İcevanda etirazçılarla polis arasında toqquşma: həbs edilənlər var

Çap edildi

Ermənistanın İcevan şəhərində təxminən 13 nəfərin yaralanması ilə nəticələnmiş polislə toqquşmaya görə azı 20 etirazçıya cinayət işi açılıb.

Rəsmi məlumaya görə, iyulun 17-də 500-ə yaxın insan "maneəsiz və nəzarətsiz odun daşımağa nail olmaq" üçün küçələri bağlayaraq etiraz keçiriblər.

İki həftə əvvəl Ermənistan parlamenti meşələrin qeyri-qanuni yarılması üçün cinayət məsuliyyəti nəzərdə tutan qanunvericiliyə dəyişiklər edib.

İşsizlikdən gileylənən İcevan sakinləri jurnalistlərə odun satmağı "yeganə qazanc yeri" adlandırıblar.

Etirazçılar polis qüvvələri ilə arasında toqquşma nəticəsində 13 nəfərin, o cümlədən 11 polis işçisinin, xəsarət aldığı deyilir.

Ermənistan Səhiyyə Nazirliyi xəsarət alanların hamısının tibbi yardım göstərildikdən sonra xəstəxanaları tərk etdiyini bildirib.

Məlumata görə, çərşənbə günü axşamı və cümə axşamı günü polis əməliyyatları nəticəsində 40 nəfərə yaxın etiraz iştirakçısı saxlanılıb və onlardan 20-si həbs olunub.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, hadisə ilə bağlı saxlanılanlar "bir qrup şəxs və ya mütəşəkkil qrup tərəfindən silah və müxtəlif əşyalardan silah kimi istifadə edərək xuliqanlıq və hakimiyyət nümayəndəsinə orta ağırlıqda zərər yetirərək müqavimət göstərmək" maddələri ilə şübhəli bilinir. Bəziləri ölkəni tərk etməmək imzası ilə buraxılıb.

Polis tərəfindən saxlanılanların qohumları vilayət administrasiya binası yaxınlığındakı meydana toplaşıb, həbs olunanlar barədə məlumat olmadığından gileylənirlər.

Hazırda Ermənistan Polis və Milli Təhlükəsizlik Xidməti rəhbərliyi Ermənistanın Tavuş vilayətinin mərkəzi, İcevan şəhərindədir.

Yerevandan avtobuslarla İcevana çoxsaylı polis qüvvələri gətirilib. Jurnalistlər Dilican-İcevan yolu boyunca və şəhərdə 30 avtobus sayıblar.

Yerevan müxbirimizin məlumatına görə, hazırda Yerevan-Tbilisi yolu açıqdır, vəziyyət polisin nəzarəti altındadır və həbslərə etiraz edən yerli sakinlərin gün ərzində bir neçə yenidən yolu bağlamaq cəhdləri baş tutmayıb.

Etirazlara səbəb nə olub?

İcevan hadisələri Ermənistan Hökumətinin cümə axşamı iclasının əsas məsələsi olub.

Baş nazir Paşinyan öz doğma şəhərindəki etiraz aksiyasının "meşələrdə qeyri-qanuni ağacları kəsib odun satmaqla məşğul olanlar tərəfindən" təşkil edildiyini bildirib.

"Dünən İcevanda yolverilməz hadisə baş verib. Meşə ağacları kəsməklə məşğul olanlar tərəfindən təşkil edilmiş aksiya iştirakçıları, polisin qanuni tələblərinə tabe olmayaraq, onlara bədən xəsarəti yetirib", - deyə Paşinyan Polis rəisi müavini Vardan Movsisyandan izahat tələb edib.

Polkovnik Movsisyanın sözlərinə görə, Ermənistanın Lori və Tavuş vilayətlərində meşələrin qeyri-qanuni yarılmasının qarşısı alınması çərçivəsində müvafiq tədbirlər keçirilirmiş. Və bu, həmin "bizneslə məşğul olanlarda narazılıq doğurub".

"Onlar küçələri bağlamaqla məsələ həll etmək istəyiblər. Bir neçə dəfə İcevan-Noyenberyan yolu, İcevanın Yerevan küçəsini bağlayıblar. Beş yüzə yaxın insan keşikçi məntəqələrin çıxarılmasını və vilayətdən qeyri-qanuni kəsilmiş ağacların çıxarılmasına maneə olmamağı tələb ediblər", - polis rəisinin müavini deyib.

O, etirazçıların daş və çubuqlarla polisə hücum etdiyini bildirib.

Meşələr problemi yeni deyil

Baş nazirin sualına cavab olaraq, Ermənistan ətraf mühiti naziri Erik Qriqoryan iki həftə bundan əvvəl Milli Məclis meşələrin qeyri-qanuni yarılması üçün cinayət məsuliyyəti nəzərdə tutan qanunvericilik dəyişikliklər paketi qəbul olunduğunu bildirib.

Eyni zamanda o, əhaliyə yanacaq üçün pulsuz odun verildiyini deyib.

Nazir hesab edir ki, aksiyanın məqsədi maneəsiz və nəzarətsiz odun daşımağa nail olmaqdır, "lakin postlar buna mane olur".

Onun sözlərinə görə, hazırda müxtəlif meşə təsərrüfatlarında qeyri-qanuni ağacların kəsilməsi ilə bağlı onlarla cinayət işləri qaldırılıb.

Ekologiya nazirinin sözlərinə görə, müxtəlif hesablamalara görə, odun tədarükünün kölgə illik kölgə dövriyyəsi 500 mindən 1 milyon kub metr təşkil edir.

"Bunu 40 dollara (1 kub metrin qiyməti) vursaq, ildə təxminən 40 milyon dollar təşkil edir", - cümə axşamı Hökumətin növbəti iclasında Ermənistan ekologiya naziri Erik Qriqoryan deyib.

Nazir etirazların arxasında duranların qanunverici hakimiyyətə də təsir etmək iqtidarında olunduğuna işarə edib. Lakin heç bir konkret ad açıqlamayıb.

Kompromis olmayacaq

Baş nazir Paşinyan etirazçıların tələblərini əsassız adlandırıb və meşə ağaclarını yarmaq məsələsində güzəşt edilməyəcəyini bildirib.

"Heç bir kompromis, qeyri-qanuni kompromis olmayacaq. Mən qanun-mühafizə sistemi qarşısına çox aydın tapşırıq qoyuram və burada söhbət Polis, Milli Təhlükəsizlik Xidməti və başqa hüquq-mühafizə orqanlarının funksionallığından gedir. Qeyri-qanuni fəaliyyətlə heç bir kompromis olmayacaq", - Paşinyan bəyan edib.

"Heç kəs Ermənistan hökuməti ilə şantaj dilində danışa bilməz və bunun praktik tətbiqi hüquq-mühafizə sisteminin borcudur", - Paşinyan deyib.

İşsizlik

Baş nazir Paşinyan deyib ki, qeyri-qanuni odun satışının "sadə odun yaranların vəziyyətini yaxşılaşdırmır: onlar necə yoxsuldurlar, elə yoxsul da qalırlar".

"Bəli, onları istismar edən kiçik bir qrup varlanır, əlində mişar odun daşıyıb, yükləyən qara fəhlələrin həyatında isə heç nə dəyişməyib", - Paşinyan deyib.

Jurnalistlərlə danışan yerli sakinlər işsizlikdən gileylənib və odun satmağı yeganə "dolanışıq imkanı" olduğunu deyirlər.