Ermənistan rəhbərliyi Qarabağdakı "müstəqillik ildönümü tədbirləri"nə getməyib

Çap edildi

Bu gün separatçı ''Dağlıq Qarabağ Respublikasının parlamenti" regionun Azərbaycandan "ayrılmasının 30 illiyini" qeyd edir. Rusiya Ermənistanla Türkiyə arasında yaxınlaşmanı dəstəkləməyə "hazırdır", Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Joe Biden-lə görüşündə Krımı, NATO-ya üzvlüyü və digər məsələləri müzakirə edib, - daha ətraflı BBC News Azərbaycanın icmalında

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan rəhbərliyinin separatçı "Dağlıq Qarabağ Respublikasının 30 illiyi" ilə əlaqədər verdiyi bəyanatları pisləyib.

Sentyabrın 2-də separatçı ''Dağlıq Qarabağ Respublikasının parlamenti" regionun Azərbaycandan "ayrılmasının 30 illiyini" qeyd edib.

Ermənistan Baş naziri Nikol Paşinyan və ölkənin digər yüksək rütbəli rəsmiləri əvvəlki illərdən fərqli olaraq, bu il yubiley tədbirlərində iştirak etmək üçün Dağlıq Qarabağın ''paytaxtı'' Stepanakertə (Xankəndi-red.) getməyib.

Nikol Paşinyan və Prezident Armen Sarkisyan göndərdikləri təbrik məktubunda "Artsax"ın müstəqilliyinin vacibliyini vurğulayıblar.

Azərbaycan XİN hesab edir ki, bu bəyanatlar Azərbaycanın Qarabağ bölgəsində separatçılığın təşviq olunmasına xidmət edir.

Qurum bildirib ki, Ermənistanın iddialarına baxmayaraq, "Qarabağ Azərbaycanın tarixi ərazisidir, beynəlxalq tanınmış ərazilərinin ayrılmaz tərkib hissəsidir".

"Bundan sonra Azərbaycan ərazilərinə qarşı hər hansı iddialarla çıxış etmək və ərazilərimizdə aqressiv separatçı meylləri qızışdırmaq cəhdləri tərəfimizdən qətiyyətlə alınacaq və lazımı şəkildə cavablandırılacaqdır," - Azərbaycan XİN elan edib.

Artsax (ermənilər Dağlıq Qarabağı belə adlandırır- red.) "parlament rəhbəri" Artur Tovmasyan deyib ki, onlar sülh danışıqlarının yalnız ATƏT-in Minsk Qrupunun himayəsi altında davam etməsi üçün şərait yaradılmasında qərarlıdırlar.

Parlament sessiyasında Ermənistan parlamentinin vitse-spikeri, iqtidar Vətəndaş Müqaviləsi fraksiyasının təmsilçisi Ruben Rubinyan və müxalif Hayastan və Pativ Unem (Təzim Edirəm) fraksiyaların nümayəndələri də iştirak edib.

Nikol Paşinyan ötən ilin payızında 44 gün davam etmiş 2-ci Qarabağ Müharibəsindən bəri Qarabağın ermənilərin yaşadığı hissələrinə səfər etməyib. Hazırda Xankəndi və digər bölgələr Rusiya sülhməramlılarının nəzarət zonası hesab olunur.

Ermənistan Prezidenti və Baş naziri separatçı quruma təbriklərini göndərib.

Sentyabrın 3-nə qədər məzuniyyətə getmiş Baş nazir Nikol Paşinyan bildirib ki, Qarabağ münaqişəsi həll edilməyib, çünki "Artsax"ın müqəddəratı öz həllini tapmayıb.

"Münaqişə ATƏT-in Minsk Qrupunun irəli sürdüyü prinsiplərə əsaslanan sülh prosesi ilə hərtərəfli həllini gözləyir. Bu prosesin nəticəsi, xalqların öz müqəddəratını təyin etmək hüququna əsaslanaraq, Artsaxın statusunun təyin edilməsi olmalıdır. Minsk Qrupunun həmsədrliyi ilə sülh prosesinin bərpası bölgədə sabitliyin bərqərar olması üçün əhəmiyyətli bir faktora çevriləcək," - Paşinyan bildirib.

Prezident Armen Sarkisyan deyib ki, "Artsax"ın müstəqilliyi və əhalinin həyat toxunulmazlığının təmin edilməsi, Azərbaycandan yeni müharibənin aramsız təhdidləri, "Artsax"ın statusu, sosial-iqtisadi və humanitar məsələlərin həlli ilə bağlı məsələlər "milli gündəmin prioritetləridir".

"Bunlar iqtisadi və siyasi cəhətdən güclü, inkişaf etmiş, rəqabətədavamlı Ermənistan olmadan, Vətən-Diaspora əlaqələrini əsaslı şəkildə dəyişdirmədən və mövcud potensialdan tam istifadə etmədən, beynəlxalq tərəfdaşlarımızla tam əməkdaşlıq etmədən həll edilə bilməz. Səhv etməyə artıq haqqımız yoxdur," - Armen Sarkisyan bildirib.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Prezidenti bəyan edib ki, Qarabağda yaşayan ermənilər üçün ''hər hansı statusdan söhbət gedə bilməz və artıq Dağlıq Qarabağ adında bölgə də yoxdur''.

Azərbaycan Prezidentinin qərarı ilə bu yaxınlarda ölkənin iqtisadi zonalar bölgüsündə aparılmış dəyişikliyə görə Dağlıq Qarabağın ərazisindəki şəhər və rayonlar Qarabağ iqtisadi rayonuna daxil edilib.

