava şəraiti əlverişli olub.

Qəzanın səbəblərinə dair hazırda iki əsas versiya araşdırılır - texniki nasazlıq və ya pilotların səhvi.