Həmkarlar arasında ən pisləri: can dostları və qatı düşmənlər – onlarla bir yerdə necə işləməli?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, David Robson
- Vəzifə, BBC Worklife
- Çap edildi
İş yoldaşlarımızla həm dost, həm düşmən ola bilirik, hətta bəzən "ikisi birində" də olur. İngilis dilində bu fenomenlə bağlı "frenemy" ("friend" - dost, "enemy" - düşmən) termini yaranıb. Ofis münasibətlərinin bu qeyri-müəyyən boz sahəsində nələr və niyə baş verir?
Bir çoxumuzun hər iş gününü bir az daha əyləncəli edən səmimi dostlarımız və səmimiyyətdə onlardan geri qalmayan düşmənlərimiz var. İkincilər nədənsə (və ya heç bir səbəb olmadan) həyatımızı maksimum zəhərləməyə çalışırlar. Bəs ortada yer tutanlar kimlərdir?
Bu tip həmkarlar iş yoldaşlarının şikayətlərini qayğıkeşliklə dinləyirlər, amma sonra da arxalarınca danışırlar.
Məsələn, biri sizi tənqid edəndə müdafiənizə qalxırlar, amma ortaq layihənizin uğurlarını heç çəkinmədən öz adlarına çıxa bilirlər. Onlar həm kömək edir, həm ziyan vururlar. Qısası, onlar "frenem"lər - "dost düşmənlərdir".
Əvvəllər psixoloqlar kollektivlərdəki münasibətləri ağ və qara rəngdə görməyə üstünlük verirdilər. Amma son illərin araşdırmaları göstərir ki, "dost düşmənlərin" də sayı kifayət qədər çoxdur və bizim ovqatımıza, davranışımıza və səhhətimizə təsəvvür ediləndən daha çox təsir edə bilirlər.
Bu məqamları nəzərə almağı öyrənsək, iş yoldaşlarımızla daha yaxşı münasibətlər qura və stresdən uzaq ola bilərik.
"Yaxşı, pis, qəddar"
Dostluğun faydaları haqqında çox sayda elmi ədəbiyyat var. Yaxın çevrədəki insanlarla yaxşı münasibətlər özünə inam hissini artırır, problemləri daha asanlıqla həll etməyə kömək edir, fiziki və psixi pozuntuları və hətta erkən ölüm riskini də azaldır.
Təəccüblü deyil ki, pis münasibətlər əks effekt verir. Elə hey xətrimizə dəyən iş yoldaşlarımızla və doğmalarımızla ünsiyyət sağlamlığımıza ziyan vurur.
Amma son on ildə alimlər bizə bu gün dost, sabah düşmən (və ya əksinə) olan insanların həyatımıza təsirini araşdırmağa başlayıb. Eksperimentlərdən birində iştirakçılarından xahiş olunub ki, bu və ya digər tanışlarıyla münasibətlərin mənfi təsirini 6 ballıq şkala üzrə qiymətləndirsinlər.
Məlum olub ki, hər bir insanda tanışlar 3 qrupa bölünür. ABŞ-ın Brigham Young Universitetinin psixologiya və nevrologiya üzrə professoru Holt-Lunstad müəyyən edib ki, pozitiv təsir edən dostları insanlar 2 balla, neqativ təsir edənləri 1baldan çox olmayaraq qiymətləndirirlər. Düşmənlərə münasibətdə isə bunun tam əksidir. Hər iki kateqoriya üzrə iki və ya daha çox bal toplayanlar ambivalent şəxslərdir.
Bu qiymətləndirməyə əsaslanan Holt-Lunstad və digər araşdırmaçılar "dost düşmənlərlə" münasibətlərin digərlərindən nəylə fərqləndiyini müəyyən edə biliblər. Sadəlövhlüklə yanaşsaq, bunun sıfır effekti verdiyini,fayda və zərərin bir-birini tarazladığını düşünə bilərik. Amma bu belə deyil.

Şəklin mənbəyi, Getty Images
Holt-Lunstad 10 il boyu davam edən çoxsaylı eksperimentlər nəticəsində aşkar edib ki, "dost düşmənlərlə" ünsiyyət stres yaradır və ürək-damar xəstəlikləri riskini artırır.
