Yerevan: Paşinyana qarşı etiraz aksiyaları keçirilib

Etirazçılar

Şəklin mənbəyi, AFP/Getty Images

Çap edildi

Bu gün Ermənistan paytaxtının mərkəzi Bağramyan prospektində keçirilən aksiya iştirakçıları Baş nazir Nikol Paşinyanın istefasına çağırıblar.

Etiraz "Vətənin xilası" hərəkatı tərəfindən təşkil olunub. 17 siyasi partiyanı bir araya gətirən bu qurum Baş nazirin istefasını, müvəqqəti hökumətin qurulmasını və erkən parlament seçkilərini tələb edir.

Ermənistan agentliklərinə əsasən, nümayişdə "Ordu, Millət, Qələbə", "Nikolsuz Ermənistan" və "Nikol istefa!" şüarları səsləndirilib.

Etirazçı

Şəklin mənbəyi, AFP/Getty images

Bağramyan prospektinin Milli Məclis binası ilə üzbəüz olan hissəsi 25 fevraldan bəri bağlı qalır. Burada müddətsiz aksiya elan edən etirazçıların çadırları qurulub.

Etirazçılar

Şəklin mənbəyi, AFP/Getty images

Etirazçılar

Şəklin mənbəyi, AFP/Getty Images

Bağramyan prospektinin Milli Məclis binası ilə üzbəüz olan hissəsində çadırlar

Şəklin mənbəyi, TASS/Getty Images

Şəklin alt yazısı, Bağramyan prospektinin Milli Məclis binası ilə üzbəüz olan hissəsi 25 fevraldan bəri bağlanılıb (Arxiv görüntüsü)

Bundan əvvəl Müdafiə Nazirliyi qarşısında orduya və Ermənistan Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi Onik Qasparyana dəstək mitinqi keçirilib.

Fevralın 25-də Onik Qasparyan Baş nazirin istefasını tələb edib. Öz növbəsində Nikol Paşinyan Baş Qərargah rəisinin istefaya göndərilməsi barədə sərəncamı Prezidentə təqdim edib. Lakin dövlət başçısı artıq ikinci dəfədir ki, sənədi imzalamaqdan imtina edir.

Aksiya iştirakçıları

Şəklin mənbəyi, news.am

Şəklin alt yazısı, Şənbə günü Müdafiə Nazirliyi qarşısında orduya dəstək aksiyası keçirilib

Çərşənbə günü səhərdən Müdafiə Nazirliyinin binası qarşısında toplaşan sabiq hərbçi və fəallar Onik Qasparyana birmənalı dəstək bildiriblər. "Biz, Ehtiyatda olan Zabitlər Birliyi onu dəstəkləyirik və sona qədər onun yanında olacağıq", - ehtiyatda olan polkovnik-leytenant Karen Hakobyan yerli jurnalistlərə bildirib.

Etirazlar Ermənistan, Azərbaycan və Rusiya dövlət başçıları arasında noyabrın 9-da Qarabağ müharibəsinin dayandırılması haqqında bəyanat imzalandıqdan sonra başlayıb. Lakin fevralın 25-dən etiraz dalğası daha da güclənib.