Azərbaycanın tanınmış tarixçisi Şirməmməd Hüseynov dəfn edilib

Çap edildi
Oxuma vaxtı: 2 dəq

Bu gün Azərbaycanın tanınmış tarixçisi Şirməmməd Hüseynov İkinci Fəxri xiyabanda dəfn olunub.

Bundan əvvəl Bakı Dövlət Universitetində onunla vida mərasimi keçirilib, mərasimdə ailə üzvlərindən başqa, universitet əməkdaşları, jurnalistlər və onun tələbələri iştirak ediblər.

Azərbaycan jurnalistikasının "canlı ensiklopediyası" adlanan Şirməmməd Hüseynov iyunun 24-də axşam saatlarında evində vəfat edib.

95 yaşlı tarixçi Azərbaycan Demokratik Respublikası, Məmmədəmin Rəsulzadə barədə tədqiqatları, eləcə də mətbuat tarixi tədqiqatları ilə tanınırdı.

O bir çox kitabların müəllifidir. Görkəmli alim sağlığında müxtəlif mükafatlara layiq görülmüşdü.

Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü olan Şirməmməd Hüseynov 1966 və 1972-ci illərdə "Qızıl qələm" mükafatına, 1988-ci ildə Respublikanın əməkdar jurnalisti adına, 1991-ci ildə Zərdabi adına mükafatına, 1992-ci ildə Y.Məmmədəliyev adına mükafata, 1998-ci ildə M.Ə.Rəsulzadə adına mükafata, 2014-cü ildə "Şərəf" ordeninə layiq görülüb.

Şirməmməd Hüseynov necə xatırlanır?

"Təmənnasız bir insan idi", professor Şirməmməd Hüseynovun tələbəsi olmuş Almaz Mahmud xatirələrini bölüşür.

"Deyirdi ki, çalışın özünüz olun, bir şeyə nail olmaq üçün bununn uğrunda axıracan davam edin. Ləyaqəti, insanlığı, şəxsiyyəti biz ondan öyrəndik".

Almaz Mahmud BBC News Azərbaycancaya müəlliminin onlara danışdığı xatirəsini də bölüşüb:

"Mayestro Niyazi ona zəng edərək bir uşağa qiymət yazmağı xahiş edir. Bu zaman Şirməmməd müəllim deyir ki, heç bir problem yoxdur. Onda mən də sənə bir tələbə deyim, sən də ona qiymət yaz. Mayestro Niyazi deyir ki, heç bir problem yoxdur. Nədən qiymət yazım? Şirməmməd müəllim deyir ki, tələbə kamança kursunda oxuyur, amma heç kamança da görməyib. Onda Mayestro Niyazi deyir ki, siz məni ələ salmısınız. Şirməmməd müəllim bizə deyirdi ki, o heç o uşağa da qiymət yazmayıb".

Almaz Mahmud əlavə edir ki, Şirməmməd müəllim heç kimə görə əqidəsindən dönmürdü.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Xatirə Hüseynova BBC News Azərbaycancaya deyir ki, Şirməmməd müəllim "mətbuat tarixinin canlı yaddaşı" idi.

"Şirməmməd müəllim haqqında nə demək olar ki? Onun ensiklopedik biliyi, onun dərin yaddaşı, Azərbaycan mətbuat tarixinin ən güclü araşdırmaçılarından idi. Onunla ünsiyyyətdə olanda mənə elə gəlir ki, faydalanmamaq mümkün deyildi. Təkcə dərs vaxtı deyil, dəhlizdə qısa söhbətlər zamanı da biz ondan nə qədər öyrənirdik".

BBC News Azərbaycancanın Facebook səhifəsində onun keçmiş tələbələri də xatirələrini bölüşüblər.

"Bizə dərs deyirdi jurnalistikadan, özü deyirdi ki, mən hər gün kitabxanaya gedirəm, 2-3 saat oxuyuram, sonra işimə gəlirəm, kişiliyi, mərdliyi, sözü bütövlüyü, hökmü universitetdə yalnız bu kişidə gördüm, məkanın cənnət olsun, dahi şəxsiyyət, gözəl insan, əvəzedilməz müəllim", Rəşad İbrahimov yazıb.