Gürcüstanda "proporsional seçki sisteminə keçid" böhranı

GÜRCÜSTANTAN PARLAMENTI

Şəklin mənbəyi, TASS/КЛИМЧУК АЛЕКСАНДР

Çap edildi

Cümə axşamı günü Gürcüstan Parlamenti 2020-ci ildən etibarən proporsional seçki sisteminə keçidi təmin etməli olan konstitusiya dəyişiklərini qəbul etməyib.

Gürcüstanda tarixi adlandırılan səsvermədən sonra müxalifət və vətəndaş fəalları geniş miqyaslı etirazların anonsunu veriblər.

Mütənasib təmsilçiliyin tətbiqi iyun ayında Tbilisidə rusiyalı deputat Sergey Gavrilovun Gürcüstana səfərindən sonra başlayan minlərlə etiraz zamanı səsləndirilmiş tələblərdən biri olub.

Daha sonra etirazlar fonunda hakim "Gürcü Arzusu" partiyası güzəştə gedərək, qarışıq sistemin rədd edilməsini və proporsional sistemə tam uyğun olaraq növbəti parlament seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürüb.

Bu düzəlişlərin qəbul edilməsi üçün 150 deputatdan 113-nün dəstəyini almaq vacib olub. Ancaq konstitusiya dəyişikləri layihəsinə üç nəfər əleyhinə olmaqla cəmi 101 deputat səs verib. Beləliklə, qanun layihəsinin qəbulu üçün 12 səs çatmayıb.

Bu o deməkdir ki, Gürcüstanda parlament seçkiləri proporsional sistemə tam şəkildə 2024-cü ildən əvvəl keçməyəcək, növbəti parlamentdə isə əvvəlkində olduğu kimi 77 deputat proporsional, 73 deputat isə majoritar sistem əsasında seçiləcək.

Majoritarların üsyanı?

Qanun layihəsi hakim partiyanın deputatları tərəfindən irəli sürülüb.

Müxalifətdən olan deputatlar konstitusiya dəyişiklərini dəstəkləyiblər, amma hakim partiyanın əksəriyyəti bu dəyişiklərə qarşı çıxıb. Qanunverici orqanda səsvermə iki dəfə təxirə salınıb.

Qanun layihəsinin əleyhinə olanlar hesab edir ki, hazırda Gürcüstan proporsional sistemə keçməyə hazır deyil.

Hakim partiyada məsləhətləşmələr aparılıb, lakin bu görüşlərdən sonra layihənin qəbuluna etiraz edən deputatları inandırmaqla bağlı müvəffəqiyyət əldə edilməyib.

"Bu təşəbbüs əksər deputatlar, o cümlədən müxalifət üzvləri tərəfindən dəstək görməsinə baxmayaraq kifayət qədər səs toplaya bilmədi. Bu o deməkdir ki, 2020-ci ildə keçiriləcək parlament seçkiləri 3 faizlik hədd, bloklar və qarışıq sistemlə keçiriləcək", səsvermədən sonra parlamentin spikeri Arçil Talakvadze jurnalistlərə deyib.

O qeyd edib ki, hakim partiyanın sədri Bidzina İvanişvili iki çoxluq iclası keçirib və deputatları bu təşəbbüsü dəstəkləməyə çağırıb.

İvanişvilinin özü səsvermənin nəticələri ilə əlaqədar verdiyi açıqlamada 2020-ci ildə proporsional seçkilərə keçməyin tərəfdarı olaraq qaldığını qeyd edib və bunun baş tutmamasına təəssüflənib.

Səsvermədən sonra hakim partiyanın bir neçə deputatı parlamentdə çoxluğu tərk etmək qərarına gəlib.

"Bu mənim üçün prinsipial məsələdir və nəticə qəbuledilməzdir", Avropaya inteqrasiya üzrə parlament komitəsinin sədri və millət vəkili Tamar Xulordava belə deyib.

Geniş miqyaslı etirazlar

Müxalifət majoritarların etirazına inanmır və qanun layihəsinin uğursuzluğunu hakim partiyanın sədri Bidzina İvanişvilinin oynadığı tamaşa olaraq qəbul edir.

"Bidzina İvanişvili və qrupu demokratiyanı məhv edərək növbəti və çox böyük bir addım atdılar. Bütün cəmiyyəti təhqir etdilər", səsvermədən sonra müxalif "Avropa Gürcüstanı" partiyasının üzvü Giga Bokeria deyib.

Səsvermədən sonra etirazçılar, o cümlədən müxalifət üzvləri və Tbilisidəki yay etiraz aksiyasının təşkilatçıları Mərkəzi prospektdə, yolun kənarında oturaraq nəqliyyatın hərəkətinə mane olublar.

Vətəndaş fəalları və müxalifət partiyaları Tbilisinin mərkəzində geniş miqyaslı etiraz elan ediblər.

Müxtəlif müxalifət partiyalarının nümayəndələri hazırda gələcək planlarla bağlı məsləhətləşmələr aparır.

On yeddi qeyri-hökumət təşkilatı konstitusiya dəyişikləri paketinin uğursuz olmasının ölkənin demokratik inkişafı üçün həlledici ola biləcəyini söyləyib.

"Proporsional seçki sisteminə keçmək yalnız bəzi siyasətçilərə və ya cəmiyyətin kiçik bir qrupuna xas olan bir vəd deyildi. Bu, demək olar ki, bütün siyasi partiyalar və ictimai qruplar tərəfindən dəstəklənən bütün cəmiyyətin tələbi idi" birgə bəyanatda belə deyilir.

Bəyanat müəllifləri konstitusiya dəyişiklərinin uğursuzluğuna görə İvanişvilinin məsuliyyət daşıdığını bildirir və ehtimal edirlər ki, o, öz gücünü qorumaq üçün seçiciləri ölkənin idarə olunmasında iştirak etmək imkanından məhrum etməyə hazırdır.