İsveç təhsilində rəqəmsallıqdan imtina: kağız və qələm qayıdır

qələmlə yazan uşaq

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Maddy Savage
    • Vəzifə, BBC
  • Çap edildi
  • Oxuma vaxtı: 6 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

İsveç hökuməti məktəbdə fiziki kitab, dəftər və qələmlərdən istifadəyə qayıdılmasını nəzərdə tutan siyasəti müdafiə edir.

2025-ci ilin əvvəlində məktəbəqədər təhsildə rəqəmsal cihazlardan istifadə məcburiyyəti ləğv edildi.

İki yaşından kiçik uşaqlara isə planşet verilmir.

Bu il məktəblərdə mobil telefonlardan istifadə, hətta təhsil məqsədli olsa belə, tamamilə qadağan ediləcək.

Məktəblərə dərslik xərcləri üçün 200 milyon dollardan çox vəsait ayrılıb.

Dərslik əsaslı öyrənməni məcburi etməyi hədəfləyən yeni kurikulum isə 2028-ci ildə qüvvəyə minəcək.

Liberal Partiyanın təhsil üzrə sözçüsü Joar Forsell bildirib: "Uşaqların lazımi bilikləri qazanmasını istəyirsinizsə, onların real kitab oxumaları, real kağız üzərində yazmaları və kağızdakı real rəqəmlərlə hesablamalar aparmaları daha yaxşıdır". Qeyd edək ki, Liberal Partiyanın rəhbəri həm də İsveçin təhsil naziridir.

Lakin bu "analoqa qayıdış" siyasəti ilə razılaşmayanlar da var.

Xüsusilə texnologiya şirkətləri, İT mütəxəssisləri və bəzi pedaqoqlar iddia edirlər ki, bu addım tələbələrin gələcək məşğulluq imkanlarına mənfi təsir göstərə bilər, hətta İsveç iqtisadiyyatına zərər vurar.

dərs

Şəklin mənbəyi, Maddy Savage

Şəklin alt yazısı, Nacka-da yuxarı sinif şagirdlərinin fikirləri də iki yerə bölünüb.

Stokholm yaxınlığındakı Nacka şəhərində yerləşən bir liseydə yuxarı sinif şagirdləri çantalarından dizüstü kompüterlərini və bir neçə il əvvəl daha az istifadə etdiklərini bildirdikləri digər ləvazimatları - dəftər və kitablarını çıxarırlar.

On səkkiz yaşlı Sofi deyir: "Artıq məktəbdən evə tez-tez yeni kitablarla və kağızlarla qayıdıram".

O əlavə edir ki, müəllimlərindən biri dərs zamanı istifadə etdikləri bütün mətnlərin surətini çıxarıb sinfə paylayır, əvvəllər riyaziyyat dərsi üçün istifadə etdikləri rəqəmsal platformanı isə artıq tamamilə dərsliklər əvəz edib.

Bu mənzərə yüksək rəqəmsal bacarıq səviyyəsi və inkişaf etmiş texnologiya startap mühiti sayəsində Avropanın texnologiyaya ən meyilli cəmiyyətlərindən biri hesab edilən İsveçin imici ilə ziddiyyət təşkil edir.

Planşetlər məcburi idi

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

İsveçdə 2000-ci illərin sonu və 2010-cu illərin əvvəllərində məktəblərdə dizüstü kompüterlər getdikcə geniş yayıldı.

Rəsmi məlumatlara görə, 2015-ci ilə qədər dövlət liseylərində oxuyan şagirdlərin 80%-nin fərdi rəqəmsal cihaza çıxışı var idi.

Hətta 2019-cu ildə məktəbəqədər təhsil kurikulumunda planşetlərdən istifadə məcburi hala gətirildi.

Bu, Sosial-Demokrat hökumətinin uşaqları kiçik yaşlarından getdikcə rəqəmsallaşan iş və şəxsi həyata hazırlamaq siyasətinin bir hissəsi idi.

Lakin 2022-ci ildə hakimiyyətə gələn və hazırda vəzifədə olan sağçı koalisiya təhsilin istiqamətini dəyişir.

Forsell bildirir ki: "Ekranlardan mümkün qədər uzaqlaşmağa çalışırıq.

Yaş artdıqca istifadə bir qədər artıra bilər, lakin xüsusilə kiçik yaşlarda, məncə, heç bir şəkildə ekrandan istifadə etməməliyik".

Hökumət, "ekrandan qovluğa" mənasını verən və isveç dilində qafiyəli səsləndiyi üçün yadda qalan "från skärm till pärm" şüarından tez-tez istifadə edir.

Rəsmilər müdafiə edirlər ki, ekransız dərslər uşaqların diqqətlərini cəmləmələri, yazı və oxu bacarıqlarını inkişaf etdirmələri üçün daha yaxşı şərait yaradır.