Problem həmin şəxslərlə münasibətin proqnozlaşdırıla bilinməməsindədir. Bu gün adam sizi tərifləyir və dəstəkləyir, sabah nə edəcəyi isə məlum deyil. Sanki siz daim onun seçimindən asılı vəziyyətdə olursuz.
Qəfil düşmənçilik və ya biganəlik aşkar düşmənlərin hərəkətlərindən daha çox yaralayır.
Holt-Lunstad hesab edir ki, "dost düşmənlərin" sayı təxminən həqiqi dostların sayı qədərdir və bu, hamıda belədir. Professor sosioloq və psixoloqların bunu diqqətə almamasına təəccüblənir.
"İnsan münasibətlərində keyfiyyətin vacibliyini hər kəs qəbul edir, amma bu münasibətləri birmənalı olaraq yaxşı və pis qiymətləndirməyə davam edirlər. Qarışıq tipli əlaqələrin sağlamlığa və rifaha təsiri nəzərə alınmır" - professor belə deyir.
"Dost düşmənlər" iş yerində
"Dost düşmənlər" fenomeni kifayət qədər araşdırılmayıb, bu fenomenin ofis siyasətində rolu isə ümumiyyətlə öyrənilməyib. Belə vəziyyət təəssüf doğurur, çünki peşələrin çoxu məhz bu tip münasibətlərin yaranmasına və inkişafına şərait yaradır.
Şimali Carolina Universitetinin dosenti, əmək kollektivlərindəki atmosferləri araşdıran Shimul Melwani deyir ki, təşkilatlar insanları işdən kənarda ünsiyyət saxlamayacaqları şəxslərlə bir yerdə çalışmağa məcbur edirlər:
"Rəqabət də neqativi artırır. Siz həmkarınızı çox xoş insan hesab edib onunla məmnuniyyətlə bir qədəh konyak içə bilərsiz. Amma gözaltı etdiyiniz vəzifəyə onun da can atmasını satqınlıq kimi qiymətləndirirsiz".
"İnsanlar karyera baxımından həmkarlarını üstələmək və eyni zamanda onlarla yaxşı münasibətdə olmaq istəyirlər. Prinsipcə, bu normaldır" - Pensilvaniyadakı Lehigh Universitetinin menecment üzrə dosenti Naomi Rothman belə deyir.
2021-ci ilin sentyabr ayında Melwani və Rothman bu proseslərin dinamikasına həsr olunmuş birgə araşdırmalarının nəticələrini dərc ediblər.
Eksperimentlərin birində onlar iştirakçılardan xahiş ediblər ki, tanış olmayan insanların suallarına cavab versinlər, o cümlədən, ən çox fəxr etdikləri uğurları haqda danışsınlar. Psixoloqların təbirincə desək, belə tez-bazar dostluqların insanlar arasında emosional bağ yaratması bilinən faktdır.

Şəklin mənbəyi, Getty Images
Az sonra ekspertlər təcrübə prosesini qəlizləşdiriblər. İştirakçıların üçdə birinə təklif olunub ki, pozitiv ovqatı qoruyub saxlasınlar, yəni bir-birilərinin xasiyyətində bəyəndikləri məqamları vurğulasınlar. Digər üçdə birdən isə situasiyaya neqativ yanaşmaq, yəni bəyənmədikləri şeyləri danışmaq istənib. Yerdə qalanlarsa qrupdakı partnyorlarının nailiyyətlərini qiymətləndirməli və oyuna rəqabət elementi qataraq öz uğurlarıyla müqayisə etməliydilər.
Nəhayət, iştirakçıların hər birindən işlədiyi təşkilat haqqında qısa məlumat yazmaq, onun partnyorundansa həmin mətni redaktə edib müəllif haqqında birini ona, digərini isə konfidensial olaraq psixoloqlara vermək şərtilə, iki rəy yazmaq istənib.
Gözləndiyi kimi, birinci qrupun həmişə pozitiv şeylər danışan üzvləri sonda bir-birini tərifləməyə, ikinci qrupun üzvləri tənqid etməyə meylli olublar. Rəqabət atmosferli üçüncü qrupda isə iştirakçılar bir-birilərinə qarşı qarışıq hisslər formalaşdırıblar.
