Azərbaycan və İran Şimal-Cənub nəqliyyat dəhlizinə diqqəti artırır

Azərbaycan prezidenti İran televiziyasına müsahibə verib.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Azərbaycan prezidenti İran televiziyasına müsahibə verib.
Çap edildi

Azərbaycan prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhaninin dəvətilə fevralın 23-də İrana rəsmi səfərə yola düşəcək.

Səfər ərəfəsi İran televiziyasına verdiyi müsahibəsində İlham Əliyev Tehranda aparılacaq danışıqların yekununda əməkdaşlığa dair bir sıra ikitərəfli sənədlərin imzalanacağını qeyd edib, prezidentin rəsmi saytında bildirilib.

"Hazırkı ticarət dövriyyəsi bizim mövcud potensialımızdan qat-qat aşağı səviyyədədir", Ilham Əliyev deyib.

Əliyevin sözlərinə görə, "ticarət əlaqələrindəki bu vəziyyəti aradan qaldırmaq, ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək istiqamətində tədbirlər görüləcək."

Prezident hazırda Azərbaycanda geniş investisiya və özəlləşdirmə proqramları üzərində iş aparıldığını, "həm yerli, həm də xarici iş adamları üçün biznes mühitinin daha da yaxşılaşdırıldığına" diqqəti çəkib.

"Hesab edirik ki, bu, iranlı iş adamlarının Azərbaycanda fəaliyyəti üçün də yeni imkanlar yaradacaqdır."

Şimal-Cənub nəqliyyat dəhlizi

İlham Əliyev son illərdə Azərbaycanın və İranın Şimal-Cənub nəqliyyat dəhlizinin çox önəmli tərəfdaşına çevrildiyini qeyd edib.

"Əminik ki, İran və Azərbaycan Astarası arasında dəmir yolunun istifadəyə verilməsi Şimal-Cənub nəqliyyat dəhlizini önəmli dərəcədə canlandıracaqdır."

Azərbaycan prezidenti nəqliyyat-kommunikasiya dəhlizlərinin iştirakçı ölkələr, o cümlədən, Azərbaycan üçün böyük iqtisadi və geosiyasi əhəmiyyət kəsb etdiyini qeyd edib.

"Həmin dəhlizlər bir tərəfdən beynəlxalq yük daşımalarında dövlətlərimizin çəkisini böyük dərəcədə artıracaq, digər tərəfdən isə iqtisadi sahədə ikitərəfli əməkdaşlıq əlaqələrimizi gücləndirəcəkdir”, prezident Əliyev deyib.

Regionda terrorizmlə mübarizədə İranla Azərbaycanın necə əməkdaşlıq etdiyi barədə iranlı müxbirin sualı ilə bağlı prezident Əliyev, Azərbaycanın bu sahədə real təşəbbüs və tədbirlərin tərəfdarı olduğunu vurğulayıb.

Prezidentin təbirincə, "Azərbaycan, İran və digər dövlətlər ilə birlikdə beynəlxalq terrorizm probleminin həllinə öz dəstəyini davam etdirməyə hazırdır."

Dağlıq Qarabağ

Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıq prosesinə dair sualla bağlı, İlham Əliyev ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik fəaliyyətinin bu günədək heç bir nəticə vermədiyini deyib.

"Əminliklə demək olar ki, işğal faktının 20 ildən artıq davam etməsinə hazırda dünyada müşahidə olunan ikili standartlar siyasətinin də təsiri az deyildir”, Əliyev bildirib.

O, qeyd edib ki, bu münaqişəsinin həlli prosesində "işğalçı ilə işğala məruz qalana eyni münasibət göstərilir".

“Bu ədalətsizlik həm də müsəlman dövləti olduğu üçün Azərbaycana qarşı nümayiş etdirilən fərqli yanaşmadan - dini ayrı-seçkilikdən qaynaqlanır”, Əliyev deyib.

Prezident Əliyev qeyd edib ki, "İslam ölkələri, o cümlədən də İran həm beynəlxalq təşkilatlar, həm də ikitərəfli çərçivədə davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etmişlər".

İlham Əliyev buna görə, İran İslam Respublikasına "minnətdarlıq" bildirərək bunu, həm də iki ölkə arasında "qardaşlıq, dostluq münasibətlərinin təzahürü, həm də İranın beynəlxalq hüququn aliliyinə münasibəti kimi" qiymətləndirib.

Şiələr

Azərbaycanda müsəlmanların, o cümlədən, şiələrin dini fəaliyyətlərinin icrası ilə maraqlanan iranlı müxbirin sualı ilə bağlı prezident Əliyev ölkə Konstitusiyası və mövcud qanunvericiliyinin vicdan və dini etiqad azadlığına tam təminat verdiyini, gündəlik həyatda dindarların fəaliyyətinə heç bir maneçilik törədilmədiyini vurğulayıb.

"Bir sıra ölkələrdə sünni və şiələr arasında ziddiyyətlərin kəskinləşdiyi bir zamanda, bu ilin yanvarında Bakıdakı Heydər Məscidində şiələrlə sünnilər birgə vəhdət namazı qılmışlar", İlham Əliyev bildirib.

Onun sözlərinə görə, "islamofobiyanın dünyada genişləndiyi müasir dövrdə" Azərbaycan, İslam ölkələri arasında həmrəyliyin, birliyin güclənməsinə öz töhfəsini verməkdədir.