Azərbaycanda rəsmi qurum təmsilçilərinin “şəxsi fikir” azadlığı: “Cəmiyyət qarşısında məsuliyyətsizlik”

Taksi Hikmət Babayev BNA

Şəklin mənbəyi, Azertag/Bakı Nəqliyyat Agentliyi/ARB

    • Müəllif, Cəmilə İbrahimova
    • Vəzifə, BBC News Azərbaycanca
  • Çap edildi

"Taksidən istifadə müəyyən imkana bağlıdır" deyən Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayev vəzifəsindən uzaqlaşdırılıb, Agentlik bildirib.

Bu qərar şöbə müdirinin yerli kanallardan birində taksi xidmətlərinə vahid tarif tətbiqi ilə bağlı çıxışının qarşılaşdığı aktiv tənqidlərdən sonra baş verib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) rəsmisi çıxışında deyib ki, "taksi qiymətləri bu gün elə həddə enib ki, hətta avtobus qiymətləri ilə az qala bərabərləşib. Bu belə olmalı deyil. Siz də bilirsiniz ki, taksidən istifadə etmək, necə ki, əvvəlki dönəmdə olduğu kimi, müəyyən imkanlara bağlı olan bir şeydir. Taksidən yararlanmaq olar, amma bunu gündəlik nəqliyyat vasitəsinə çevirmək, daimi nəqliyyat vasitəsinə çevirmək bir az düzgün deyil. Bunun üçün müntəzəm sərnişindaşıma mövcuddur."

Onun bu çıxışı həm ictimaiyyətdə, həm də sosial şəbəkə istifadəçiləri arasında hiddətlə qarşılanıb. Sosial şəbəkə istifadəçiləri yazır: "taksi ancaq imkanlılar üçündürsə, bəs, kasıblar nə etsin?".

BNA bir gün sonra yaydığı məlumatda Hikmət Babayevin açıqlamasının onun "şəxsi fikri" olduğunu və qurumun mövqeyini "əks etdirmədiyini" bildirib.

Qurum elə həmin gün Hikmət Babayevlə bağlı "inzibati tədbirlərin" həyata keçirildiyini, növbəti gün isə onun "işdən çıxarıldığını" açıqlayıb.

Bəzi sosial şəbəkə istifadəçiləri BNA rəsmisinin təmsil etdiyi qurumun nümayəndəsi qismində çağırıldığı verilişdə dediklərinin onun "şəxsi fikri" adlandırılmasını "qeyri-adekvat cavab" adlandırıb.

"Qurum olaraq bir mədəni üzrxahlıq etməyi də bacarmırsınız. Hansı inkişaf və təkmilləşdirmə gözləmək olar sizdən? Bu konsepsiyanın müddəalarını da yəqin "Hikmət Babayev yazıb" deməyəcəksiniz...", - Xətai Alıyev adlı istifadəçi yazıb.

Ötən ilin aprelində Bakı Metropoliteninin marketinq şöbəsinin rəhbəri Lalə Babayeva ""Çastpik" yazanlar öz kəndlərində qalsaydı, belə problem yaranmazdı. Həm təmiz, həm də rahat metro olardı" demişdi.

Bu ilin iyununda isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)-in sözçüsü Rəvanə Əliyeva və digər rəsmilərin sosial şəbəkələrdəki çıxışları tənqidlərə səbəb olmuşdu.

Sosial media istifadəçiləri hər iki halı tənqid etmişdi.

Rəsmi qurumların əməkdaşlarının "şəxsi fikir"lərini ictimaiyyətə bu qədər rahat şəkildə açıqlamaq imkanı necə yaranır? Təmsil etdiyi qurumlar onlara niyə icazə verir və ya bu qurumlarda kadrlara ictimai davranış qaydaları barədə təlimat verilmirmi?

"Onun bütün məsuliyyəti agentliyin məsuliyyətidir"

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, Bakı Nəqliyyat Agentliyinin açıqlaması yalnışdır və Hikmət Babayevin dedikləri onun "şəxsi fikri" ola bilməz.

"Hikmət Babayevi verilişə Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi kimi dəvət ediblər və onun bütün məsuliyyəti agentliyin məsuliyyətidir. Şəxsi fikrini Facebook statusunda yazsaydı, başa düşərdik, amma bir televiziya kanalına agentliyi təmsil etmək üçün dəvət olunub. Orada səsləndirilən bütün fikirlər agentliyin mövqeyidir".

Cənab Məmmədli söyləyir ki, Azərbaycanda dövlət qurumlarının fəaliyyətində "vətəndaşların rəyi önəmli olmur".

O, bunun səbəbini "obyektiv seçki, hesabatlılıq və məsuliyyətin olmaması" ilə izah edir və deyir ki, təyin edilən şəxslər "məsuliyyəti onu təyin edənin qarşısında görür, nəinki cəmiyyətin".

Ələsgər Məmmədli dövlət qulluqçuları üçün davranış kodeksinin olduğunu və qulluqçuların buna hazırlanması üçün "xeyli vəsait" xərcləndiyini söyləyir.

Taksi Hikmət Babayev BNA

Şəklin mənbəyi, Azertag

Şəklin alt yazısı, Azərbaycanda taksi fəaliyyətinə vahid tarif tətbiqi mexanizminin müzakirəsi zamanı Bakı Nəqliyyat Agentliyinin rəsmisinin səsləndirdiyi fikirlərə qarşı ictimai tənqidlər səngimək bilmir.

