Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür

Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.

Canlı reportaj

  1. "Füzuli şəhəri... əgər bura şəhər demək olarsa"- BBC müxbiri yazır

    Füzuli

    Səadət Akifqızı, Füzuli

    Füzuli şəhəri... əgər bura şəhər demək olarsa. Evlərin, müəssisələrin yalnız quru divarları qalıb.

    Biz Füzulinin mərkəzi küçəsindəyik, prezident köməkçisi Hikmət Hacıyev deyir.

    Amma ətrafdakı uçuq divarlardan, yabanılaşmış ağaclardan, hər yeri basmış kol-kosdan buranın 30 il əvvələ qədər şəhərin qaynar yeri olduğunu söyləmək çətindir.

    Bu evləri bomba dağıtmayıb, Füzilinin icra başcısı Alı Alıyev deyir.

    O əlavə edir ki, o vaxt Füzulini tərk edəndə evlər salamat olub, çox adam yalnız paltarını götürüb çıxıb:

    “Bu 30 ildə ermənilər evləri daşına qədər daşıyıblar”.

    Bizi şəhər qəbiristanlığına aparırlar. Ancaq burada adda-budda yerə düşmüş bir neçə qəbir daşı var, başqa heç bir nişanə yoxdur, məzar yerləri bir-birinə qarışıb.

    Qəbiristanlığı bərpa eləmək olacaqmı? İcra başçısı Alı Alıyev deyir ki, bunu necə edə bilərlər?

    “Bütün qəbirlər dağılıb, kim harda dəfn olunub, necə bilmək olar?”

    Hərbçilər xəbərdarlıq edirlər: qəbiristanlıq minalanıb, içəriyə doğru getməyin.

    ANAMA nümayəndələri deyirlər ki, Füzuli şəhərində hərəkət etmək üçün bəzi yerləri təmizləyiblər.

    Ərazidə olan jurnalistlərə bərk-bərk tapşırırlar ki, deyilən yerdən kənara çıxmasınlar. Kimsə addımını bir az qırağa qoysa, hərbçilər həyacanlanırlar, dərhal onları geri qaytarmağa çalışırlar.

    Biz Füzilini tərk edirik: arxamızda azərbaycanlı hərbçilər, bir də erməni hərbçiləri geri çəkilərkən bu şəhərdə qalan ağ bir pişik qalır.

    Füzuli
    Füzuli şəhəri
  2. Ara Ayvazyan Ermənistanın yeni Xarici İşlər naziri oldu

    Ara Ayvazyan

    Şəklin mənbəyi, Embajada de Armenia en México/Facebook

    Ermənistan Xarici İşlər Nazirliyinə yeni rəhbər təyin olunub. Ara Ayvazyan bu vəzifədə istefaya çıxan Zöhrab Mnatsakanyanı əvəz edir.

    Bu barədə Ermənistan Prezidenti Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir.

    Ara Ayvazyan oktyabr ayında Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin olunmuşdu.

    O, həmçinin Ermənistanın Litva, Latviya, Estoniya, Meksika, Kosta-Rika, Kuba, Qonduras, Qvatemala və Panamada səfiri olub.

  3. ABŞ son döyüşlərdən əziyyət çəkən insanlara yardım fəaliyyətlərini dəstəkləmək məqsədilə 5 milyon dollar humanitar yardım ayırıb

    Mike Pompeo ABŞ Azərbaycan Ermənistan

    Şəklin mənbəyi, EPA

    “Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağla bağlı humanitar fövqəladə vəziyyətə cavab tədbiri olaraq yeni yardım elan edir,”- ABŞ Dövlət Katibi Mike Pompeo bəyanat verib, bu ölkənin Azərbaycandakı səfirliyi Facebook-da məlumat yayıb.

    Məlumatda Pompeo-nun “ABŞ-ın Beynəlxalq Qırmızı Xaç Komitəsinin və digər beynəlxalq təşkilatların və onların əməkdaşlıq etdikləri qeyri-hökumət təşkilatlarının son döyüşlərdən əziyyət çəkən insanlara yardım fəaliyyətlərini dəstəkləmək məqsədilə 5 milyon dollar humanitar yardım ayırdığını” açıqladığı bildirilir.

