Ermənistan: Baş Qərargah rəisi vəzifədən getdi, etirazlar davam edir

Etirazçılar

Şəklin mənbəyi, AFP/Getty Images

Çap edildi

Bu gün Ermənistanda Baş nazir Nikol Paşinyan əleyhinə yürüş keçirilib, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib, Macarıstan Qarabağdakı bərpa layihələrində iştirak edəcək şirkətlərə kredit ayıracaq, bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Nikol Paşinyan əleyhinə yürüş

Ermənistanın baş naziri Nikol Paşinanın istefasını tələb edən "Vətənin xilası" hərəkatı Milli Məclis binası yaxınlığında bugünkü mitinqindən sonra, Yerevanın mərkəzi ilə yürüş keçirib.

Yürüş iştirakçıları "Millət, ordu, qələbə!" və "Nikol - satqın!" şüarlarını səsləndiriblər.

Mitinqə toplaşmış öz tərəfdarları qarşısında çıxış edən müxalifətin baş nazirliyə namizədi Vazgen Manukyan ordunu ölkə rəhbərliyinin "qeyri-qanuni" əmrlərinə tabe olmamağa çağırıb. O bəyan edib ki, bu gün baş nazirin fərmanı ilə istefa vermiş baş qərargah rəisi Onik Qasparyanın yerində olsaydı, bunu etməzdi.

"Ordu qanundan çıxmayıb, mən olsaydım, belə davranmazdım", - Manukyan deyib.

Manukyan hesab edir ki, Paşinyan onun istefası tələbi ilə bəyanatı imzalayan hərbçilərin hamısının azad edilməsini tələb edəcək, "ordunu parçalamağa" çalışacaq, lakin onun buna nail olub-olmaması müxalifətin hərəkətlərindən və ordunun "nə vaxtadək qeyri-qanuni əmrlərə" tabe olunmasından asılıdır.

Levon Ter-Petrosyan Baş Qərargah rəisi ilə bağlı vəziyyətə münasibət bildirib

Ter-Petrosyan

Müstəqil Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Silahlı Qüvvələr Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi ilə bağlı problemi hüquqi yolla həl etmək qərarını alqışlayıb.

Bu barədə öz Facebook səhifəsində Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresin mətbuat katibi Arman Musinyan yazıb.

Ter-Petosyan müxalifətin Silahlı Qüvvələri siyasi proseslərə cəlb etmək cəhdlərinə baxmayaraq, ordunun təzyiqə tabe olmayıb təmkinlilik nümayiş etdirməsini yüksək qiymətləndirdiyini bildirib.

"Həmçinin qeyd etmək istəyirəm ki, partlayış təhlükəli vəziyyətin yaranmasının yeganə səbəbi - ölkəni idarə etmək üzrə öz missiyasını heçə çıxarmış və xalqı həqarətli məğlubiyyətə gətirmiş insanın həddindən artıq öz kreslosuna bağlılığıdır, hansı ki, budan da ağrılı təhlükələr doğura bilər", - Levon Ter-Petrosyan deyib.

Eyni zamanda sabiq Ermənistan prezidenti bir daha xatırladıb ki, hakimiyyət dəyişikliyi məsələsi müstəsna olaraq konstitusiyaya uyğun həll olunmalıdır, bunun üçün isə ilk şərt olaraq dərhal iqtidarla müxalifət arasında kompromis əldə edilməlidir.

"Konstitusiya yolundan çıxılan halda isə Ermənistanın heç vaxt normal və ləyaqətli dövlət olmaq imkanı olmayacaq. Odur ki, vəziyyətin nizamlanması - tək və o qədər indinin deyil, nə qədər ki, perspektivin problemidir", - Ter-Petrosyan hesab edir.

Qasparyan (solda) və Paşinyan

Şəklin mənbəyi, gov.am

Şəklin alt yazısı, Hökumətin bəyanatında deyilir ki, Baş Qərargah rəisi Onik Qasparyan (solda) vəzifədən azad olunmuş hesab edilir

"Onik Qasparyan vəzifədən azad olunmuş hesab edilir"

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyan martın 10-dan "qanun qüvvəsi ilə" vəzifədən azad olunmuş hesab edilir. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın bəyanatında deyilir. Onik Qasparyan məhkəməyə müraciət etdiyini bildirib.

Bu səhər hökumətin rəsmi saytında dərc edilən bəyanata əsasən, Qasparyanın istefası haqqında Baş nazirin fərmanı qüvvəyə minir, çünki respublika prezidenti ona təqdim edilən fərman layihəsini qanunla nəzərdə tutulan müddətdə imzalamayıb və Konstitusiya Məhkəməsinə müraciət etməyib.

