“Qaydalar onları pozmaq üçündürmü?" Qadağalarsız dünyada yaşamaq necə olardı?

    • Müəllif, Nick Chater
    • Vəzifə, BBC Future/The Conversation
  • Çap edildi

Bəzən biz heç bir qayda-qanunun olmadığı dünya arzulayırıq, düşünürük ki, belə dünyada yaşamaq çox rahat olardı. Doğrudanmı belədir?! Qaydalar bizim həyatımızı çətinləşdirirmi?

Londonlu oxucumuzun sualına davranış elmləri üzrə ekspert cavab verir.

"Artıq 30-a yaxın yaşım var və getdikcə daha çox hiss edirəm ki, qaydalar mənim azadlığımı məhdudlaşdırır. Eskalatorda sağ tərəfdə dayanmağın, skeybord sürməyin qadağan olunmasından tutmuş, cəmiyyətin həyatımı nizamlamağa çalışdığı yazılmamış qanunlarına qədər - ciddiləşmək, ev almaq, ailə qurmaq... Bütün bu qaydalar bizə lazımdırmı? Nə üçün mən onlara əməl etməliyəm? Qaydaları vecimizə almasaq, nə baş verər ki?"

Will, 28 yaş, London

İstər yazılmış, istərsə də yazılmamış qanunların həyatımızdakı despotik mövcudluğunu zaman-zaman hamımız hiss edirik.

İctimai yerlər, təşkilatlar, qonaqlıqlar, insanlar arasındakı münasibətlər və hətta təsadüfi söhbətlər norma və məhdudiyyətlərlə doludur. Elə təəssürat yaranır ki, hər addımımız diqtə olunur.

Belə qəribə qaydalardan bəziləri:

- qədim binaların rekonstruksiyasına qoyulmuş qadağa bəzən o qədər ciddi olur ki, ümumiyyətlə heç bir təmir işi görmək olmur və nəticədə binalar dağılıb gedir;

- yeni meşə massivlərinin salınması imkanlarının ekoloji qiymətləndirilməsi o qədər sərt olur ki, ağac əkmək faktiki olaraq mümkünsüzləşir;

- yeni dərmanların hazırlanması qaydaları o qədər ciddi ola bilir ki, qiymətli bir preparat hazırlamaqdan vaz keçmək lazım gəlir.

Düşünəndə ki, qanunların azadlığımızı məhdudlaşdırır, etiraz edir və deyirik ki, "Qaydalar onları pozmaq üçün mövcuddur".

Ancaq davranış elmləri üzrə mütəxəssis olaraq mən günahın bütün qaydalarda, norma və ənənlərdə yox, əsası olmayanlarda olduğunu düşünürəm. Ola bilsin, burda ən vacib və ən çətin məsələ onlar arasındakı fərqi anlamaqdır.

Əvvəlcə heç bir qaydanın olmadığı dünyanı təsəvvür etməyə çalışaq.

Bizim orqanizmimiz təbiətin onun üçün müəyyənləşdirdiyi qaydalardan kənarda mövcud ola bilməz.

Davam edək. Mən bu sətirləri yazanda ingilis dilinin qaydalarına əməl edirəm.

Ola bilsin ki, mənə böyük ilham gələn anlarda bütün qaydalardan vaz keçmək fikrinə düşüm. Ancaq bu linqvistik azadlıq mənə nə verəcək, fikirlərimə də azadlıq gətirəcəkmi?

Bəzi yazıçılarda bu alınıb: məsələn, Lewis Carroll-da, onun "Alisa möcüzələr diyarı" povest-nağılındakı "Barmaqlot" şeirində.

Həmin şeiri bəyənənlər həmişə olub - əvvəllər də, indi də. Ancaq mən bu məqalədə dilin qaydalarından tamamilə imtina etmiş olsaydım, çətin ki, bu məni daha azad adama çevirərdi. Əksinə, mətn əlaqəsiz, mənasız bir şeyə çevrilərdi.

Bayron şəxsi həyatında bütün mümkün qaydaları pozmasıyla məşhurlaşmışdı, ancaq əsərlərində ölçü və qafiyələri ciddi şəkildə qoruyurdu. Hər cür qadağanı darmadağın edən sevgidən yazanda belə, ənənəvi şeir stilinin çərçivələrindən kənara çıxmırdı. Buna görə də onun poetik fikriləri daha ifadəli səslənirdi.

Yadımıza salaq ki, idman yarışları və oyunları da müəyyən qaydalara əsaslanır, baxmayaraq ki, məqsəd sadacə əylənməkdir.

Şahmat taxtasında şahımı mat təhlükəsi gözləyəndə topun at gedişi edə bilməməsi məni qəzəbləndirə bilər. "Oyundankənar vəziyyət" qaydasını lənətləyən futbol azarkeşi də eyni hissləri yaşayır.