    “Bu maliyyə yardımı ilə ABŞ-ın Ermənistan və Azərbaycana 2019-cu maliyyə ilindən bəri göstərdiyi humanitar yardımının toplamı 10 milyon dolları aşır. Buraya COVID-19 pandemiyasına cavab vermək, həssas mühacirlərə, köçkünlərə və onları qəbul edən icmalara kömək etmək üçün ayrılmış təxminən 3,9 milyon dollar da daxildir,"- səfirlik bəyanatdan çıxarış edib.

    Bəyanatda həmçinin deyilir ki, "Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən verilən yeni yardım münaqişədən zərər çəkmiş şəxsləri qida, səhiyyə, sığınacaq və digər təcili yardımla təmin etmək üçün yerli səyləri dəstəkləyəcək".

    "ABŞ hökumətinin humanitar mütəxəssisləri bu böhranın təsirlərini qiymətləndirməyə davam edirlər. Beynəlxalq cəmiyyətdəki mövcud tərəfdaşlarımızın töhfələrindən xəbərdarıq və digər hökumətləri bu səylərə yeni və artan dəstəklə qoşulmağa çağırırıq,”- bəyanatda vurğulanır.

  4. Sülhməramlı qüvvələrin növbəti karvanı Dağlıq Qarabağa yollanıb

    Nəqliyyat karvanı

    Şəklin mənbəyi, mil.ru

    Rusiya sülhməramlı qüvvələrinin növbəti karvanı Ermənistandan Dağlıq Qarabağa yola düşüb, Rusiya Müdafiə Nazirliyi bildirir.

    Rəsmi məlumata əsasən, hərbi konvoyların təhlükəsizliyini Rusiyanın hərbi polis bölmələri təmin edir.

    Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlı əməliyyatların keçirilməsi üçün tələb olunan yüklər Yerevanın Erebuni hava limanına çatdırılır.

    10 Noyabr 2020-ci ildən bu yana 170-dən çox uçuşun həyata keçirildiyi bildirilir.

    Rusiya kontingentinin əsasını Mərkəzi Hərbi Dairənin 15-ci motoatıcı briqadasının bölmələri təşkil edir.

  5. “Bir gün vaxt”

    Xoruz

    Şəklin mənbəyi, TASS/Getty Images

    “Panorama.am” informasiya saytı, öz mənbələrinə istinadən, "Martakert rayonu kəndlərinin" təhvil verilməsi üçün cəmi bir gün vaxt verildiyini bildirir.

    Ermənistanın Artaşat şəhərində qardaşının evində sığınan Hovtaşen (Əliağalı) kənd sakini Edqar Hovhannisyan “Panoramaya” deyib ki, Hovtaşen kənd icma başçısı Hovik Şekyan zəng edib və kəndi tərk etmək üçün bir gün verildiyini bildirib. Onun sözlərinə görə, bu tələb Azərbaycanın nəzarətinə verilən yeddi kəndə də aiddir.

    Edqar Hovhannisyan deyir ki, evlərini tərk etmək xəbəri alanların heç birinə “nə dövlət, nə yerli hakimiyyət” tərəfindən yardım edilməyib, “hər kəs öz imkanları ilə həll etməyə çalışır”.

    “25 il öz ağır əməyimizlə ev tikib, təsərrüfat abadlaşdırmışıq. Beş il işıqsız yaşamışıq, şam işığı altında ev tikmişik”, - Edqar gileylənib.

    Kənd icma başçısı deyib ki, bu xəbər kəndlilər üçün gözlənilməz olub. Onlara əvvəlcə deyiblər ki, Hovtaşen təhvil verilən yaşayış məntəqələri siyahısında yoxdur: “Dünən rayon başçısı zəng edib və deyib ki, pis xəbəri var – bir gündə kənddən çıxmaq lazımdır”.

    Qarabağın kəndlərini tərk edənlərin bir qismi Ermənistana üz tutur, digərləri Qarabağın başqa kəndlərinə köçür. Bəziləri, Edqarın sözlərinə görə, “düşmənə qalmasın deyə” öz mülkünə od vurub çıxır.

