Rusiya Azərbaycan və Ermənistanı əsirlərin və mina xəritələrinin mübadiləsinə səsləyir

Çap edildi

Rusiya Azərbaycan və Ermənistanı əsirlərin və mina xəritələrinin mübadiləsinə səsləyir, Ermənistanın cənub-şərq bölgəsindəki döyüş postunda üç əsgərin meyiti aşkar edilib, 2-ci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş erməni hərbçilərin valideynləri etiraz aksiyası keçirib, BBC News Azərbaycancanın icmalında oxuyun.

Rusiya Azərbaycanı və Ermənistanı "hamını hamıya" prinsipinə əsasən əsirlərin və mina xəritələrinin mübadiləsinə çağırıb.

Bu barədə cümə axşamı günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib.

Maria Zaxarova həmçinin, Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi şərh edib.

Rusiyalı diplomatın sözlərinə görə, o, bu problemin "uzunmüddətli həllini" sərhədin delimitasiya və demarkasiyası ilə bağlı "danışıqların başlanmasında" görür.

"Biz bu prosesə lazımi konsultativ yadım etməyə hazırıq".

Maria Zaxarova Ermənistana silah satışı ilə bağlı Azərbaycanın etirazı barədə sualı cavablandıraraq deyib ki, bu, Rusiyanın "suveren hüququdur". Onun sözlərinə görə, Rusiya bu sahədə hər iki tərəflə əməkdaşlıq edir və "bölgədə güc balansının" qorunmasının zəruriliyini nəzərə alır.

"Bu barədə çox oxuyuruq və eşidirik, amma diqqətinizi bizim həm Ermənistan, həm də Azərbaycanla bu cür qarşılıqlı əlaqə qurmağımıza yönəltmək istərdim. Bunu edərkən, bölgədə güc balansının qorunmasının zəruriliyini nəzərə alırıq."

Ötən həftə Azərbaycan Prezidenti Rusiyanın Ermənistana silah verməsinə etiraz edib.

"Biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur", - CNN Türk kanalına müsahibə verən İlham Əliyev deyib.

Son aylar Azərbaycan-Ermənistan sərhədində atışmalar nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var. Tərəflər bir-birini atəşkəs rejimini pozmaqda ittiham edirlər.

Ermənistanda postda üç əsgər cəsədi tapılıb

Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, iyunun 19-u saat 2:15 radələrində cənub-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda üç sıravi əsgər - Murad Muradyan, Levon Harutyunyan və Qor Sahakyanın güllə yarası ilə meyitləri aşkar edilib.

Hadisənin təfərrüatları araşdırılır. Əsgərlərin üçü də 2002-ci ildə doğulub.

Ermənistan Müdafiə Nazirliyi Sünik vilayətində yerləşən sözügedən postda baş vermiş hadisəyə Azərbaycan tərəfinin aidiyyəti olduğu ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara inanmamağa və rəsmi araşdırmanın nəticələrini izləməyə çağırıb.

Son aylar Azərbaycan-Ermənistan sərhədində atışmalar nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var. Tərəflər bir-birini atəşkəs rejimini pozmaqda ittiham edirlər.

2-ci Qarabağ müharibəsində itkin düşən əsgər valideynləri etiraz edir

Ermənistanda 2-ci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş hərbçi valideynləri bu gün Ermənistan Təhlükəsizlik Xidməti binasına daxil olub və idarənin rəhbəri Armen Abazyanla görüş tələb ediblər.

Onlar övladları barədə suallarına cavab almaq istəyirlər. "Əlacsızlıqdan qəti addımlara getməyə məcburuq. 10 aydır övladlarımız barəsində bir xəbər ala bilmirik", - əsgər analarından biri jurnalistlərə deyib.

Onların sözlərinə görə, itkin düşən əsgərlər Stepanakertdə (Xankəndi-red.) eyni hərbi hissədə xidmət ediblər, 2020-ci il oktyabrından onlarla əlaqə kəsilib.

Rəsmi məlumatlara görə, 2-ci Qarabağ müharibəsində Ermənistandan 3621 nəfər həlak olub, 321 nəfər itkin düşüb.