Bəyanatda deyilir ki, 27 fevral 2021-ci il tarixində Baş Nazir Aparatına prezidentin fərman layihəsinə dair etirazları təqdim edilib. Lakin bu etirazları Baş nazir qəbul etməyib və fevralın 28-də prezidentə müvafiq əsaslandırmalar ilə məktub göndərilib.

Baş nazir tərəfindən təqdim edilən sənədin "Hərbi xidmət və hərbçi statusu haqqında" qanuna əsasən təyin edilmiş müddət ərzində prezident tərəfindən imzalanmaması və Konstitusiya Məhkəməsinə müraciət etmədiyinə görə, 10 mart 2021-ci il tarixindən SQ baş qərargah rəisi Onik Qasparyan vəzifədən azad edilmiş hesab olunur, Nikol Paşinyanın bəyanatında deyilir.

Daha əvvəl Prezident Administrasiyası bəyanat yaymışdı ki, prezidentin Konstitusiya Məhkəməsinə müraciət etməsi üçün son müddət təyin edilməyib, və yaxın vaxtda prezident müraciət edər.

Məhkəməyə müraciət

Ermənistan Baş Qərargah rəisi Paşinyanın qərarı ilə bağlı məhkəməyə müraciət edib

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyan Baş nazir Paşinyanın onu vəzifədən azad etmək qərarını mübahisə etmək üçün məhkəməyə şikayət edib.

Bu barədə SQ Baş Qərargahı informasiya şöbəsinin rəisi Samvel Asatryanın Facebook səhifəsində dərc edilmiş Onik Qasparyanın bəyanatında deyilir.

Onik Qasparyan onun vəzifədən azad edilməsi prosesi də, bununla bağlı baş nazirin bəyanatını da konstitusiyaya zidd hesab edir.

Bu, bir daha onu təsdiq edir ki, hazırkı böhrandan yeganə çıxış yolu baş nazirin istefası və yeni seçkilərin keçirilməsi ola bilər, Onik Qasparyanın bəyanatında deyilir.

"Ermənistanda Konstitusiya və hüququn aliliyinin və gücün müstəsna olaraq hüquq əsasında reallaşdırılmasının təmin edilməsi üçün mən İnzibati Məhkəməyə müraciət etmişəm. Vətənə və erməni xalqına mən başqa statusda davam edərəm", - Qasparyan deyir.

Paşinyan yeni Baş Qərargah rəisi təyin etmək haqqında vəsatət təqdim edib

Baş nazir Nikol Paşinyan yeni Baş Qərargah rəisi vəzifəsinə general-leytenant Artak Davtyanı təyin etmək haqqında Ermənistan Prezidentinə vəsatət təqdim edib, Armenrpess agentliyinə baş nazirin mətbuat katibi Mane Gevorqyan deyib.

Artak Davtyan daha əvvəl də baş qərargah rəisi vəzifəsini tutub. Paşinyanın rəhbərliyi ilə 2018-ci ildə "məxməri inqilab"ın qələbəsindən sonra mayın 24-də Davtyan Ermənistan SQ Baş Qərargah rəisi təyin olunub, lakin 2020-ci il iyunun 8-də istefaya çıxarılıb.

Davtyan

Şəklin mənbəyi, mil.am

Şəklin alt yazısı, Artak Davtyan (ön planda) daha əvvəl də baş qərargah rəisi vəzifəsini tutub

O zaman informasiya vasitələri baş qərargah rəisi Davtyanın istefasına koronavirus pandemiyasına görə karantin qadağalarına rəğmən oğluna dəbdəbəli toy etdiyinin səbəb olduğunu bildirirdi.

Bu gün Ermənistan Prezident Administrasiyasının mətbuat xidməti Prezident Sarkisyanın "Hərbi xidmət və hərbçi statusu haqqında" qanun məsələsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etdiyini bildirib.

Çərşənbə günü Ermənistan Prezidentinin rəsmi saytında dərc edilmiş bəyanatda deyilir ki, Armen Sarkisyan sözügedən "Hərbi xidmət və hərbçi statusu haqqında" 15 noyabr 2017-ci il tarixli qanunun Konstitusiyaya uyğunluğu məsələsi ilə bağlı Konstitusiya məhkəməsinə müraciət edib.

Armen Sarkisyan qeyd edir ki, Konstitusiya Məhkəməsi hərtərəfli təhqiqat aparıb bu məsələ ilə bağlı qərar çıxara bilər.

"Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı qərarı və ehtimal olunan tədbirlər daha əvvəl qəbul olunmuş qərarlara və qanunun izahı və tətbiq edilməsi ilə bağlı yaranmış vəziyyətdə indiki və gələcək proseslərə ciddi təsir edə bilər", - Armen Sarkisyan qeyd edib.

Ermənistan Prezidenti Konstitusiya Məhkəməsinin qərarının mümkün qədər tez qəbul olunmasının hüquqi müəyyənliyə gətirəcəyinə və mövcud böhranın nizamlanmasına xidmət edəcəyinə ümid etdiyini bildirib.

Paşinyanın istefası tələbi ilə etirazlar Ermənistan, Azərbaycan və Rusiya dövlət başçıları arasında noyabrın 9-da Qarabağ müharibəsinin dayandırılması haqqında bəyanat imzalandıqdan sonra başlayıb.

Fevralın 25-dən etiraz dalğası daha da güclənib. Buna Paşinyanın Silahlı Qüvvələrin qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərmək qərarı səbəb olub.

Xaçatryan Baş nazir Paşinyanın "İsgəndər" raket komplekslərinin Qarabağ müharibəsi zamanı özünü doğrultmadığına dair bəyanatını istehza ilə şərh etmişdi.

Bundan sonra Silahlı Qüvvələri baş qərargah rəisi Onik Qasparyanın başçılığı ilə 40-a yaxın yüksək rütbəli hərbi məmurlar Baş nazirin və Nazirlər Kabinetinin istefasını tələb edən bəyanatla çıxış edib.

Paşinyan bunu "hərbi çevriliş cəhdi" adlandırıb və dərhal baş qərargah rəisinin istefasına sərəncam verib, lakin Prezident Armen Sarkisyan müxalif və parlament siyasi qüvvələri və hərbi rəhbərliklə məsləhətləşdikdən sonra, sənədi imzalamayıb və qeyd şərtlə geri qaytarmışdı.

Paşinyan ikinci dəfə eyni vəsatətlə Prezidentə müraciət edib.

Polis

Şəklin mənbəyi, Anadolu Agency/Getty Images

Lüzumsuz siqnal verən sürücülər cərimələnəcək

Lüzumsuz siqnal verən sürücülər cərimələnəcəklər, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi açıqlayıb.

Qurum bildirib ki, günün pik saatlarında şəhərin mərkəzi küçə və prospektlərində yaranan sıxlıq zamanı sürücülərin "lüzumsuz olaraq səs siqnallarından istifadə etməsi" paytaxt sakinlərinin narahatlığına və narazılığına səbəb olur.

"Sürücülərimiz onu bilməlidir ki, "Yol Hərəkəti Haqqında Qanun"un tələbləri çərçivəsində səs siqnalları yaşayış məntəqələrində yalnız yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə istifadə oluna bilər. Əks təqdirdə, bu hal inzibati xəta tərkibi yaradır və sürücülər İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən cərimə oluna bilərlər".

Qanuna əsasən, bu qaydanı pozan sürücülər 30 manat məbləğində cərimə oluna bilərlər.

Peter Szijarto

Şəklin mənbəyi, minenergy.gov.az

Şəklin alt yazısı, Energetika Nazirliyində keçirilən Azərbaycan-Macarıstan işgüzar görüşündə Macarıstanla alternativ energetika sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Macarıstanla Qarabağda yenidənqurma və qaz ixracı layihələri "müzakirə olunub"

Macarıstan Xarici işlər və ticarət naziri Peter Szijjarto-nun Azərbaycana səfəri vaxtı Qarabağda bərpa layihələri və bu ölkəyə qaz ixracı müzakirə olunub. Bu barədə macarıstanlı rəsmi ilə keçirilən birgə mətbuat konfransında Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Məlumata əsasən, Macarıstan bankı "postkonflikt dövründəki" bərpa layihələrinə cəlb olunan macar şirkətləri üçün 100 milyon dollar həcmində kreditin ayrılmasına qərar verib.

Ceyhun Bayramov iki ölkə arasında yeni sazişlərin imzalanacağını da bildirib.

"İndiyədək 44 saziş imzalanıb. Ölkələrimiz arasında daha 10 yeni saziş imzalanacaq", - Ceyhun Bayramov deyib.

Energetika Nazirliyində keçirilən Azərbaycan-Macarıstan işgüzar görüşündə həmçinin Macarıstanla alternativ energetika sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

"Energetika naziri iki ölkənin dövlət və özəl qurumları arasında əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Azərbaycanda günəş və külək enerjisi sahəsində keçiriləcək hərraclarda macar şirkətlərinin iştirakı üçün əlverişli imkanların olduğunu bildirib", - Energetika Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.