"Diqqəti yayındırır"

Təhsil siyasətindəki bu dəyişikliyə 2023-cü ildə akademik tədqiqatçılar, təhsil müəssisələri, dövlət qurumları və bələdiyyələrlə aparılan məsləhətləşmələr nəticəsində qərar verilib.

Rəqəmsal vasitələrin istifadəsi ilə bağlı narahatlıqlarını dilə gətirənlər arasında olan, Stokholmdakı Karolinska İnstitutu ilə əlaqəli neyrobioloq Dr. Sissela Nutley deyir: "Texnologiyanın siniflərdə yaratdığı diqqət yayındırıcı təsirə dair fərqindəlik getdikcə artır".

Nutley qeyd edir ki, dostlarının ekran fəaliyyətlərini görən şagirdlərin diqqəti asanlıqla dağıla bilir.

Bundan əlavə, o xatırladır ki, getdikcə artan beynəlxalq araşdırmalar mətnləri ekrandan oxumağın uşaqların məlumatı qavrama prosesini çətinləşdirdiyini və həddindən artıq ekran qarşısında vaxt keçirməyin kiçik uşaqların beyin inkişafına mənfi təsir göstərə biləcəyini üzə çıxarıb.

Joar Forsell kağız və qələm istifadəsinin uşaqların öyrənmə prosesini gücləndirdiyini müdafiə edir.

Şəklin mənbəyi, Liberal Arna

Şəklin alt yazısı, Joar Forsell kağız və qələm istifadəsinin uşaqların öyrənmə prosesini gücləndirdiyini müdafiə edir.

Hökumət daha ənənəvi tədris üsullarına qayıtmağın İsveçin PISA reytinqindəki mövqeyini yaxşılaşdıracağına ümid edir.

PISA İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) əsas təhsil sahələri üçün istifadə etdiyi beynəlxalq qiymətləndirmə meyarıdır.

Bir vaxtlar PISA-nın ulduzlarından olan İsveçin balları 2012-ci ildə ciddi şəkildə düşmüş, sonrakı illərdə cüzi toparlanma yaşansa da, 2022-ci ildə riyaziyyat və oxu üzrə ən aşağı səviyyədə olmuşdu.

Hazırda OECD ortalamasından bir qədər yuxarıda olsa da, İsveç 2022-ci ildə oxu bacarığı üzrə İngiltərə, ABŞ, Danimarka və Finlandiya kimi ölkələrdən geridə qalıb. Araşdırmada 15-16 yaş qrupundakı şagirdlərin demək olar ki, dörddə birinin (%24) təməl səviyyədə oxuduğu, lakin oxuduğunu anlama bacarığına nail ola bilmədiyi məlum olub.

Forsell deyir: "Biz bilirik ki, bütün təhsil prosesləri intensiv ekran istifadəsi ilə keçən uşaqlar beynəlxalq qiymətləndirmələrdə geridə qalırlar".

"Niyə səbəb-nəticə əlaqəsi qurarkən ehtiyatlı olmalıyıq"

OECD-nin yanvar ayında tamamladığı hesabatda, ümumi mənzərəyə baxıldıqda şagirdlərin rəqəmsal cihazlara çıxışdan fayda sağladığı nəticəsinə gəlinib.

Lakin bununla yanaşı, siniflərdə rəqəmsal diqqətdağıdıcıların mövcudluğunun və onlardan intensiv istifadənin aşağı riyaziyyat balları ilə birbaşa əlaqəli olduğuna diqqət çəkilib.

Buna baxmayaraq, ballar heç bir rəqəmsal cihazdan istifadə etməyənlərdən daha yüksək idi.

OECD-nin təhsil direktoru Andreas Şlayxer "səbəb-nəticə" əlaqəsi qurarkən ehtiyatlı olmağı xatırladır; lakin İsveçin digər ölkələrlə müqayisədə texnologiyanı daha tez və daha "ifrat" formada mənimsəməsinin nəticələrə təsir etmiş ola biləcəyini irəli sürür.

Şlayxer deyir: "Siniflərə aydın bir pedaqoji məqsəd və hədəflər müəyyən edilmədən çox sayda cihaz və texnologiya yerləşdirildi".

Texnologiya sektorunun reaksiyası

İsveç hökumətinin "yenidən kitablara qayıdış" strategiyası iş dünyasında da qızğın müzakirələrə səbəb olub.

İsveç Ticarət Birliyi "Təhsil Texnologiyaları Sənayesi"nin dərc etdiyi yeni hesabatda xəbərdarlıq edilir ki, daha analoq bir təhsil şagirdləri gələcəyin işlərinə kifayət qədər hazırlaya bilməmək riski daşıyır.

