Üçüncü ölkəyə ötürülən erməni əsgər anasına zəng edib

soldier_hakob_injighulyan

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Hakob İnciğulyan valideynlərinə Rumıniya toplama düşərgəsindən zəng edib (şəkil - APA TV)
Çap edildi

Azərbaycanda bir ilə yaxın saxlanılan erməni əsgəri Hakob İnciğulyan üçüncü ölkəyə göndərildikdən sonra Ermənistandakı valideynlərinə Rumıniyadan zəng edib.

Onun qardaşı Harutyunun sözlərinə görə, Hakob artıq bir neçə dəfə ailə üzvləri ilə Skype vasitəsilə ünsiyyətdə olub və hazırda Rumıniyada Beynəlxalq Qızıl Xaç Komitəsinin toplama düşərgəsində hansı ölkəyə göndəriləcəyini gözləyir, “Pastinfo” agentliyi xəbər verir.

Hakob İnciğulyanın anası Qayane oğlunun Ermənistana qayıtması barədə hələ danışmadığını bildirib.

“Bu barədə hələ danışmamışıq. Bu, sonranın işidir. O dedi ki, özünü yaxşı hiss edir. Başlıcası Hakobun artıq Azərbaycandan çıxmasıdır”, - Qayane deyib.

Ermənistan tərəfinin daha əvvəl yaydığı rəsmi məlumatına əsasən, görmə qabiliyyəti ilə problemləri olan Hakob İnciğulyan posta xidmət çəkdiyi zaman yolu azıb ötən il avqustun 8-i gecəsi Qarabağ-Azərbaycan təmas xəttini keçib Azərbaycan tərəfində əsirliyə alınmışdı.

Ermənistan Müdafiə Nazirliyi keçmiş əsgərin üçüncü ölkəyə təhvil verilməsini “xoş xəbər” kimi qiymətləndirib.

Nazirliyin mətbuat katibi Artsrun Hovhannisyan İnciğulyanın başqa ölkəyə köçürülməsi ilə bağlı öz Facebook səhifəsində BQXK-ə təşəkkür edib və “Hakobun vətənə qayıtmaq imkanı“ olduğunu bildirib.

Ötən il Hakob İnciğulyanın əsir düşdüyü bəlli olduqdan sonra Ermənistan Müdafiə Nazirliyi bunun üçün əsgərin məsuliyyətə cəlb edilməyəcəyini bəyan etmişdi.

Azərbaycanda erməni əsgərin vətəninə yox, başqa ölkəyə göndərilməsini xahiş etdiyi bildirilib.