""Şəxsin mövqeyi" kimi təqdim olunmağa başlananda..."

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Anar Məmmədli vəziyyəti "paradoksal" adlandırıb.

Anar Məmmədli deyir ki, bu halda çıxış edən şəxsin fikirləri ona görə əhəmiyyət daşıyır ki, o, həmin qurumda rəsmi vəzifə tutur və bu zaman həmin şəxsin mövqeyi istər-istəməz qurumun mövqeyi kimi qəbul edilir.

"Bu, dünyanın bir çox yerlərində qəbul edilmiş qaydadır ki, qurumun adından çıxış edən, indiyədək çıxış etmiş, qurumun təmsilçisi kimi tanınan şəxslərin açıqlamaları eyni zamanda həmin qurumun mövqeyi kimi qəbul edilir. Problem ondadır ki, sonradan bu şəxslərin fikirləri təkzib ediləndə və yaxud "şəxsin mövqeyi" kimi təqdim olunmağa başlananda, artıq bu qurumlar daxilində idarəçiliklə bağlı kommunikasiya problemi ortaya çıxır. Belə çıxır ki, bu qurumların daxilində kollektiv idarəçilik yoxdur. Yəni, mətbuat üçün, ictimaiyyət üçün açıqlanacaq və açıqlanmayacaq fikirlərlə bağlı konkret qayda yoxdur".

Cənab Məmmədli bunun qurumların idarəçiliyində "çatışmazlığın göstəricisi" olduğunu qeyd edib.

Cavabdehlik və məsuliyyət

Anar Məmmədli deyir ki, bəzən qurum təmsilçilərinin fikirləri cəmiyyətdə qəzəblə qarşılaşdıqda ciddi ictimai qınaqla üzləşirlər.

Onun sözlərinə görə, bu zaman qurumları təmsil edən şəxslərin peşə məsuliyyətindən və cavabdehliyindən "bir qədər uzaq" olduqları ortaya çıxır.

"Bunlar seçilərkən, hazırlanarkən, kommunikasiya siyasəti qurularkən, çıxışları hazırlanarkən məsuliyyətlilik və cavabdehlilik prinsipi qorunmur. Əslində, istər dövlət sektoru, istər kommersiya, istər də qeyri-kommersiya sektorunda çalışan şəxslər kommunikasiya siyasətini düzgün qurmalı, xüsusilə ictimaiyyət qarşısındakı davranışlarında daha məsuliyyətli olmalıdırlar. Əfsuslar olsun ki, bu prinsiplərə əməl etmirlər, çünki qurumlar özlərini hesabatlı hiss etmirlər. Yəni, onları təmsil edən şəxslər istədikləri vaxt istədikləri ifadələri işədə bilirlər və buna görə heç bir məsuliyyət hissləri olmur".

Cənab Məmmədli hesab edir ki, bəzi hallarda rəsmi şəxslərə verilən cəzalar "dövlət siyasətini təkmilləşdirmək məqsədi güdmür".

Hakimiyyətin başında olan siyasi qrup fikirləşir ki, hansısa məmur vətəndaşlarla münasibətlərində həddən artıq müstəqilliyə, muxtariyyətə yol verib, xoşagəlməz ifadə işlədib, dərhal onu cəzalandırırlar, Anar Məmmədli deyir.

Hüquq müdafiəçisi söyləyir ki, burada məsələ vətəndaşın marağı yox, "öz prestijini qorumaq" olur.

"Bu, daxili intizam normalarının tapdalanmasıdır"

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruc deyir ki, bu gün hökumət stukturlarında təmsil olunan şəxslər virtual platformalarda rəylər irəli sürürlər və bəzən tam fərqli, əks mövqe ortaya qoyurlar.

"Bu zaman həmin müəssisənin özünün qarşısında sual yaranır ki, həqiqətən insan resursları departamentindən keçən, müxtəlif müqavilə öhdəlikləri daşıyan, təmsil etdiyi şöbənin sahəvi vəzifələri ilə daha çox öhdəlikli olan şəxs nə üçün həm profili, həm də təşkilatın maraqları ilə uzlaşmayan mövqelərdə durur. Bu, heç şübhəsiz ki, daxili intizam, nizamnamə tələblərinin və yaxud əsasnamə normalarının tapdalanmasıdır".

Millət vəkili söyləyir ki, əgər hansısa qurumların fəaliyyətində, kommunikasiya siyətində bu xarakterli nöqsanlar müşahidə olunursa, demək, professionallığın artırılmasına "çox ciddi ehtiyac var".

Ehtiyatsız bir ifadə, bir kəlmə çox kəskin yanaşmalara səbəb olur və nəticədə bu duruma gətirib çıxarır, Zahid Oruc deyir.

Cənab Oruc hesab edir ki, Azərbaycanda əksər qurumlarda əməkdaşların davranış qaydaları istiqamətində qurumun əsasnaməsindən irəli gələn, funksional səlahiyyətlərinə birbaşa aid olan, kadrların peşəkarlığının artırılmasını hədəfləyən və buna dair büdcə vəsaitlərinin yönəldiyi fəaliyyətlər mövcuddur.

"Kim nə dərəcədə həmin təlimləri uğurla keçir, ən sonda buna dair xüsusi sertifikatlarla təmin olunur, bu, artıq məsələnin ikinci hissəsidir. Ancaq dünyada ümumiyyətlə, kadrların səviyyəsinin artırılması, yeni müasir çağırışlara cavab vermə bir nömrəli problemdir", o deyir.