    “Mənim evim təzədir, yandırmağa əlim qalxmaz. Nə edək? Bir təhər dözməliyik”, - “Panorama”nın müxbirinə o deyib.

    BBC News Azərbaycancanın kəndlərin nəzərdə tutulandan tez Azərbaycanın nəzarətinə verilməsi haqqında məlumatı yoxlamaq imkanı olmayıb. Hər halda “Qarabağ Vahid İnformasiya Mərkəzinin rəsmi” Facebook səhifəsinə görə, bu müddət noyabrın 20-də bitir.

  6. Təcili xəbər, Ağdərə (Martakert) rayonunun 7 kəndi Azərbaycana təhvil verilib

    Rusiya sülməramlıları

    Şəklin mənbəyi, AFP/Getty images

    Dağlıq Qarabağda, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan ölkə rəhbərləri arasında imzalanmış razılaşmaya əsasən, növbəti yaşayış məntəqələrinin Azərbaycanın nəzarətinə verilməsi prosesi davam edir.

    Tanınmamış “DQR Vahid İnformasiya Mərkəzi” Martakert (Ağdərə) rayonunun yeddi kəndinin – Nor Marağa, Nor Ayqestan (Mollalar), Nor Seysulan, Nor Karmiravan (Papravənd), Nor Haykacur, Hovtaşen (Əliağalı) və Nor Craberd – təhvil verildiyini bildirib.

    “Ağdam rayonu noyabrın 20-nə kimi Azərbaycana qaytarılmalıdır. Azərbaycan tərəfinə əsasən, sözügedən yaşayış məntəqələri, Ağdam da daxil, Ağdam rayonunda yerləşir”, - məlumatda deyilir.

    Məlumata görə, “bu gündən DQR hakimiyyəti tərəfindən Martakert rayonu kəndlərinin 2 min, Əsgəran rayonu 400, Ağdam bölgəsindən 800-ə yaxın sakinlərin əmlakını çıxarmaq, müvəqqəti yaşayış yeri və məişət problemlərinin həlli üçün tədbirlər görür”.

  7. Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru ABŞ-ı Azərbaycan və Ermənistan arasında nifaq salmaqda ittiham edib

    Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin

    Şəklin mənbəyi, RİA Novosti

    Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib ki, ABŞ və onun NATO müttəfiqləri Azərbaycan və Ermənistan xalqları arasında nifaq salmağa çalışırlar.

    "Aparıcı NATO ölkələri Dağlıq Qarabağda atəşkəsə dair Azərbaycan və Ermənistan arasında Rusiyanın fəal iştirakı ilə əldə olunmuş razılaşmaya qıcıq olduqlarını gizlətməyə çalışırlar. ABŞ və müttəfiqləri müharibənin Moskvanın vasitəçiliyi ilə dayandırılmasına əsəbiləşir. Axı bu, əslində onların Zaqafqaziyadan Rusiyanı sıxışdırmaq üçün apardıqları uzun illərdəki işlərini “sıfırlayıb”,”- o deyib, “RİA Novosti” yazır.

    "Nə Vaşinqton, nə də "birləşmiş Avropa" bölgədəki mövcud güc balansına dözmək istəmirlər. Bunu "dağıtmaq" üçün Azərbaycan və Ermənistan xalqları arasında nifaq salmaq üçün yenidən cəhd etməkdən daha yaxşı bir şey düşünməyiblər," – Narışkin əlavə edib.

  8. Azərbaycan XİN: “Putinin imzası prosesin geri dönməzliyinin zəmanətidir”

    Azərbaycan XİN

    Şəklin mənbəyi, Azərbaycan XİN

    “Rusiya Prezidentinin şəxsi rolu, bu il 9 Noyabr tarixli üçtərəfli bəyanatı altındakı imzası onun sülh prosesinə son dərəcə əhəmiyyətli töhfəsi və bu prosesin geri dönməzliyinə bir zəmanətdir.”

    Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin Rusiya prezidentinin müsahibəsi ilə əlaqədar çərşənbə günü yaydığı məlumatda deyilir.

    “Azərbaycan Rusiya tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərdiyi səyləri yüksək qiymətləndirir,” - Azərbaycan XİN qeyd edib.

    “Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və ATƏT-in Minsk qrupunun üç həmsədr dövləti arasından bölgəmizə birbaşa həmsərhəd olan və onunla çoxillik tarixi əlaqələri olan yeganə ölkədir. Bu, Rusiyanın Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və sülhün möhkəmləndirilməsində birbaşa marağını izah edir,” – məlumatda qeyd olunub.

    “Rusiya dövlətinin Prezidentinin üçtərəfli bəyanatın mühüm bir nailiyyəti kimi qan tökülməsinin dayandırılması olduğuna dair qiymətləndirməsini tamamilə bölüşürük, - mətbuat xidməti qeyd edib. - Azərbaycan tərəfi müharibənin ilk dəqiqələrindən bəri beynəlxalq birliyin atəşkəs çağırışlarını həmişə və tamamilə dəstəkləmişdir.”

    Qurum Prezident Putinin öz müsahibəsində münaqişənin həll prosesi tarixinə toxunmasına da diqqət yetirib.

    “Rusiya Prezidentinin beynəlxalq hüquq nöqteyi-nəzərindən həm Dağlıq Qarabağın, həm də onun ətrafında olan bütün bölgələrin Azərbaycan ərazisinin ayrılmaz hissəsi olduğu barədə sözlər xüsusi əhəmiyyət kəsb edir. Rusiyanın bu mövqeyi BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in və digər beynəlxalq təşkilatların qərarlarının möhkəm təməlinə söykənir,” – nazirliyin məlumatında deyilib.

  9. Yerevanın mərkəzində Paşinyan tərəfdarları və əlehdarlarının mitinqi keçirilir

    Paşinyan

    Şəklin mənbəyi, Getty Images

    Ermənistanın Baş naziri Nikol Paşinyanın yüzlərlə tərəfdarı onun istefasına icazə verilməməsi çağırışı ilə Respublika meydanına toplaşıb, TASS informasiya agentliyi yazır.

    "Nikol baş nazirdir! O, getməməlidir, onun istefasını tələb edənlərin hamısı keçmiş hakimiyyət tərəfdarlarıdır. Biz onun getməsinə icazə verməyəcəyik. O, xalq tərəfindən seçilib,"- etirazçılar bu şüarları səsləndirilər.

    Buradan təxminən 300 metr məsafədə başqa aksiya keçirilir.

    Yerevanın müxalif düşüncəli mindən çox sakini hökumət başçısının istefasını tələb edir.

    Onlara görə, Dağlıq Qarabağda atəşkəs haqqında üçtərəfli sənəd imzalayan Paşinyan "Ermənistan ərazilərini azərbaycanlılara təslim edib".

    Ətraf boyunca təhlükəsizlik və polis zabitləri işləyir, qarşıdurma və təxribat yoxdur, aksiyalar iştirakçıları yüksək şüarlarla məhdudlaşırlar və bir-biri ilə qarşıdurmaya çalışmırlar, TASS agentliyi müxbirinə istinadən yazır.

  10. Əməkdaşımız Füzulidən yazır

    Fuzuli

    Səadət Akifqızı, Füzuli

    Füzulinin işğaldan azad edilmiş kəndləri. Yol boyu dağılmış tikililər, yerdə erməni əsgərlərinin geyimləri, çəkmələri, dəbilqəsini görmək olar.

    Yanmış tanklar, hərbi texnika burada ağır döyüşlərin getdiyindən xəbər verir.

    Erməni hərbçilərinin səngərində atılmamış mərmilər var.

    Buradan təmas xəttindəki kəndləri, Beyləqanı vururmuşlar.

    Uzaqda çox dağılmamış bir binada Azərbaycan bayrağını görmək olar.

    İndi bu yerlərə Azərbaycan hərbçiləri nəzarət edir.

    Bizə yoldan kənara çıxmamağı tapşırdılar, çünki ətraf yerlər minalı ola bilər.

