Ayasofyada ilk ibadətin vaxtı açıqlandı, səadət və pul arasında nisbi əlaqə araşdırılıb, dünyada koronavirusa yoluxanların sayı 12,5 milyona yaxınlaşır

Çap edildi

BBC News Azərbaycancanın xəbərlər xülasəsində: Ayasofyada ilk ibadətin vaxtı açıqlandı, səadət və pul arasında nisbi əlaqə araşdırılıb, dünyada koronavirusa yoluxanların sayı 12,5 milyona yaxınlaşır

Ayasofyada ilk ibadətin vaxtı açıqlandı

Ayasofya 24 iyulda müsəlmanlar üçün ibadətə açılacaq, Türkiyə lideri bəyan edib.

"Hazırlıqları sürətlə tamamlayaraq, Ayasofyanı 24 İyul 2020-ci il, cümə günü ibadət üçün açmağı planlaşdırırıq, - cümə günü axşam saatlarında İstanbuldakı Ayasofya muzeyinin məscidə çevrilməsini şərh edən prezident Recep Tayyip Erdoğan bildirib.

Muzey statusundan çıxmaqla, Ayasofya məscidinin pullu girişini də ləğv etdik. Bütün məscidlərimiz kimi, Ayasofyanın qapıları hamıya açıq olacaq, yerli və əcnəbi, müsəlman və qeyri-müsəlmanlar üçün. Bəşəriyyətin ortaq mirası olan Ayasofya, daha səmimi və daha orijinal bir şəkildə yeni statusu ilə hər kəsi qəbul etməyə davam edəcəkdir".

Türkiyə lideri muzey kimi fəaliyyət göstərən tarixi abidənin məscidə çevrilməsi ilə bağlı tənqidləri rədd edərək deyib ki, bu ölkəsinin suveren haqqıdır. Bundan əvvəl Türkiyə məhkəməsi Ayasofyanın 1934-ci ildə muzeyə çevrilməsi barədə qərarı qanunsuz tanıyıb.

1500 illik tarixi olan, Ayasofya kilsəsi İstanbulun fəthindən sonra məscid və 1930-cu illərdən etibarən muzey olub.

Ayasofyanın məscidə çevrilməsi prezident Erdoğanın mühafizəkar tərəfdarları arasında dəstəklənirsə, buna qarşı çıxan dünyəvi təbəqə də mövcuddur.

Qərarı tənqid edən Nobel mükafatı laureatı, yazıçı Orhan Pamuk "milyonlarla dünyəvi" türkün səsinin qulaqardı vurulduğunu deyib: "Mənim kimi milyonlarla dünyəvi türk buna qarşı çağırıb, amma onların səsləri eşidilməyib".

Türkiyənin qərarı beynəlxalq səhnədə qınaqla qarşılanıb. Ayasofyanın statusunun dəyişdirilməsi ilə bağlı "təəssüfləndiyini" bildirən YUNESCO "dərhal dialoqa çağırıb".

Dünyanın ən böyük pravoslav icmasına sahib, Rusiyanın Pravoslav Kilsəsi Türkiyədə qəbul edilən qərarın təəssüf doğurduğunu deyib.

Qərarı Yunanıstan da tənqid edib. Bu ölkənin mədəniyyət naziri Lina Mendoni addımı "sivil dünyaya qarşı aşkaranə təxribat" kimi dəyərləndirib.

Daha ətraflı oxuyun:

Xoşbəxtlik və pul arasında əlaqənin tədqiqi nəyi üzə çıxarıb?

Xoşbəxtliyi pulla almağın imkansız olduğu barədə yəqin ki, dəfələrlə eşitmişik. Amma bir sıra araşdırmanın nəticələrinə görə, gəlirin artması ilə yanaşı səadət hissi də güclənir.

2010-cu ilə aid bir araşdırmada iddia olunurdu ki, insanın illik gəliri 75 min dollara çatandan sonra, səadəti qavrama səviyyəsində artım dayanır. Lakin yeni tədqiqat belə həddin olmadığını iddia edir - ən azı əhalinin bəzi təbəqələri üçün.

Amerika psixologiya assosiasiyasının jurnalında dərc olunmuş təqiqata əsasən, xoşbəxtliyin maddi vəziyyətdən asılılığı artıb. Yəni, belə çıxır ki, hazırda pul əvvəlkindən daha çox səadət almağa qadirdir.

Dünya boyunca koronavirusdan yarım milyondan çox insan ölüb

Dünya boyunca koronavirusun yayılması davam edir. Ən son məlumata görə, 188 ölkədə 12 milyondan çox hadisə təsdiqlənib. Yarım milyondan çox insan ölüb.

Avropa və Şimali Amerikanın bəzi bölgələrində yoluxma dalğası bir qədər səngiməkdədir, lakin Latın Amerikası və bəzi Asiya ölkələrində artım müşahidə olunur.