Ermənistan müxalifətindən “aramsız etiraz aksiyalarına” çağırış - şəkillər

Çap edildi

Bu gün Yerevanın mərkəzində yer alan nümayişin təşkilatçıları Baş nazir Nikol Paşinyan istefaya çıxana qədər "aramsız etiraz aksiyalarının" keçiriləcəyini elan ediblər.

Bu barədə bəyanatla müxalif "Vətənin xilası hərəkatı"nın koordinatoru çıxış edib. İşxan Sağatelyan nümayişçiləri şəhərin dörd məkanında aksiyaları davam etdirməyə səsləyib.

Bundan əvvəl müxalifət hərəkatının nümayəndələri bugünkü mitinqi Nikol Paşinyana qarşı mübarizədə "həlledici məqam" adlandırıblar.

"Buraya toplaşanlar hazırkı hakimiyyətdən narazı olduqlarını bildirirlər. Əsas məqsədimiz Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq, hökumətin istefasına nail olmaqdır," - Vətən partiyasının lideri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru Artur Vanetsyan jurnalistlərə deyib.

Yerevanda başa çatan mitinqi "Vətənin xilası hərəkatı" təşkil edib.

Bu quruma 10-dan çox siyasi partiya daxildir, o cümlədən, Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublikaçı Partiyası, Daşnaksutyun Erməni İnqilabi Federasiyası və sabiq MTX rəhbəri Artur Vanetsyanın təsis etdiyi Vətən Partiyası.

Şənbə günü havanın soyuqlaşmasına baxmayaraq, paytaxt Yerevanın müxtəlif rayonlarından Azadlıq meydanına doğru xeyli insan axını olub. Aksiya vaxtı "Nikolsuz Ermənistan!" şüarı səsləndirilib, vətənpərvərlik mahnıları ifa olunub, agentliklər xəbər verir.

Məlumata əsasən, ərazidə polis avtobusları və xüsusi texnikanı görmək olardı. Aksiyaya bir neçə min insanın qatıldığı bildirilir.

Qarabağda atəşkəs haqqında Ermənistan baş naziri, Azərbaycan və Rusiya prezidentləri arasında 9 noyabr bəyanatı imzalandıqdan sonra Ermənistanda Nikol Paşinyan hökumətinin istefası tələbi ilə etiraz aksiyaları başlayıb.

Müxalif siyasi qüvvələr Paşinyanın istefasından sonra müvəqqəti hökumət yaratmaq və yeni seçkilərin keçirilməsinədək baş nazir vəzifəsini müvəqqəti olaraq Vazgen Manukyana tapşırmağı təklif edirlər. Manukyan 1988-90-cı illərdə Qarabağ Komitəsinin üzvü, müstəqil Ermənistanın baş naziri və bir müddət müdafiə naziri vəzifələrini tutub.