    Füzuli
    Füzuli
    Füzuli
    Füzuli
  11. İlham Əliyev Hollandiya səfirinə: "Bizim tərəfimizdə olmağınız daha ədalətli olardı"

    İlham Əliyev və Pauline Eizema

    Şəklin mənbəyi, president.az

    Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 18-də Niderland Krallığının ölkəyə yeni təyin olunmuş səfiri Pauline Eizema ilə görüşündə Niderland parlamentinin Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qərarı ilə bağlı danışıb.

    “Parlamentin belə balanslaşdırılmamış və ədalətsiz bir qərarı qəbul etməsi faktı əlbəttə ki, bizə daha yaxın əlaqələr qurmağa kömək etməyəcək. Əvvəla, dünən bu qərarın qəbul olunması faktını nəzərə alaraq demək istəyirəm ki, Ermənistan bizə hücum etdi. Biz özümüzü müdafiə edirdik və bunun nəticəsində biz beynəlxalq hüququn norma və prinsiplərinə əsasən və tarixə əsasən özümüzə məxsus olan əraziləri azad edə bildik,”- o deyib.

    İlham Əliyev noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağda döyüşlərin dayandırılması ilə bağlı imzaladığı birgə bəyanatı xatırladaraq, regional ölkələrin bu bəyanatı dəstəklədiyini deyib.

    O qeyd edib ki, Rusiya və Türkiyə azərbaycanlıların və ermənilərin təhlükəsizliyini təmin edəcək əməliyyatlarda iştirak edəcək.

    “Odur ki, hesab edirəm, başqa tərəfdənsə bizim tərəfimizdə olmağınız daha ədalətli olardı,”- Azərbaycan Prezidenti deyib.

    Cənab Əliyev bildirib ki Niderland parlamentinin sanksiyalarla bağlı qərarı ilə bağlı ölkənin xarici işlər nazirinin şərhlərini gözləyir.

    “Çünki mənim köməkçim mənə deyib ki, müzakirə zamanı şərhlər olub, lakin biz şərhləri indi, bu qərar qəbul olunandan sonra gözləyirik. Sözsüz ki, biz Avropa Komissiyasından şərhlər gözləyəcəyik,”- o qeyd edib.

    İlham Əliyev Niderland parlamenti ilə hökumətin mövqeyi arasında fərqin olduğunu başa düşdüyünü bildirib. Lakin onun sözlərinə görə, bunun niyə baş verdiyini "bizim xalqa" izah etmək çətin ola bilər.

    Niderland səfiri ölkəsinin “sistemində” hökumətin və parlamentin fərqli mövqedə dura biləcəyini deyərkən, hökumətin mövqeyinin Aİ-nin rəsmi xəttinə uyğun olduğunu deyib.

    “Ötən həftə nazirlə parlament arasında keçirilmiş sonuncu müzakirədə bu məsələlər də qaldırılmışdı. Nazir həm yazılı, həm də şifahi şəkildə israrla bildirdi ki, qaldırılan bu məsələlər mənim hökumətimin mövqeyinə uyğun deyil. Beləliklə, sanksiyalar və bu kimi məsələlər qətiyyən gündəlikdə deyil. Hazırda bu, aktual deyil, bununla bağlı hər hansı sual, müzakirə ola bilməz", - Pauline Eizema deyib.

  12. Mərmi

    Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Füzulinin Əbdürrəhmanlı kəndində aşkar etdiyi fosforlu mərmini zərərsizləşdirib, BBC News Azərbaycancanın ərazidə olan müxbirləri deyir.

    ANAMA rəsmisi deyir ki, bu mərmi noyabrın 17-də aşkarlanıb.

    mərmi
  13. RİA novosti Rusiya Azərbaycan Qarabağ Ermənistan

    Şəklin mənbəyi, Ria.ru

    "Ümid edirik ki, Ermənistanda baş verən etiraz aksiyaları Dağlıq Qarabağdakı sabitliyi pozmayacaq", Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib, "RİA Novosti" xəbər verir.

