You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Yerevan: Paşinyana qarşı etiraz aksiyaları keçirilib
Bu gün Ermənistan paytaxtının mərkəzi Bağramyan prospektində keçirilən aksiya iştirakçıları Baş nazir Nikol Paşinyanın istefasına çağırıblar.
Etiraz "Vətənin xilası" hərəkatı tərəfindən təşkil olunub. 17 siyasi partiyanı bir araya gətirən bu qurum Baş nazirin istefasını, müvəqqəti hökumətin qurulmasını və erkən parlament seçkilərini tələb edir.
Ermənistan agentliklərinə əsasən, nümayişdə "Ordu, Millət, Qələbə", "Nikolsuz Ermənistan" və "Nikol istefa!" şüarları səsləndirilib.
Bağramyan prospektinin Milli Məclis binası ilə üzbəüz olan hissəsi 25 fevraldan bəri bağlı qalır. Burada müddətsiz aksiya elan edən etirazçıların çadırları qurulub.
Bundan əvvəl Müdafiə Nazirliyi qarşısında orduya və Ermənistan Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi Onik Qasparyana dəstək mitinqi keçirilib.
Fevralın 25-də Onik Qasparyan Baş nazirin istefasını tələb edib. Öz növbəsində Nikol Paşinyan Baş Qərargah rəisinin istefaya göndərilməsi barədə sərəncamı Prezidentə təqdim edib. Lakin dövlət başçısı artıq ikinci dəfədir ki, sənədi imzalamaqdan imtina edir.
Çərşənbə günü səhərdən Müdafiə Nazirliyinin binası qarşısında toplaşan sabiq hərbçi və fəallar Onik Qasparyana birmənalı dəstək bildiriblər. "Biz, Ehtiyatda olan Zabitlər Birliyi onu dəstəkləyirik və sona qədər onun yanında olacağıq", - ehtiyatda olan polkovnik-leytenant Karen Hakobyan yerli jurnalistlərə bildirib.
Etirazlar Ermənistan, Azərbaycan və Rusiya dövlət başçıları arasında noyabrın 9-da Qarabağ müharibəsinin dayandırılması haqqında bəyanat imzalandıqdan sonra başlayıb. Lakin fevralın 25-dən etiraz dalğası daha da güclənib.