Ancaq qaydalar olmasaydı, həm şahmat, həm də futbol formasız və məzmunsuz bir şeyə çevrilərdi. Qaydasız oyun - oyun deyil.

Gündəlik həyatımızın qaydaları da belədir. Onlar bizə hansı "gedişlərin" mümkün, hansıların qeyri-mümkün olduğunu nişan verir.

Hansısa uşağa "zəhmət olmasa" və "xahiş edirəm" sözləri zəhlətökən görünə bilər. Ancaq bizim ortaq şəkildə formalaşdırdığımız davranış üsulu həyatımızın daha rahat olmasına, cəmiyyətdə münasibətlərin tənzimlənməsinə kömək edir.

Maşını küçənin bu və ya digər tərəfi ilə sürmək, qırmızı işıqda dayanmaq, zibili yerə atmamaq, itimizin nəcisini küçədən toplamaq və sairə kimi məsələlər də həmin kateqoriyaya aiddir. Bütün bunlar harmonik cəmiyyətin əsas tərkib elementləridir.

Əlbəttə, belə vəziyyət bəzi insanları qıcıqlandıra bilər. Onlar formallığın daha az olduğu, hökumətsiz, hər şeyi şəxsi azadlıqların həll etdiyi cəmiyyətdə yaşamaq istəyirlər.

Buna anarxiya deyilir.

Ancaq məsələ burasındadır ki, anarxiya mahiyyətcə sabit olmayan vəziyyətdir: davamlı olaraq və kortəbii şəkildə ünsiyyət, davranış və iqtisadi mübadiləylə bağlı yeni qanunlar icad etmək insanlara xas xüsusiyyətdir. Köhnə qaydalar ləğv olunandan dərhal sonra insanlar yenilərini yaradırlar.

Yenidən idmana qayıdaq.

Başlanğıcda oyun donuzun maral dərisiylə üzlənmiş sidik kisəsini təpiklə kəndin bir başından o biri başına atmaqdan ibarət ola bilirdi. Komanda anlayışı çox qeyri-müəyyən idi, oyunda zorakılıq baş alıb gedirdi.

İki yüz il keçəndən sonra o, bütün detalların qeyd olunduğu qaydalar toplusu ilə idarə edilən futbol oyununa çevrildi. Hətta insanlar həmin qaydalara nəzarət edən beynəlxalq təşkilatlar yaratdılar.

Amerikalı politoloq və iqtisadçı, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı (2009) Elinor Ostrom insanların torpaqdan, sudan və digər təbii resurslardan birgə istifadəsi zamanı kortəbii şəkildə qaydaların yaranması fenomenini araşdırıb.

O aşkar edib ki, insanlar mütəmadi olaraq yeni qaydalar icad edirlər - məsələn, otlağa nə vaxt, harda və neçə heyvan çıxarmaq olar; kimə nə qədər su düşür və hamıya çatmırsa, nə etmək lazımdır; kim nəyə nəzarət edir və mübahisəli situasiyalar hansı qanunlar vasitəsilə həll olunur.

Belə qaydalar yuxarıdan göndərilmir, onları yazan hökumətlər deyil, aşağılarda və insanların öz ehtiyaclarına əsasən - təsərrüfatın birgə idarə olunması və normal ictimai və iqtisadi münasibətlərin qurulması zərurətindən yaranır.

Boğucu, ədalətsiz və ya sadəcə mənasız qaydaları dəyişmək arzusu tamamilə anlaşılandır. Ancaq bəzi qaydalar və bizim onlara əməl etmək meylimiz olmasaydı, cəmiyyət çox tezliklə cəhənnəmə çevrilərdi.

Ona görə də sosioloqların bir çoxu bizim qaydalar yaratmaq və onların icrasına nəzarət etmək istəyimizi ictimai və iqtisadi həyatın əsası olaraq qiymətləndirirlər.

Belə görünür ki, qaydalara bağlılıq ancaq insanlara xas xüsusiyyətdir. Əlbəttə, canlıların bir çoxunun öz ritualları var - məsələn, bəzi quşlardakı nikah rəqsləri. Ancaq bunlar DNT-yə "yazılmış" qaydalardır, yəni quşların əvvəlki nəsilləri tərəfindən hazırlanmayıb.

İnsanlar qayda müəyyənləşdirib əməl etməyənləri cəzalandırmaqla onun icrasını təmin edirlər, amma şimpanzelər belə davranmır. Yeməyi oğurlanan meymun aqressiv reaksiya nümayiş etdirə bilər, amma bu primatlarda oğrunu nümayişkaranə şəkildə cəzalandırmaq adəti yoxdur - hətta zorakılığa məruz qalan ən yaxın qohumlarından biri olsa belə.