Ticarət birliyinin rəhbəri və eyni zamanda keçmiş müəllim olan Canni Ceppesen bildirir:

"İşçi qüvvəsinə qoşulmaq üçün hər kəsin təməl rəqəmsal bacarıqlara ehtiyacı var".

O, Avropa İttifaqının yeni hesabatında işlərin 90%-nin rəqəmsal bacarıqlar tələb etdiyinin qeyd olunduğuna diqqət çəkir.

Ceppesen bu siyasət dəyişikliyinin sahibkarlıq və innovasiya üzərindəki mümkün təsirlərindən də narahatdır.

İsveç hazırda əhalisinin sayına nisbətdə Avropada ən çox texnologiya "unikornu" yetişdirən ölkədir.

"Unikorn"lar dəyəri bir milyard dollar və daha çox olan şirkətlər kimi müəyyən edilir.

Bu şirkətlər arasında musiqi platforması Spotify və hüquq sektoru üçün hazırlanmış süni intellekt platforması olan Legora da var.

Ceppesenin fikrincə, əgər bu kimi şirkətlər İsveçdə ehtiyac duyduqları düzgün İT səriştələrini tapa bilməsələr, başqa ölkələrə köçə bilərlər.

Canni Ceppesen  bu dəyişikliyin gənclərin rəqəmsal bacarıqları üzərindəki təsirindən narahatdır.

Şəklin mənbəyi, Maddy Savage

Şəklin alt yazısı, Canni Ceppesen bu dəyişikliyin gənclərin rəqəmsal bacarıqları üzərindəki təsirindən narahatdır.

Digər tərəfdən, qlobal miqyasda istifadəsi getdikcə artan süni intellekt də məsələnin başqa bir tərəfidir.

İsveç hökuməti orta məktəblərdə süni intellekt istifadəsinin təqdim etdiyi imkanlar və risklər haqqında dərslərin keçirilməsini istəyir.

Lakin süni intellekt təhsilinin daha kiçik yaşlı uşaqlar üçün də kurikulumun bir hissəsi olmalı olduğunu müdafiə edənlər də var.

Linköping Universitetinin Davranış Elmləri kafedrasının professoru Linnea Stenliden bu nöqtədə "imkan bərabərsizliyinə" diqqət çəkir; o xəbərdarlıq edir ki, daha imkanlı ailələrin övladları süni intellekt alətlərindən istifadəni ailələrinin köməyi ilə öyrənəcək, bu isə yaşıdları ilə aralarında bir "rəqəmsal uçurum" yaradacaq.

Bərabərsizliyi artırarmı?

İsveç hökumətinə gəldikdə isə, Forsell uşaqlara digər təməl rəqəmsal bacarıqlara tam yiyələnmədən süni intellekt təhsilinin verilməməsi barədə israr edir.

O, hökumətin daha ənənəvi təhsil anlayışının bərabərsizliyi artıracağı fikri ilə də razılaşmır.

Forsell deyir: "Bərabərsizliyin insanların əlindən aldığı fürsətləri onlara yalnız düzgün bir təhsil sayəsində geri qaytara bilərsiniz".

Ceppesenə görə isə bu, "populist" bir yanaşmadır. Onun fikrincə, "hökumət rəqəmsal və analoq siniflərə fokuslanaraq, diqqəti şagirdlərin performansına təsir göstərməsi ehtimal olunan digər səbəblərdən bu tərəfə yayındırır".

İsveç hökuməti rəqəmsal cihazların öyrənmə prosesindən çıxarılmasının şagirdlərin performansını artıracağına ümid edir.

Şəklin mənbəyi, Maddy Savage

Şəklin alt yazısı, İsveç hökuməti rəqəmsal cihazların öyrənmə prosesindən çıxarılmasının şagirdlərin performansını artıracağına ümid edir.

İsveç Milli Təhsil Agentliyinin mart ayında dərc etdiyi hesabatda təhsil resursları ilə tədris potensialının paylanmasındakı bərabərsizliyə diqqət çəkilir.

Nacka-da yuxarı sinif şagirdlərinin fikirləri də iki yerə bölünüb.

18 yaşlı Aleksis deyir: "İnternet gənc nəsilləri sanki ələ keçirib və onların diqqətlərini daha asan itirdiklərini müşahidə edirəm".

Aleksis qardaş-bacılarının təhsil prosesində özlərinin istifadə etdiyi qədər çoxly rəqəmsal cihazdan istifadə etməsinin tərəfdarı deyil.

Lakin 19 yaşlı Jasmin ibtidai məktəblər də daxil olmaqla, rəqəmsal təhsilin tərəfdarıdır.

"Kompüterlərə daha çox önəm verək. Reallıq budur ki, bütün dünya kompüterdən istifadə edir".