Ermənistan müdafiə naziri Moskvaya yola düşüb, Azərbaycan Ağdam, Xocalı və Xocavənddə mövqelərinin "atəşə tutulduğunu” bildirib

Çap edildi

Azərbaycan Müdafiə Nazirliyi bu gün Qarabağdakı mövqelərinin"müxtəlif istiqamətlərdə atəşə tutulduğunu" bildirib, Ermənistan bu məlumatı şərh etməyib, Ermənistan müdafiə naziri bu gün Moskvayayola düşüb, Lerikdə ötən gün meşə yanğını olub, BBC News Azərbaycancanın icmalında oxuyun.

Karapetyan Moskvaya yollanıb

Ermənistanın müdafiə naziri Arşak Karapetyan Rusiyada keçiriləcək "Ordu 2021" hərbi-sənaye sərgisinin və Beynəlxalq Ordu Oyunlarının açılışında iştirak etmək üçün bu gün Moskvaya yola düşüb, Ermənistan mediası bildirib.

Bazar ertəsi avqustun 23-də KTMT ölkələrinin liderləri Əfqanıstandakı vəziyyət fonunda Rusiya XİN başçısı Lavrovun təbirincə, "saatları yoxlamaq üçün" videokonfrans keçirəcəklər.

Bu arada Ermənistan Müdafiə Nazirliyi avqustun 25-dən etibarən ehtiyatda olan qulluqçuların rüblük hərbi toplanışlara cəlb olunmağa başlandığını bildirib.

Bu ilin avqustun 25-dən noyabrın 25-dək ehtiyatda olan kiçik rütbəli hərbi qulluqçular üçün üç aylıq təlim-məşq toplanışı elan olunub. "Zəruri oduğu halda toplanış iştirakçıları hərbi xidmətə cəlb olunacaqlar", - Ermənistan MN-in məlumatında deyilir.

Təlim düşərgələrinin təminatı üçün ümumilikdə üç ay ərzində 110-dək avtomobilin cəlb olunacağı bildirilib.

Azərbaycan Ağdam, Xocalı və Xocavənddə mövqelərinin "atəşə tutulduğunu" bildirib

Azərbaycan Müdafiə Nazirliyi bu gün Azərbaycan Ordusunun Qarabağdakı mövqelərinin "müxtəlif istiqamətlərdə atəşə tutulduğunu" bildirib.

"Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən avqustun 21-i saat 23:40-dan etibarən avqustun 22-i saat 00:40-dək Ağdam rayonunun Muğanlı, Xocalı rayonunun Sığnax və Xocavənd rayonunun Tağavard yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub", MN-in məlumatında deyilib.

Rusiya və ya Ermənistan tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin bu məlumatı şərh olunmayıb.

Ötən gün Naxçıvan, Xocavənd və Şuşada mövqelər "atəşə tutulub"

Azərbaycan Müdafiə Nazirliyi ötən gün Naxçıvandakı mövqelərinin atəşə tutulduğunu bildirib.

Məlumata əsasən, Ermənistanın "Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi" istiqamətindən Sədərək rayonunun Heydərabad "yaşayış məntəqəsi istiqamətində" yerləşən mövqelər "atəşə tutulub".

Bundan əvvəl Müdafiə Nazirliyi Şuşa ətrafındakı mövqelərinin Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdən "fasilələrlə atəşə" tutulduğu barədə məlumat yaymışdır.

"Avqustun 20-si saat 20:37-dən avqustun 21-i saat 01:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Xocavənd rayonunun Çağadüz kəndi və Şuşa şəhəri ətrafında yerləşən bölmələrimizin mövqeləri istiqamətində avtomat və pulemyotlardan istifadə edərək fasilələrlə atəş açıb".

Şuşa ətrafındakı mövqelərin dünən də atəşə tutulduğu bildirilir. Azərbaycan Müdafiə Nazirliyinin şənbə günü yaydığı məlumatına əsasən, ötən axşam atışma halları həmçinin Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər, Tovuz və Gədəbəy istiqamətlərində də baş verib.

Rusiya ilə Ermənistan tərəfi son məlumatı şərh etməyib.

Son aylar Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgin qalır. Mütəmadi baş verən atışmalar nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.

Tərəflər bir-birini atəşkəs rejimini pozmaqda ittiham edirlər.

Rusiya Ermənistana müharibədən sonra "silah verib"

Rusiya Ermənistana 2-ci Qarabağ müharibəsindən sonra da silahlar verib. Bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi bildirir.

"2020-ci ilin noyabr ayından başlayaraq, arsenalımızı modernləşdirmək və yeniləmək üçün silahlar almışıq və bu proses aramsız olub. Ermənistan hökuməti ordunu tamamilə modernləşdirmək niyyətindədir və bu vəzifə maksimum qısa zamanda həll olunacaq", - Armen Qriqoryan ötən gün Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.

Ordunun modernləşdirilməsi Ermənistan hökumətinin parlamentə təqdim etdiyi 5 illik fəaliyyət planında əsas istiqamətlərdən biri kimi göstərilir. Bu sənədin müzakirəsi gələn həftəyə təyin olunub.

Ötən həftə Azərbaycan Prezidenti Rusiyanın Ermənistana silah verməyəcəyinə ümid etdiyini bildirib. "Biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur", - CNN Türk kanalına müsahibəsində İlham Əliyev deyib.

Buna cavab olaraq, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xarici silah satışının Rusiyanın "suveren hüququ" olduğunu vurğulayıb. Maria Zaxarovanın sözlərinə görə, Moskva hər iki tərəflə əməkdaşlıq edərək, bölgədə "güc balansının" saxlanılmasının zəruriliyini nəzərə alır.

Lerikdə meşə yanğını ilə mübarizə aparılır

Fövqəladə Hallar Nazirliyi (FHN) Lerik rayonu, Soru kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olduğunu bildirib.

Məlumatla əlaqədar FHN-in yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub.

"Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. İlkin məlumata əsasən dağlıq ərazidə kol-kos və qurumuş ağac kötükləri yanır", FHN-in melumatında qeyd olunub.

Haftonu kəndi yaxınlığındakı yanğın söndürülüb

Ötən gün Azərbaycanın Lerik rayonundakı Haftonu kəndi yaxınlığında, dağlıq ərazidə baş vermiş yanğın söndürülüb, FHN bildirib.

İlkin rəsmi məlumata əsasən, dağlıq ərazidə 1 ha sahədə "quru ot, kol-kos və ağac kötükləri" yanıb.

"Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub".

Yanğınla mübarizədə həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları iştirak edir.

Bundan əvvəl Oğuz rayonunun Xaçmaz kəndi ətrafında baş verən yanğın söndürülüb.

Yaxınlıqdakı ərazilərin yanğından mühafizə olunduğu qeyd edilir.