Dağlıq Qarabağda həbsdə saxlanılan Şahbaz Quliyev "əməliyyat olunub"

shahbaz_guliyev

Şəklin mənbəyi, BBC World Service

Çap edildi

Dağlıq Qarabağda tanınmamış DQR “məhkəməsi” tərəfindən 22 il müddətinə həbsə məhkum edilmiş Azərbaycan vətəndaşı Şahbaz Quliyev səhhətində yaranmış problemlə əlaqədar əməliyyat olunub.

Dağlıq Qarabağ “Helsinki təşəbbüsü-92” ictimai təşkilatının rəhbərliyi tərəfindən yayılan bəyanata görə, “Azərbaycan vətəndaşı Şahbaz Quliyevə öd kisəsinin xroniki tutması diaqnozu ilə Stepanakert (Xankəndi) xəstəxanasında cərrahiyə əməliyyatı edilib”.

“Helsinki təşəbbüsü-92” təşkilatın əlaqələndiricisi Karen Ohancanyan və icraçı direktoru Svetlana Cangiryan xəstəxanada Şahbaz Quliyevə baş çəkib, onun vəziyyətinin qənaətbəxş olduğunu bildirirlər.

Ötən il iyulun 10-da Şahbaz Quliyev və Dilqəm Əsgərov Kəlbəcər istiqamətində təmas xəttinin Qarabağdakı erməni silahlı qüvvələrinin <link type="page"><caption> nəzarəti altında olan ərazidə tutulub</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2014/10/141008_kelbejer_prisoners_trial_karabakh" platform="highweb"/></link>. Dekabrın sonunda “diversiya, qətl və başqa ağır cinayətlər törətmək” ittihamı ilə Dilgəm Əsgərov ömürlük, Şahbaz Quliyev – 22 il müddətinə həbsə məhkum olunublar.

Azərbaycan XİN-i Kəlbəcər ərazisində ermənilər tərəfindən girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərov üzərində “qondarma Dağlıq Qarabağ rejiminin məhkəmə işi təşkil etməyə heç bir hüquqi əsası” olmadığını bildirib.

Azərbaycan Respublikası tərəfindən Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi üçün beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupunun həmsədrləri və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə iş davam etdirilir.