Bundan başqa, insanlar qaydalara əməl etməyə çox erkən yaşlarından başlayırlar. Təcrübələr göstərir ki, hətta 3 yaşlı uşaqlar da hansısa oyun üçün öz qaydalarını yarada bilirlər.

Üstəlik, təcrübəçinin idarə etdiyi oyuncaq gəlincik qaydaları pozanda, uşaqlar "Sən düz etmirsən!" deyə onu tənqid də edirlər, hətta gəlinciyə düzgün davranış öyrətməyə şalışırlar.

Həyatın qaydalarla idarə olunması, deyəsən, doğrudan da bizim DNT-mizdə "qeyd olunub". Qaydalara əməl etmək və onların icrasına nəzarət etmək bacarığı insanın bir növ olaraq uğur qazanmasında həlledici rol oynayır.

Əgər biz hər dəfə yolun hansı tərəfiylə getmək və ya nə üçün "sağ ol" demək lazım gəldiyini düşünməli olsaydıq, beynimiz qızar və daha işləməzdi.

Bunun əvəzinə biz çox sual vermədən mürəkkəb dil və davranış normalarını öyrənmək qabiliyyətinə sahibik - sadəcə bunları artıq mövcud olan qaydalar olaraq qəbul edirik - "belə lazımdır" deyə.

Ancaq bu məsələdə ehtiyatlı olmağımız lazımdır - bütün bunlar çox asanlıqla tiranlığa çevrilə bilir.

İnsanlarda özünün düz bildiyi şeyləri başqalarına da icra etdirmək kimi güclü bir istək var. Bəzən onlar bunu qəddar və despotik şəkildə həyata keçirirlər: başqalarının orfoqrafik və stilistik səhvlərini nümayişkaranə şəkildə üzə vururlar; nəzarət edirlər ki, kilsədə kişilərin başı açıq, qadınların başı örtülü olsun; himn səslənəndə hamı ayağa qalxsın. Belələri öz hərəkətlərini əsaslandırmağa ehtiyac belə hiss etmirlər.

"Biz hamımız belə edirk" deyimi ilə "Biz hamımız belə etməliyik" deyimi arasında bərabərlik işarəsi qoymaq etika baxımından səhv olsa da, bu, insan psixologiyasında özünə dərin yer etmiş məqamlardan biridir.

Təhlükəli məqamlardan biri də qaydaların fetişləşdirilməsidir: insanlar kortəbii qaydalara əməl edilməsinə o qədər aludə ola bilirlər ki, hamıdan onların icrasını tələb edir və cəzayla hədələyirlər.

Buna ən çox siyasi ideoloqlarda və dini fanatlarda rast gəlinir. Ancaq repressiv rejimlər, aqressiv rəhbərlik və despotik partnyorlar da belə davranırlar: qaydalara əməl olunmalıdır, çünki bunlar qaydalardır!

Üstəlik, qaydaların tənqidi və onların icrasını təmin edə bilməmək (məsələn, kiməsə düzgün geyinmədiyini deməmək) də cəza tələb edən əməl kimi qiymətləndirilir.

Bundan başqa, bir də "sürünən qaydalar" var: onlar elə hey genişlənir və nəticə etibarilə şəxsi azadlıqlarımızın sərhədləri getdikcə daha çox daralır.

Planlaşdırma məhdudiyyətləri, texniki təhlükəsizlik qaydaları və risk qiymətləndirmələri durmadan çoxalır və bu, əvvəldən nəzərdə tutulmamış həddə qədər böyüyə bilər.

Cəhənnəmə gedən yol təkcə xoş niyyətlərlə döşənməyib. Bu yolun kənarlarında həmin niyyətləri nizamlayan qaydalar "uzanıb".

Həm insan, həm də bütövlükdə cəmiyyət qaydalara əməl edilməsiylə bağlı sonu olmayan bir savaşda iştirak edir.

Bəli, siz eskalatorda sağ tərəfdə durmaqla, başqalarının işə tez çatmalarına yardım edə bilərsiz. Ancaq heç bir faydası olmayan razılaşmalara diqqətlə və ehtiyatla yanaşın - ən çox da cəzalandırmağa, qınamağa, diskriminasiyaya yardım edənlərinə qarşı.

Qaydalar və zəruri nəzarət bizim razılığımıza əsasən mövcuddur. Razılıq vermədiklərimiz isə tiranlıq üçün silaha çevrilə bilər.

Ona görə də ən yaxşı məsləhət budur: ümumən qaydalara əməl etməyə çalışın, amma həmişə də "nə üçün" sualını verin.

***

Bu məqalə BBC Future müxbirlərinin Conversation saytı ilə birgə işlədiyi "Əsl həyat sualları" seriyasındandır.

Məqalənin orijinalını BBC Future saytında ingilis dilində oxuya bilərsiniz.