    Çərşənbə günü jurnalistlərə açıqlamasında Rudenko bildirib ki, "Moskva bununla bölgədəki üç ölkə liderləri arasındakı razılaşmanın bəndlərinin həyata keçirilməsinin təhdid altında qalmayacağına ümid edir" .

  14. "Zəngilanda Şərq çinarları əkilir" - ETSN bildirir

    "İşğaldan azad olunmuş Zəngilan rayonunun ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, rayonda xidməti vəzifələrinin icrasına başlayan Daxili İşlər, Müdafiə Nazirlikləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının iştirakı ilə Şərq çinarları əkilib", Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sözçüsü İradə İbrahimova bildirib.

    O bildirib ki, payız ağac əkini mövsümündə "Azərbaycanın bütün bölgələrində olduğu kimi işğaldan olunmuş ərazilərimizdə də müxtəlif cinsli ağaclar, əsasən də Şərq çinarları əkilir".

    “Ötən həftə Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də Şərq çinarları əkilib və palıd toxumları səpilib”, qurum sözçüsü deyib.

  15. Federasiya Şurası Rusiya SQ-nın Dağlıq Qarabağda sülhməramlı missiyada iştirakına icazə verib

    Rusiya Federasiya Şurası Rusiya Silahlı Qüvvələrinin Qarabağda sülhməramlılar Azərbaycan Ermənistan Dağlıq Qarabağ münaqişəsi

    Şəklin mənbəyi, Getty Images

    "Rusiya Federasiya Şurası (Parlamentin Yuxarı Palatası) Rusiya Silahlı Qüvvələrinin (SQ) Dağlıq Qarabağda sülhməramlı missiyada iştirakına icazə verib", TASS xəbər agentliyi yazır.

    TASS-ın məlumatına görə, " bu gün Federasiya Şurasının plenar iclasında Prezident Vladimir Putinin Rusiya Silahlı Qüvvələrinin Dağlıq Qarabağda sülhməramlı missiyada istifadə olunması ilə bağlı müraciətinə baxılıb".

    "İclasda Rusiya Prezidentinin müraciəti qəbul olunub," xəbərdə deyilir.

    Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda tam atəşkəsə dair birgə bəyanat imzalayıblar.

    Anlaşmaya əsasən münaqişə bölgəsində müşahidə aparılması üçün ortaq rus-türk müşahidə mərkəzinin qurulması da nəzərdə tutulub.

    Bölgədə sülhü təmin etmək üçün Rusiyadan olan sülhməramlılar artıq fəaliyyətə başlayıb.

  16. Rusiya MN: Qarabağa sülhməramlıların daşınması ilə bağlı 170-dən çox reys həyata keçirilib

    Rusiya Müdafiə Nazirliyi Azərbaycan Ermənistan Rusiya sülhməramlıları

    Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi

    "Rusiya sülhməramlı qüvvələrini daşıyan Rusiya Aerokosmik Qüvvələrinin növbəti hərbi-nəqliyyat təyyarələri Ermənistana yola düşüb", Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

    Rusiya MN bildirib ki, "Dağlıq Qarabağda sülhməramlı əməliyyatlarda iştirak edəcək 15-ci sülhməramlı briqadanın şəxsi heyətini və hərbi texnikaları daşıyan daha bir neçə İl-76 və An-124 “Ruslan” hərbi-nəqliyyat vasitəsi Ulyanovsk-Vostoçnıy aerodromundan yola düşüb və İrəvanda aerodroma eniş edib".

    Nazirlik "noyabrın 10-dan etibarən Ermənistana 170-dən çox reys həyata keçirildiyini" də açıqlayıb.

    Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda tam atəşkəsə dair birgə bəyanat imzalayıblar.

    Anlaşmaya əsasən münaqişə bölgəsində müşahidə aparılması üçün ortaq rus-türk müşahidə mərkəzinin qurulması da nəzərdə tutulub.

    Bölgədə sülhü təmin etmək üçün Rusiyadan olan sülhməramlılar artıq fəaliyyətə başlayıb.

  17. Ceyhun Bayramovla BMT Baş katibi arasında telefon danışığı olub

    "Noyabrın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və BMT Baş katibi Antonio Guterres arasında telefon danışığı baş tutub". Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bildirir.