Öz növbəsində bu onların davranışına da təsir edib. Rəqib olmağa məcbur edilən "dost düşmənlər" aşkar dostlar və aşkar düşmənlərlə müqayisədə başqalarının mətnlərini daha aktiv şəkildə redaktə ediblər.
"Bu şəxslər onlardan xahiş ediləndən daha çox irəli gediblər" - Melwani belə deyir.
Həmin qrupda ən çox fərq yazılı rəylər arasında olub. Qrupun üzvləri bir-birinin üzünə xoş sözlər söyləsələr də, təşkilatçılara yoldaşlarının reputasiyasını qaralayan şeylər deyiblər.
Nə üçün bir-birinə çox da xoş duyğular bəsləməyən insanlar başqalarının mətnlərini yaxşılaşdırmağa xüsusi səy göstərməyiblər? Yəqin ki, onlar üçün fərqi olmadığına görə.
"Dost düşmənlərin" xoş niyyət və obyektivlik nümayiş etdirmək istəyi də anlaşılandır. Amma nə üçün onlar bu məsələdə "dostları" - əslində əməkdaşlığa meyl göstərməli olan şəxsləri də üstələyiblər?
Melwani bu fenomeni "dost düşmənlərdəki" daxili narahatlıq vəziyyətilə izah edir. Onlar başqasının mətnini xüsusi canfəşanlıq və səmimiyyətlə yaxşılaşdıraraq hiss etdikləri qıcıq və narahatlığı (ola bilsin, partnyor bunları haqq etmədiyi halda) üstələməyə və təşkilatçıların gözündə daha yaxşı görünməyə çalışırlar.
Başqa bir eksperimentdə Melwani və Rothman detallı sorğu vasitəsilə pərakəndə satış sektorunda çalışanların öz həmkarlarına münasibətini öyrəniblər. "Dost düşmənlərdən" izolə olunmağı arzulamayan, əksinə, onlarla yaxınlaşmağa çalışan insanlar bu şəxslərə həm kömək etməyə, həm də mane olmağa xüsusilə meylli olublar.
Başqa sözlə, pozitiv niyyətlər qeyri-müəyyən münasibətlərin hər iki komponentini gücləndirir.
"Bu, ambivalentlikdən xəbər verir" - Melwani belə deyir.
Dağıntıları təmizləmək
O qeyd edir ki, menecerlər bu eksperimentlərin nəticələrinə diqqət etməlidirlər. Rəhbərlər əməkdaşlar arasında ziddiyyətli münasibətlər yaradan rəqabətin dərəcəsini azaltmalı və əməkdaşlıq mühiti yaratmalıdırlar.
Melwani sıravi işçilərə də məsləhəti var - partnyorlar arasında ünsiyyətin mürəkkəb psixologiyasını daha yaxşı dərk etmək onlarla düzgün münasibətlər qurmağa yardım edə bilər.
İnsanların yaddaşı zəifdir, "dost düşmənlərə" qarşı münasibətləri onların konkret əməlllərindən asılı olaraq kəskin dəyişə bilir. Buna təəccüblənmək lazım deyil. Əksinə, "dost düşmənçiliyin" normal və uzunmüddətli hal olduğunu bilmək, belə insanlarla ünsiyyətin müsbət və mənfi tərəflərini düzgün qiymətləndirmək, onların sayğısından və mehribanlığından daha az asılı olmaq lazımdır.
Melwani və Rothmanın araşdırmalarındakı bir bəndi xatırlayaq - biriylə mütləq yaxınlaşmaq istəyi ambivalentliyi gücləndirir. Kiminləsə ünsiyyətiniz sizin üçün yükə çevriləndə gözləntilirənizdə daha realist olmalısız və bu zaman həmin şəxsi həyatınızdan tamamən çıxarmaya da bilərsiz.
Bəzən kimdənsə sizə heç vaxt dost olmayacağı fikriylə barışmaq lazımdır, amma hər halda, onunla ünsiyyəti davam etdirməyə dəyər - bunu xeyli uzaq məsafədən etmək şərtilə.




























