"Sədərək" ticarət mərkəzindəki yanğın söndürülüb

Çap edildi

Bazar günü günorta saatlarında "Sədərək" ticarət mərkəzində baş verən yanğın söndürülüb, Fövqəladə Hallar Nazirliyi bildirib.

Səhiyyə nazirliyindən BBC News Azərbaycancaya verilən məlumata əsasən, hadisə ilə bağlı onlara ümumi müraciət edənlərin sayı 16 nəfər olub.

"Onlardan 6-na yerində yardım edilib. 10 nəfər Kliniki Tibbi Mərkəzə aparılıb. 10 nəfərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır, qalanlar yanğının söndürülmasində iştirak edən FHN və DİN əməkdaşlarıdır", nazirlik bildirir.

Qurumun məlumatına görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

"Hazırda bu hadisə ilə bağlı xəstəxanada xəstə yoxdur", Səhiyyə Nazirliyindən bildiriblər.

Nazirlik bazar günü verdiyi açıqlamasında xəsarət alanların zəhərlənmə diaqnozu ilə 1 saylı klinik mərkəzin toksikologiya şöbəsinə yerləşdirildiyini bildirmişdi.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək" ticarət mərkəzinin ərazisində anbarlardan birində baş verib.

Bazar günü hadisə ilə bağlı Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlama verib, APA yazır.

Nazir müavini müxtəlif parfümeriya malları, sabunlar, dezodorant, doldurucu qaz balonlarının olduğu anbarda 700 kvadratmetrə qədər sahənin yandığını nəzərə çatdırıb:

"Bu mallar həddindən çox olduğu üçün anbara daxil olmaq qeyri-mümkündür. Biz traktor vasitəsi ilə anbarın divarlarını uçuraraq içəri daxil olmuşuq. Qısa müddətdə yanğın tam söndürüləcək ".

Etibar Mirzəyev ikinci çağırışla hadisə yerinə 25-dən çox yanğınsöndürən maşının, 120-dən çox yanğınsöndürənin cəlb olunduğunu bildirib.

Yanğının səbəblərinə gəlincə, cənab Mirzəyev qeyd edib ki, yanğın tam söndürüldükdən sonra araşdırma aparılacaq: "Araşdırmanın nəticəsi barədə məlumat veriləcək".

O bildirib ki, sahibkarlara mallarının əksəriyyətini çıxarmağa imkan yaradılıb.

"Yanğın söndürüləndən sonra dəymiş ziyanın həcmi araşdırılacaq və bu barədə müvafiq məlumat veriləcək", - Etibar Mirzəyev deyib.