Alman alimləri: Pivə, o cümlədən alkoqolsuz pivə B6 vitamini ilə zəngindir

    • Müəllif, Michelle Roberts
    • Vəzifə, BBC
  • Çap edildi
  • Oxuma vaxtı: 3 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Nüfuzlu bir elmi jurnalda dərc olunan yeni araşdırma göstərib ki, insan beyin üçün lazım olan mühüm vitaminlərdən birini əhəmiyyətli miqdarda pivədən ala bilər.

Söhbət B6 vitaminindən gedir. O, beyin, qan və immunitet sistemi üçün faydalıdır və bir çox qida növündə var.

Tədqiqat müəllifləri müəyyən ediblər ki, bir qədəh pivə insanın gündəlik B6 vitamini ehtiyacının təxminən 15%-ni qarşılaya bilər və hətta alkoqolsuz pivə də bu vitaminin mənbəyi ola bilər.

Bu vitamin pivənin inqrediyentlərində - arpa və ya buğdada, həmçinin pivə mayasında olur və fermentasiya prosesi onu tamamilə məhv etmir.

B6 vitaminini müxtəlif qidalardan əldə etmək mümkündür. O, ət və balıqda kifayət qədər çoxdur, həmçinin yulaf yarması, kartof və noxudun tərkibində də rast gəlinir.

İnsanlarda kəskin B6 vitamini çatışmazlığına nadir hallarda rast gəlinir, lakin bəzən onun səviyyəsi aşağı olur - bu, tez-tez digər B qrupu vitaminlərinin, məsələn, çatışmazlığı yorğunluq və ürəkbulanmaya səbəb ola bilən B12 vitamininin azlığı ilə eyni vaxtda baş verir.

Hansı pivə növlərində daha çox vitamin var?

Almaniya supermarketlərindən alınan 65 fərqli pivə növünü tədqiq edən müəlliflər bunları müəyyən ediblər:

  • Ən çox B6 vitamini tünd və tündləşdirilmiş alman pivəsi olan Bok növündədir.
  • Ondan sonra adi lagerlər, daha sonra tünd lagerlər, ondan sonra isə buğda pivəsi gəlir
  • Ən az B6 vitamini isə düyü pivəsindədir.
  • Tam fermentasiyadan sonra etanolu kənarlaşdırılmış alkoqolsuz pivələrdə, tərkibində az etanol istehsal edən mayalardan istifadə edilməklə bişirilmiş alkoqolsuz pivələrə nisbətən daha çox B6 vitamini var.
  • Orta hesabla bir qədəh lager gündəlik tövsiyə olunan B6 dozasının 20%-ni təmin edir.
  • Sınaqdan keçirilmiş alkoqolsuz pivə növlərindən biri isə bu tələbatın demək olar ki, 59%-ni qarşılayıb.

Britaniya Milli Səhiyyə Xidmətinin (NHS) tövsiyələrinə görə: kişilərə - gündə təxminən 1,4 mq B6 vitamini lazımdır, qadınlara - gündə təxminən 1,2 mq B6 vitamini lazımdır.

Tədqiqat müəllifləri müəyyən ediblər ki, bir litr pivə 0,3 mq-dan 1 mq-a qədər vitamin saxlaya bilər.

Tədqiqatın müəllifi, professor Mikael Rıxlik bildirir ki, bu miqdar tənzimləyici qurumların pivə istehsalçılarına etiketlərdə vitamin haqqında yazmağa icazə verməsi üçün kifayət deyil, lakin yenə də kifayət qədər diqqətçəkən göstəricidir.

Professor Rıxlik vurğulayır ki, araşdırmanın nəticələri yalnız "vitamin qəbulunu optimallaşdırmaq istəyən" istehlakçılar üçün faydalı ola bilər.

Ənənəvi alman "Bok" pivəsinin tərkibində ən çox B6 vitamininin olmasının səbəbi, onun tərkibindəki alkoqolun daha yüksək 6,5%-dən başlayaraq olmasıdır.

B6 vitamininin ən yaxşı mənbəyi qidalanmadır

Britaniya Sağlam Qidalanma Fondundan Bricet Benelam bildirir ki, B6 vitamini bir çox qidaların tərkibində olduğu üçün Britaniya sakinlərində bu vitaminin çatışmazlığına nadir hallarda rast gəlinir.

"Biz pivəni və ya hər hansı digər alkoqollu içkini əsas qida maddəsi mənbəyi kimi tövsiyə etməzdik. Onlar adi rasionda olmalıdırlar. Əgər çox məhdud qidalanma rejiminiz yoxdursa, B6 çatışmazlığı yaşamağınız çox az ehtimal olunur", - deyə o qeyd edir.

Benelamın sözlərinə görə, bu vitaminlə bağlı problemlər, məsələn, alkoqolizmdən əziyyət çəkən və ya böyrək xəstəlikləri olan insanlarda yarana bilər. Belə hallarda o, adətən, süd məhsullarında və heyvan mənşəli qidalarda tapılan digər vacib B qrupu vitaminlərinə - B12 və riboflavine (B2) də diqqət yetirməyi tövsiyə edir.

"Onlar maddələr mübadiləsində və enerjinin ayrılmasında iştirak edirlər", - deyə Benelam izah edir.

O, veqanlara bu vitaminləri zənginləşdirilmiş süd əvəzedicilərindən və qatıqdan almağı məsləhət görür.