You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Çində bubon taunu: o qorxuludurmu?
- Müəllif, Michelle Roberts
- Vəzifə, BBC News, Səhiyyə məsələləri üzrə redaktor
- Çap edildi
Çin hakimiyyətinə bubon taunu olduğu güman edilən hadisə barədə məlumat verilib. Xəstənin infeksiyaya necə yoluxduğu məlum deyil, lakin mümkün əlavə hallara görə ölkə hazırlıq vəziyyətinə gətirilib.
Taun bəşər tarixində ən ölümcül xəstəliklərdən biri sayılsa da, antibiotiklə çox asanlıqla müalicə oluna bilər.
Bubon taunu nədir?
Bəzi heyvanlarda, əsasən gəmiricilər və onların üzərindəki birələrdə yaşayan Yersinia pestis adlı bakteriyanın törətdiyi taun xəstəliyi potensial cəhətdən ölümcül infeksiyadır.
İnsanlar arasında ən yayğın olan taunun bubon formasıdır.
Bu xəstəliyə tutulanların qoltuq və ya qasıq nahiyəsindəki limfa düyünlərdə kəskin ağrı ilə müşayiət olunan şişlər - bubonlar formalaşır. Məhz bu xüsusiyyətə görə, xəstəlik bubon taunu adlandırılır.
2010-cu ildən 2015-ci ilə qədər dünyada 3248 yoluxma hadisəsi, o cümlədən 584 ölüm halı qeydə alınıb.
Tarixən xəstəlik Qara ölüm kimi də tanınıb. Bu, qanqren nəticəsində toxumaların ölümünə görə dərinin qaralması ilə əlaqədardır.
Necə inkişaf edir?
Adətən xəstəlik yoluxmadan 2-6 gün keçmiş inkişaf etməyə başlayır.
Bu vaxt limfa düyünləri şişir və onlar bəzən yumurta ölçüsünə qədər böyüyə bilər. Həmçinin, qızdırma, titrəmə, yorğunluq, baş və əzələ ağrıları kimi simptomlar müşahidə olunur.
Taun ağciyərlərə təsir göstərərsə, öskürək, döş qəfəsində ağrı və nəfəs almaqda çətinlik yarana bilər.
İnfeksiya qan dövranına da daxil ola bilər. Belə halda o, toxumanın zədələnməsi, orqan çatışmazlığı və ölümə səbəb ola biləcək sepsis törədə bilər.
Ona necə yoluxa bilərsiniz?
Infeksiyaya yoluxma yolları bunlardır:
- İnfeksiya daşıyan birənin dişləməsi;
- Siçovul və siçan kimi yoluxmuş heyvanlarla təmas;
- Yoluxmuş insan və ya heyvanların nəfəsi ilə havada yayılan damcılar;
Pişik və itlər bu infeksiyaya birə dişləməsi və ya yoluxmuş gəmiriciləri yeyərək yoluxa bilər. Taunu törədən bakteriya bədənə dəridəki kəsikdən də yol tapa bilər.
Çində taun infeksiyasını daşıya biləcək heyvanların ovlanması və yeyilməsinə qadağa qoyulub.
Taundan ölən şəxsin cəsədi ilə yaxın təmasda olan insanlar, məsələn onu dəfn üçün hazırlayanlar da infeksiyaya yoluxa bilər.
Taunun müalicəsi varmı?
Antibiotiklərlə dərhal müalicəyə başlamaq çox vacibdir. Uzun yubanma ölüm riskini artırır.
Qan analizi və digər nümunələrin istifadəsiylə qoyulan erkən diaqnoz xəstənin həyatını xilas edə bilər.
Yeni alovlanma və ya pandemiya ola bilərmi?
Taun dünyanın bir çox yerlərində mövcuddur. Son illərdə yoluxma hadisələri Madaqaskar və Konqo Demokratik Respublikasında qeydə alınıb.
Taun orta əsrlərdə kütləvi yayılsa da, xoşbəxtlikdən, bu gün baş verən hadisələrin əhatəsi kifayət qədər məhduddur.
“Çox yaxşı haldır ki, bu, erkən mərhələdə aşkarlanıb və ondan xəbər tutulub, çünki onu təcrid və müalicə etmək, habelə yayılmanın qarşısını almaq olar,” - Britaniyanın Southampton Universitetinin məsləhətçi mikrobioloqu, doktor Matthew Dryden deyir.
“Bubon taununun törədicisi bakteriyadır və Covid-19-dan fərqli olaraq, onu antibiotiklə müalicə etmək mümkündür. Buna görə də, Şərqdən gələn daha bir yoluxucu xəstəlik xəbəri narahatlıq doğursa da, söhbət asanlıqla müalicə olunacaq yeganə şübhəli haldan gedir”.