Rusiya Ermənistanla Türkiyə arasında yaxınlaşmanı dəstəkləməyə "hazırdır"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib ki, Türkiyənin təklif etdiyi "Altılıq Platforması" bölgədə sülhün və etimadın möhkəmlənməsinə töhfə verə bilər. Mariya Zaxarova bu barədə Moskvada keçirilən brifinqdə danışıb.

Onun sözlərinə görə, Ermənistan, Azərbaycan, Gürcüstan, Rusiya, İran və Türkiyənin iştirakı ilə regional əməkdaşlığı nəzərdə tutan platforma bütün potensial iştirakçılarının maraqlarına cavab verəcək.

Rusiyalı diplomat həmçinin Ankara ilə Yerevan arasındakı münasibətləri şərh edib. "Bizim tərəfimizdən Yerevan ilə Ankara arasında bu yaxınlarda yer alan müsbət siqnal mübadiləsi qeydə alınıb.

Mariya Zaxarova bir-birinin "maraqlarının nəzərə alınması və qarşılıqlı hörmət" əsasında hər iki qonşu dövlətin yaxınlaşmasına dəstək verməyə hazır olduğunu deyib. O, Rusiyanın Ermənistanla Türkiyə arasında münasibətlərin yaxşılaşmasının daim tərəfdarı olduğunu deyib. Rusiyalı diplomat 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında Sürix protokollarının imzalanmasında ölkəsinin fəal rolunu qeyd edib.

Mariya Zaxarova Ermənistan-Türkiyə əlaqələrin yaxşılaşmasının, xüsusən də "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması" fonunda bölgədə sülhün və sabitliyin bərqərar olmasına kömək edəcəyini qeyd etdi.

Joe Biden: "Rusiyanın təcavüzü qarşısında Ukraynanı dəstəkləyirik"

ABŞ Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək. Bunu ABŞ Prezidenti Joe Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündə deyib.

"ABŞ Rusiyanın təcavüzü qarşısında Ukraynanın suverenliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləməyə davam edir," - Joe Bayden deyib.

İki ölkə liderinin görüşü iki saatdan çox sürüb. Prezidentlər jurnalistlərlə görüşməyib. Adətən, görüşü yekunlaşdıran yüksək səviyyəli birgə mətbuat konfransı da keçirilməyib.

Görüşün sonunda Ağ evin yaydığı birgə bəyanatda bildirilib ki, Ukrayna "demokratiya və avtoritarlığın mərkəzindədir" və ölkədə demokratik institutların möhkəmlənməsində, korrupsiya ilə mübarizədə uğurlu nəticələr əldə ediləcəyinə inanırlar.

Bəyanatda ABŞ-ın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi və Ukraynanın yanında olduğu vurğulanıb: "21-ci əsrdə millətlərin sərhədləri zorla yenidən tərtib etməsinə icazə verilmir. Rusiya Ukraynada bu əsas qaydanı pozub. Müstəqil ölkələrin öz qərarlarını vermək, öz ittifaqlarını özlərinin seçmək hüququ var. ABŞ Ukraynanın yanındadır və Rusiyanın təcavüzünə görə məsuliyyət daşıması üçün çalışmağa davam edəcək".

Bəyanatda vurğulanır ki, ABŞ Krımın ilhaqını tanımır və heç vaxt da tanımayacaq, eyni zamanda Ukraynanın şərqindəki münaqişənin həlli üçün diplomatik səyləri dəstəkləyir.

Sənəddə bildirilir ki, ABŞ və Ukrayna arasında strateji müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığının genişləndirilməsi, müdafiə və müdafiə sənayesinin həyata keçirilməsi kimi prioritetlərin inkişaf etdirilməsinə zəmin yaradan Strateji Müdafiə Çərçivəsi üzərində işlər yekunlaşdırılıb.

Bəyanatda göstərilir ki, ABŞ Ukraynanın NATO-ya qoşulmaq istəyi ilə yanaşı Ukraynanın öz gələcək siyasi kursu ilə bağlı hər hansı kənar müdaxilə olmadan müstəqil qərar vermə hüququnu dəstəkləyir.

ABŞ bildirib ki, 2014-cü ildən bəri Ukrayna qüvvələrinə dəstək üçün 2,5 milyard dollar yardım edib və Rusiya təcavüzünə qarşı daha təsirli şəkildə müdafiə oluna bilinməsi üçün Ukraynaya 60 milyon dollarlıq yeni hərbi yardım paketi veriləcək.

Ukrayna öz gələcəyini seçmək və milli tarixinin qövsünü Ukrayna xalqı üçün daha böyük ədalətə və fürsətə doğru əyməkdən ötrü iqtisadi cəhətdən güclü olmalıdır,- bəyanatda vurğulanır. Sənəddə bunun üçün maliyyə, bank, ticarət sektorundakı zəruri islahatlardan bəhs edilir.

ABŞ və Ukrayna Avropanın enerji təhlükəsizliyinə təhdid hesab etdiyi Şimal Axını 2 -yə qarşı çıxmağa davam edir. Bəyanatda deyilir ki, ABŞ enerji tranzitinin bu mərhələsində Ukraynanın tranzit rolunu və təchizat təhlükəsizliyini qorumaq o cümlədən Kremlin enerjidən geosiyasi silah kimi istifadəsinə mane olmaq üçün qanunverilicilikdə və energetika diplomatiyasında nəzərdə tutulan tədbirlərin davam etdirilməsi niyyətindədir.