    Qurum bildirir ki, nazir Ceyhun Bayramov "atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı 10 noyabr tarixli birgə bəyanatın icrası ilə bağlı vəziyyət barədə qarşı tərəfi məlumatlandırıb".

    "Azərbaycanın işğaldan azad olunan ərazilərinin tamamilə dağıdılması, bu ərazilərdəki bütün infrastrukturun yerlə-yeksan olunması, eləcə də razılaşmaya əsasən qısa zamanda Azərbaycanın nəzarətinə qaytarılacaq ərazilərdəki qeyri-qanuni hərbi birləşmələr və qanunsuz məskunlaşan insanlar tərəfindən hazırda törədilən cinayət xarakterli əməllər, o cümlədən ətraf mühitə zərər verilməsi, meşələrin qırılması, evlərin yandırılması, mədəniyyət abidələrinin talan edilməsi və s. Baş katibin diqqətinə çatdırılıb", qurumun məlumatında vurğulanır.

    Azərbaycan XİN açıqlayıb ki, "Ceyhun Bayramov bütün bölgənin bərpası ilə bağlı geniş miqyaslı işlərin görülməsinin tələb olunduğu qeyd edərək, bu xüsusda Azərbaycanın həyata keçirəcəyi tədbirlər çərçivəsində müvafiq beynəlxalq təşkilatlar, o cümlədən BMT ilə əməkdaşlıq etmək niyyətini ifadə edib".

    "Baş katib Antonio Guterres hərbi əməliyyatların dayandırılması ilə bağlı birgə bəyanatın imzalanmasının razılıqla qarşıladığını vurğulayıb. O, ərazilərin bərpası ilə bağlı məsələdə BMT-nin oynaya biləcəyi vacib rolu qeyd edib, eləcə də məcburi köçkünlərin öz evlərinə geri dönməsi ilə bağlı müvafiq dəstəyin göstərilməsinin vacibliyini bildirib", Nazirliyin məlumatında deyilir.

    Azərbaycan Xarici İşlər Nazirliyi

    Şəklin mənbəyi, Azərbaycan Xarici İşlər Nazirliyi

  18. ANAMA cəbhəyanı ərazilərdə partlamamış hərbi sursat və mərmi qalıqları aşkarlandığını bildirib

    Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Mili Agentliyi (ANAMA) noyabrın 15-17-də 150 çağırış əsasında 66 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirib", ANAMA bildirir.

    Agentlik bildirib ki, "əməliyyat çıxışları agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə baş tutub".

    Noyabrın 15-17-də "Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Füzuli, Goranboy, Yevlax, Tərtər rayonları və Gəncə şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 141 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 9 müraciət daxil olub", məlumatda deyilir.

    ANAMA-nın açıqlamalarına görə, "aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 40 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd bombacıq, 1 ədəd tank əleyhinə minanın partladıcısı və 79 ədəd partlamış mərmi qalıqları aşkar olunub. Agentliyin partlayış qrupu tərəfindən 40 ədəd partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib".

    Qurum indiyədək "mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 45 687 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparıldığını" da bəyan edib.

    ANAMA Azərbaycan Dağlıq Qarabağ Qarabağ

    Şəklin mənbəyi, ANAMA

    ANAMA Azərbaycan Dağlıq Qarabağ Qarabağ

    Şəklin mənbəyi, ANAMA

  19. 44 gün aramsız atəşə məruz qalmış Tərtər: Bombardman sığınacağına əlvida

  20. Daha 502 qaçqın Yerevandan Xankəndiyə qayıdıb.

    Ria Novosti xəbər verir ki, 14 noyabrdan bəri ora 1700 sakin geri qayıdıb.

    Onların olduğu 24 avtobusu Rusiya sülhməramlıları və hərbi polis müşayiət edib.

    Rusiya Müdafiə Nazirliyi bildirib ki, onların qaytarılması və təmas xəttində təhlükəsizliyin qorunmasına İdarələrarası Humanitar Müdaxilə Mərkəzi nəzarət edib.