Paşinyan Putinə: "Telefonla danışdıq, bir həftə sonra soydaşlarımız geri qayıtdı"

Şəklin mənbəyi, Sputnik/AFP/Getty Images
Ermənistan Baş naziri səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan və Rusiya lideri Vladimir Putinin Kremldə keçirilmiş danışıqlarında "ikitərəfli münasibətlər ətraflı olaraq" müzakirə olunub, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
İyulun 7-də Kremldə Rusiya Prezidenti ilə görüşən Ermənistan Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan Vladimir Putinə 15 erməninin Azərbaycandan Ermənistana verilməsində "şəxsən iştirak etdiyinə görə" təşəkkürünü bildirib.
"Bu məsələni iyunun 24-də telefon danışığı zamanı müzakirə etdik və bir həftədən sonra 15 soydaşımız geri qayıtdı", - Paşinyan görüş zamanı deyib.
Paşinyan, Cənubi Qafqaz Dəmir Yolu ilə əlaqədar böyük investisiya proqramının həyata keçirilməsindən bəhs edərək, "iqtisadi sahədə də yaxşı xəbərlərin olduğunu" Putinə çatdırıb.
İyulun 3-də Rusiyanın vasitəçiliyi ilə Azərbaycan Füzuli və Zəngilan rayonlarında minalanmış ərazilərin xəritələri müqabilində 15 ermənini Ermənistana təhvil verib.
Moskva-Bakı təmasları
"Üçtərəfli razılaşmaların və ticarət-iqtisadi əməkdaşlığın həyata keçirilməsinin müxtəlif nüanslar müzakirə olunub", - Putin və Paşinyan arasında danışıqların nəticələrindən jurnalistlərə danışan Peskov deyib, TASS xəbər verib.
Azərbaycan tərəfi ilə də təmaslar olacaqmı sualına cavab verərkən, Rusiya prezidentinin mətbuat katibi "Moskva ilə Bakı arasında təmasların daimi əsasda getdiyini" qeyd edib.
"Qarabağa dair üçtərəfli razılaşmaların həyata keçirilməsinin vacib və alternativsiz olduğu ilə hamı razıdır, - Peskov deyib. - Bu məqsədlə Azərbaycan və erməni tərəfi ilə təmaslar davam etdirilir."
Paşinyana təbrik
Kremldə keçən görüşün əvvəlində Vladimir Putin Nikol Paşinyanı parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.
"Çətin məsələləri həll etmək üçün xalqın etimadı gərəkdir, siz isə buna sahibsiniz", - Rusiya Prezidenti Paşinyana deyib.
Nikol Paşinyan öz növbəsində bildirib ki, Rusiyalı sülhməramlıların yerləşdirilməsindən sonra Dağlıq Qarabağda vəziyyət yaxşıdır.
"Dağlıq Qarabağda rus sülhməramlılarının yerləşdirilməsindən sonra vəziyyət sabitdir, lakin vaxtaşırı bəzi narahatlıq və qeyri-sabitlik ocaqları yaranır", - Paşinyan Rusiya Prezidentinə bildirib.
Azərbaycanda rəsmilər dünən Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycan mövqelərini atəşə tutduğunu bildirib. Ermənistan isə bu məlumatı təkzib edib.

Şəklin mənbəyi, TASS/Getty images
Ermənistanın KTMT-dən narazılığı
Putinin Paşinyanla görüşü ərəfəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan KTMT Baş katibi Stanislav Zasın Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə verdiyi qiymətlə razı olmadığını bildirib.
İyulun 3-də Stanislav Zas jurnalistlərə verdiyi açıqlamada Azərbaycanla Ermənistanın arasında sərhədin cənub hissəsindəki vəziyyəti "sərhəd insidenti" kəlməsi ilə səciyyələndirib. KTMT-nin Belarusdan olan rəhbəri qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sərhəddə baş verən hadisələr KTMT üzvlərinin "kollektiv müdafiəyə dair öhdəliklərinə aid deyil". Onun dəyərləndirməsinə görə, insidentin böyüməsi baş vermir.
Armen Qriqoryan isə qeyd edib ki, sözügedən hadisəni "insident"adlandırmaq olmaz, çünki Azərbaycan hərbçiləri uzun müddətdir ki, Ermənistanın suveren ərazisini tərk etmirlər."
Azərbaycan isə torpaqları 30 il işğal altında qaldıqdan sonra beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini bildirir.




























